23 
Sen
2020
15:57
410
21
7239
Virtual karabakh

Ayaqları ilə rəsm çəkən qız: “Bir gün mən də gəlinlik geyinəcəm?” - MÜSAHİBƏ

23 Sen, 2020
15:57
7239

Ayaqları ilə rəsm çəkən qız: “Bir gün mən də gəlinlik geyinəcəm?” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Budəfəki müsahibimizin səsini eşitməsənizdə, üzünü görmüsünüz. Rəsm sərgilərində yaratdığı gözəl əsərlərin yanında dayanan, böyük sevinc hissi ilə əsərlərini insanlara təqdim edən qızı xatırlayırsınız? Bəli, bu dəfə Samirə Salmanovanın qonağıyıq. Hər zaman gözəl əl qabiliyyəti ilə seçilən Samirəyə anadangəlmə serebral iflic diaqnozu qoyulub. I qrup əlillik dərəcəsi olan Samirə Salmanova rəsmləri əli ilə deyil, ayaqları ilə çəkir.

Samirə Salmanova 1981-ci ildə anadan olub. Ailənin ilk övladı olan Samirə nə danışa, nə də əlləri ilə özünü idarə edə bilir. Gələcəyimizdən xəbərdar idi. Anası Faiqə xanım deyir ki, eşidəndə ki, onun üçün gəlmişik çox sevinib. Qırmızı rəngdə olan sevimli köynəyini geyinib, saçlarını səliqəyə saldırıb və bizi gözləyib. Qırmızı rəngə aşiq olan Samirə rəsmləri ilə çoxlarını özünə aşiq etməyi bacarır.

Oxu.Az ayaqları ilə rəsm çəkən azərbaycanlı Samirə Salmanovanın anası Faiqə Salmanova ilə həmsöhbət olub. Faiqə xanım deyir ki, Samirə ən çox ona etibar edir, sözlərini, istəklərini ən çox anasına deyir. O, demək istədiyi fikirləri, təəssüratlarını gözləri, jestləri ilə ifadə edir:

- Necə oldu ki, Samirə rəsm çəkmək istədi?

- Qardaşı məktəbə gedirdi. Onun üçün rəngli qələmlərlə albom almışdım. Oğlum rəsm çəkəndə gördüm ki, Samirə də maraqla kənardan baxır. Həmişə deyirdim ki, qızım əllərini istifadə edə bilmirsən, necə rəsm çəkəcəksən? Çox istədiyi üçün ona da albom, rəngli qələmlər aldım ki, çəksin. İlk dəfə görəndə heyrətə gəldim. Samirə rəngli qələmi ayaq barmaqlarının arasına qoyub albomda rəsm çəkməyə başladı. İlk vaxtlarda cızma-qara edirdi. Sonra yavaş-yavaş gördüm ki, Samirənin istedadı var. Qardaşından da qəşəng şəkillər çəkir. Artıq yavaş-yavaş daha gözəl əsərlər çəkməyə başladı. Sonra sərgisi keçirildi. Samirə ilə mətbuatdan maraqlandılar, çəkilişlər etdilər.

1997-ci ildə əlillərin III ümumrespublika sərgisində onun işləri nümayiş olunduqdan sonra Samirə, tamamilə dəyişdi. Bu görüş Samirəyə özünə güvən verdi. Çünki o zaman prezident Heydər Əliyev Samirə ilə şəxsən görüşdü. Sərgidə Heydər Əliyev əlini uzadıb Samirə ilə görüşmək istədi. Amma Samirənin əlini işlədə bilmədiyini görəndə, özü də pis oldu. Dərhal alnından öpüb, başını sığalladı. Heydər Əliyevlə görüşü, onun başını sığallaması bu günədək Samirəyə ən böyük motivasiyadır. Qızımda özünəgüvən yaratdı.

- Samirənin ilk çəkdiyi rəsm nə olub?

- Suda üzən ördək şəkli çəkmişdi. Onu hardasa görməmişdi. Mən təxmin edirəm ki, dərsliklərdən görüb çəkib.

- Ən sevdiyi rəsmi hansıdır?

- Samirə bütün rəsmlərini o qədər çətinliklə çəkir ki, hər biri onun üçün əzizdir. Baxın, bütün rəsmlərini çərçivəyə salmışıq. Çirklənməsin deyə üzərinə şəffaf örtük çəkmişik. Samirə əsərlərinə qarşı həssas yanaşılmasını çox sevir.

Anası deyir ki, Samirənin bütün arzuları qəlbində qalıb. Çəkdiyi rəsmlərin əksəriyyəti gözəl qızlar, qırmızı libaslı gəlinlərdir…

“Hərdən mənə deyir ki, ana bir gün mən də gəlinlik geyinəcəm?...”

Biz danışdıqca Samirə yanımızda gözləri ilə öz hisslərini ifadə etməyə çalışırdı…Gülüşü isə nəyə desəniz, dəyərdi… Samirəgil doqquzmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırlar. Əlil arabasında olduğu üçün tez-tez hava almağa çıxa bilmir. Pilləkənləri düşmək ona çox çətinlik yaradır. Həyat dolu bu qız cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayır. Onun bizə necə baxdığını təsvir etməkdə çətinlik çəkirəm. Sanki gözlərinin içi gülürdü, dayanmadan bir nəfəsə danışan uşaqlar kimi bizimlə söhbət etmək istəyirdi.

- Faiqə xanım, Samirə sizsiz qala bilirmi?

-Mənə çox bağlıdır. Darıxır. Gəlinimiz Samirənin əziyyətini çox çəkir, mənə dəstək olur. Amma Samirə mənimlə, mən də onunla nəfəs alıram. O darıxır deyə heç vaxt evdən kənarda qalmıram. İstəyir ki, hamı onunla maraqlansın, hamı onu sevsin, əzizləsin. Biz Samirəni o qədər qayğı ilə böyütmüşük ki, öyrəşib.

- Samirə nəyi sevmir?

- Küskünlüyü, soyuq münasibəti sevmir. Səliqəsizlik olanda əsəbləşir. Səmimiyyəti, mehribanlığı sevir deyə, kimdənsə əksini görəndə əsəbiləşir.

- Samirənin çəkdiyi rəsm əsərləri kifayət qədər uğurlar qazanıb.

- Samirənin artıq 39 yaşı var. Rəsmləri dəfələrlə müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. 1997-ci ildə Əlillərin III Ümumrespublika Yaradıcılıq Sərgisinə qatılıb. Daha sonra Əlillərin V Ümumrespublika Yaradıcılıq Sərgisinə təqdim etdiyi əsəri üçüncü yerə layiq görülüb. Samirənin əl işləri Moskvada Beynəlxalq “Filantrop” fondu tərəfindən təşkil edilən sərgiyə göndərilib. Burada da onun əsərləri III yerə layiq görülüb və mükafatlandırılıb. 2003-cü ildə isə onun rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində “Konoko Filips” neft şirkətinin ofisində təşkil olunan sərgidə nümayiş etdirilib.

Həmin sərgidən üç il sonra İstanbulda əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgi keçirildi. Samirənin çəkdiyi əl işi birinci yerə layiq görüldü. Samirə qazandığı uğurlarına görə, inanılmaz dərəcədə sevinir. Yeni rəsm əsərləri yaratmaq üçün internetdə mənzərələrə baxır. İmkanımız olduqca onu rayonlara gəzməyə aparırıq. Orada gördüyü təbiət mənzərəsini yaddaşına həkk edir, daha sonra evdə rəngli boyalarla həmin mənzərənin rəsmini canlandırmağa çalışır. Samirə çox həssas insandır, biz ailədə Samirəyə xüsusi diqqət ayırırıq. Ondan ailə qayğısını heç vaxt əsirgəmirik.

- Samirənin hazırda neçə rəsm əsəri var?

- Təxminən 60-dan çox rəsm əsəri çəkib. Ən çox portret və təbiət janrına üstünlük verir. Samirənin çox sayda əsəri indiyədək keçirilmiş müxtəlif sərgilərdə satılıb. Ona görə, əlimizdə qalan əsərlərin sayı çox azdır.

- Bəs bu rəsmləri çəkməzdən qabaq haradan ilham alır?

- Samirə gün boyu evdə olanda kompyuterlə, planşetlə internetdə gəzir. Şəkillərə, seriallara baxır, diqqətini çəkən hər şeyin rəsmini yaratmağa başlayır. Samirə rəsm mövzusunda çox həssasdır. Çəkdiyi əsərləri ilk olaraq mənə göstərir və bəyənib-bəyənmədiyimi soruşur. Bir dəfə çəkdiyi rəsmə “belə olsa idi, daha yaxşı olardı” dedim, rəsmdən küsdü. Səhər isə gördüm ki, o rəsmi atıb kənara, heç üzünə də baxmır.

- Bir rəsmi çəkmək üçün nə qədər vaxt sərf edir?

- Samirə ayaqları ilə çəkdiyi üçün çox vaxt sərf edir. Elə rəsm var bir həftə, bir ay, elə rəsm var ki, daha çox zaman alır. Hələ yarımçıq qalan əsərləri də var. Nə qədər deyirəm, tamamlamaq istəmir.

- Faiqə xanım, Samirə ilə bağlı üzvü olduğu cəmiyyətlərdən maraqlanırlarmı?

- Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin üzvüdür. Əvvəllər Samirəni tez-tez axtarardılar, soruşardılar. Son iki il ərzində sanki unudublar. Yada salmırlar. Bu da onun ürəyinə toxunur. Pandemiya ilə bağlı isə bir dəfə köməklik məqsədilə bağlama göndərildi. Ümumi heç kim Samirənin nə etdiyi barədə xəbər almır.

- Pandemiya dövründə Samirənin çəkdiyi yeni rəsmlər olubmu?

- Bir müddətdir ki, Samirə rəsmdən də küsüb. Heç nə çəkmir. Sanki marağı qalmayıb. Pandemiya onu daha da darıxdırıb. Evdən çıxa bilmədiyimiz vaxtlarda pəncərədən küçədən gedib-gələnlərə baxırdı. Heç bir rəsm çəkməyib. Axırıncı əl işləri yağlı boya ilə olub. Onların da bir neçəsini hədiyyə etmişik, bəziləri isə satılıb. Sonuncu qalan rəsmi budur.

- Bu gün Samirəni ən çox narahat edən məsələ nədir?

- Samirəni həvəsdən salan, arzularının ürəyində qalmasıdır. Ən böyük arzularından biri özünə aid bir otağının olmasıdır. O da imkanımız yoxdur. Yeddi nəfər bir evin içərisində sıxıla-sıxıla yaşayırıq. Samirənin hərəkət etməsi üçün şərait yoxdur. Əlimizdən də heç nə gəlmir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Ev məsələsi ilə bağlı bizə köməklik göstərilməsini istədik, amma hələ ki, bir cavab gəlməyib. Çox ümid edirəm ki, sizin vasitənizlə bizim səsimizi eşidərlər, Samirənin bütün arzuları ürəyində qalıb, heç olmasa öz otağının ola biləcəyi evimiz olsun.

- Samirənin ən sevdiyi rəng hansıdır?

- Samirə qırmızı rəngi çox sevir. Onun öz zövqlü, rəngarəng dünyası var. Özü üçün qurduğu dünyada düşündükləri, hiss etdikləri onu ayaqda saxlayır. Mən həmişə düşünürdüm ki, uşaqdır, bəlkə sağalar, ayağa qalxar. Amma Allah hər kəsə bir həyat yolu yazır. Samirə də sağalıb ətrafdakı insanlar kimi hərəkət etmək, işə gedib-gəlmək istəyir.

Müsahibə boyu Samirə gözlərini bizdən çəkmirdi… Xoşuna gələn sözlərə, fikirlərə gülərək, xoşuna gəlməyən məsələlərə isə ciddi baxışlarla reaksiya verirdi. Üzündə hər zaman gülüş olsun deyib, Samirə ilə sağollaşdıq…

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri