30 
Dek
2020
14:36
643
14
13431
Virtual karabakh

Hadrutda divara internat məktəbi yazan əsgər: “Hər kəs öz evini yazırdı... ” - MÜSAHİBƏ

30 Dek, 2020
14:36
13431

Hadrutda divara internat məktəbi yazan əsgər: “Hər kəs öz evini yazırdı... ” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər kəs doğulub-böyüdü yerin adını yazırdı, mən də öz evimin adını yazmaq istədim. Maştağa 1 saylı internat məktəbi...”

Bu yazı hər kəsə tanışdı. Vətən müharibəsi zamanı Hadrutda divarlardan birinə yazılan bu yazı 10 milyonluq xalqı ayağa qaldırdı... Hər kəs bu yazını yazan vətən oğlunun axtarışına başladı.

Onu yazan isə Vətən müharibəsinə könüllü yollanan, yurdunun keşiyində dayanan Elçin Əhmədov idi.

Elçini çoxunuz qardaşı Araz Əhmədovun danışdıqlarınızdan tanıyırsız. Bu gün isə onu elə öz dilindən tanıyacaqsıznız.

Elçin Əhmədov hazırda özəl şirkətlərdən birində çalışır. Ailəlidir, üç övladı var. Üç uşaq atası olmasına baxmayaraq, hərbi formanı geyinərək ön cəbhəyə vətənin keşiyində durmağa gedib.

Qəhrəmanlıqlarını isə bir az da öz dilindən eşidək.

Oxu.Az Vətən müharibəsinin könüllü əsgərlərindən olan Elçin Əhmədovla müsahibəni təqdim edir:

- İlk olaraq döyüşlərə harada başladınız?

- Müharibə başlayandan ön cəbhəyə getmək üçün müraciət etmişdim. Mənə cavab gələnə qədər artıq igid oğullarımız Hadrudun demək olar ki, bir hissəsini almışdılar. Şükür olsun ki, mən də gəlib onların sıralarına qoşuldum. Hadrutda əməliyyatlar keçirdik, oranı düşməndən təmizlədik.

Daha sonra Xocvəndin Tuğ, Böyük Tağlar, Dəmirçi, Sığnaq kəndlərinə tərəf irəliləməyə başladıq. Bütün yolları vurudular deyə, ancaq meşələrlə irəliləyə bilirdik. Elə olurdu günlərlə meşənin içi ilə yol gedirdik. Qaranlıq olurdu, sıx meşəlik idi. Girdiyimiz kəndlərin adlarını onda bilmirdik. Erməni dilində yazılmışdı. Sonradan öyrənirdik ki, ötən gün azad etdiyimiz kənd filan kənd idi. Son dəqiqəyə qədər komandir bizə heç nə demirdi.

“Komandir deyirdi ki, irəli desələr irəli! Öl desələr öləcəyik, qal desələr qalacağıq”.

- Azad etdiyiniz kəndlərdə qala bilirdinizmi?

- Fərqli olurdu. Bilirsiz biz mövqelənə bilmirdik, çünki dayanmadan atışma gedirdi. Elə kənd olurdu azad edirdik, ermənilər qaçırdı, əsgərləri bu kəndə qoyub irəliləyirdik. Elə kənd olurdu orada yarım saat qala bilirdik, elə kənd olurdu 3 gün qalırdıq. Bu, gələn döyüş tapşırıqlarından asılı olurdu.

Düşmən üzbəüz döyüşdən çəkinirdi. Ancaq toplarla, minaatanlarla hücum edirdilər. Biz isə onların artilleriyalarını vurub sıradan çıxarırdıq. Artilleriya məhv olan kimi erməni əsgərləri silah-sursat nə varsa, qoyub qaçırdılar. Mən hələ belə qorxaq insanlar görməmişdim.

- Biz bu qələbəni sizin timsalınızda bütün əsgərlərimizə, şəhidlərimizə borcluyuq...

- Allah şəhidlərimizə rəhmət eləsin. Onların yeri başımızın üstündədir. Amma mənə belə gəlir ki, bu vətən kiçikdən böyüyə hər birimizindir. Bizə heç kim borclu deyil. Vətən borcumuz idi yerinə yetirib, gəldik. Bu torpaqlar azad olunmalı idi. İlllərdir hər birimizin borcu bu idi, bunu da yerinə yetirdik. Artıq Azərbaycanın hər qarışı bizimdir.

“Mən də şəhid ola bilərdim”.

- Hava şəraiti döyüşlərin gedişində sizi yorurdumu?

- İnanmayacaqsız, amma hava o qədər yaxşı idi ki, təəccüblənirdik. Ev ilə danışırdım. Şəhərdə yağış, külək olan vaxtlarda cəbhədə gün çıxırdı. Sanki Allah da bizimlə idi. Biz meşələrdə palçığın, daşın üstündə yatırdıq. Allahın sanki mərhəməti gəldi, havaları müharibə bitənə qədər xoş saxladı. Bir qorxumuz o idi ki, xəstələnməyək.

Soyuq daşda yatıb xəstələnsək döyüşlərdən geri qalacağdıq. Şükür ki, bizim komandadan heç kim xəstələnmədi.

- Ermənilər evlərdən çıxanda mina, partlayıcılarla çox tələ qururdular?

- Düşmən bu torpaqları xoşluqla vermək istəmirdi. Xaindirlər, çox mənfur xislətləri var. Evlərə yox, yollara minalar düzmüşdülər. Əsasən Laçında və Kəlbəcərdə bu xainlikləri etməyə vaxtları olurdu. Ölməmək üçün bahalı-bahalı maşınları qoyub qaçırdılar. Meşə ilə qaçıb canlarını xilas etmək istəyirdilər.

Onları elə aciz, qorxu içində qaçarkən görəndə, nə yalan deyim, ürəyim bir az rahatladı. Heç vaxt Xocalıda bizim insanlarımızın başına gətirilən dəhşəti unutmadım. Mən həmişə bu günün gəlməsini istəyirdim. Telefonumda soyuq, qarlı havada qaçarkən ayağı donan balaca Xocalı sakininin videosu var. Onu hər zaman saxlamışam. Bəlkə də hər gün baxırdım ki, gün gələcək onlar da bu günləri yaşayacaqlar. O gün gəldi. Nə yaxşı ki, biz bu günləri gördük və onlara layiq olduqları cavabı verdik.

“Erməni əsgərlərinə ölməzdən qabaq ayaqları donmuş qızın videosunu göstərirdim”.

Elçin Əhmədov deyir ki, erməni əsgərləri qorxudan tir-tir əsirdi. Öz canlarını xilas etmək üçün bir-birini vurub öldürür ya da yaralılarını qoyub qaçırdılar.

- Döyüşlərdə sizin komandadan şəhid, yaralı əsgərlər çox oldu?

- Təsəvvür edin ki, səhər birlikdə yola çıxdığınız yoldaşlardan axşam bəzilərinin yasını tutmalı olursunuz. Onlar ən uca zirvəyə ucaldılar, amma onların yoxluğu sizi incidir. Biz burda tanımışıq bir-birimizi. Yad insanların bir-birinə necə doğma, ailə olduğunu mən ikinci dəfə burda anladım.

Hər kəs bir-biri üçün canını riskə atırdı. Neçə yoldaşımız bir-birinə kömək edərkən şəhid olub. Düşmən bizim tibb maşınlarımızı da hədəf aldığı üçün yaralılarımızı döyüş meydanından salamat çıxartmaq üçün vaxt olub ki, onları kilometrlərlə aralıda dayanan tibb maşınlarına qədər çiynimizdə daşımışıq. 5-6 km çiynimizdə yaralı əsgər yoldaşlarımızı daşımışıq. Biz heç kimi geridə qoymadıq.

“İnternat məktəbində biz bir-birimizin atası, qardaşı, yeri gələndə böyüyü olmuşuq”.

- Yad insanların bir-birinə ailə olduğunu ikinci dəfə burda anladım dediniz... Bəs ilki nə idi?

- Mən valideynlərimi avtomobil qəzasında itirəndə öz övladlarımdan da kiçik yaşda idim. İnternat məktəbinə göndəriləndə orda olanlarla mehribanlaşdıq. Bu yaşadığımız bina dövlətimiz tərəfindən internat məktəbində böyüyən uşaqlar üçün tikilib.

Bax mənim bu bina qədər ailəm, sevdiklərim var. İlk dəfə həyat yolumuzu Maştağada 1 saylı internat məktəbindən salanda anladım yadların nə qədər əziz ola biləcəyini. Təbii ki, bu hər kəsə şamil olmur. Bizi sanki Allah seçib bir-birimizin qarşısına çıxarıb.

- Qayıdaq bu “Maştağa 1 saylı internat” yazısına. Necə oldu divara bunu yazmağınız?

- Ön cəbhəyə getmək üçün bu binadan demək olar ki, bütün uşaqlar müraciət etmişdi. Bəzilərimiz çağırılsaq da, hamımızı aparmadılar. Mən gedəndə məni elə internat uşaqları yola saldı. Dedilər ki, bizi aparmadılar, amma sən gedirsən. Ehtiyatlı ol. Bizi də o torpaqlarda yaşat.

Hadrutu alandan sonra boş bir mağazaya girdik. Cer-cehiz malları satılırdı. İçəridə olan bir-iki əşyadan belə başa düşdüm. Ətrafda hər kəs daşa, divara, qapıya, bacaya yaşadıqları yerlərin adını yazırdılar. Mənim evim olmayıb. Uşaq yaşımdan mənə dövlətim sahib çıxıb. Ağlıma ilk gələn elə internat məktəbi oldu. Spreyi aldım divara “Maştağa 1 saylı internat məktəbi” yazdım. Şəklini çəkdim ki, gələndə uşaqlara göstərim. Heç ağlıma gəlməzdi ki, belə sürətlə yayılar. Qardaşım müharibə boyu cəbhəyə yardım aparırdı. Bizim yanımıza gələndə ona göndərmişdim. Telefonda zaryatka qalmırdı deye bəzi kadrları çəkə bilmədik. O anları görmək lazım idi sadəcə. Müharibənin dəhşətli üzü olsa da, qələbə həzzi başqa olur.

1994-cü ildə mənim 7 yaşım var idi. Valideynlərimi həmin il itirdim. Kiçik qardaşımla bizi böyük qardaşım Araz Əhmədovdan ayırıb, Lənkəranda internat məktəbinə göndərdilər. Ailədə beş uşaq olmuşuq. İki bacımızı rəhmətlik xalam himayəsinə götürdü. Allah ondan razı olsun. Artıq dünyasını dəyişib. Biz isə həyatda başımızın çarəsinə baxmaq üçün qarşımıza məqsəd qoyduq. İnternata göndəriləndə bizi ayırdılar deyə Araz bir çox yerə müraciət etdi, məktub yazdı. Sonra həmin müraciətlər əsasında bizi onun yanına, Maştağada 1 saylı internat məktəbinə köçürdülər. Çox çətin anlar yaşamışıq. Amma dövlətimizin sayəsində bu həyatda itib-batmadıq.

“Mətbəxə gedən istilik borusu var idi, hamı onu qucaqlayırdı ki, canı isinsin”.

- O illəri necə xatırlayırsız?

- O dövrdə, 1994-96-cı illərdə internat məktəblərində vəziyyət o qədər də yaxşı deyildi. İstilik yox idi, otaqlar soyuq idi. Məktəbin dəhlizindən mətbəxə gedən kiçik bir boru gedirdi. Mətbəxdə isti su olsun deyə ocaq qalayıb, suyu qızdırırdılar. Su borunun içi ilə gedəndə hamımız gedib onu qucaqlayırdıq ki, içimiz isinsin.

Ona görə internat uşaqları üçün qisas, intiqam hissi, vətən sevgisi bir başqa cür olur. Əziyyət çox görsək də, vətənimizin qayğısını da gördük. İndi şükür olsun internat məktəblərində hər cür müasir şərait var. Uşaqların təhsili üçün də hər cür şərait yaradılıb. Vətənə borcumuz bitməz. Amma bu gün əlimizdən gələni etdik.

-Heç övladlarınızın da sizin taleyinizi yaşamasından qorxdunuzmu?

-Bilirsiz, elə bir vəziyyət idi ki, insan çıxılmaz halda qalır. Amma ora mən tək getmədim. Ora gedənlərin hər birinin valideyni var. Elə biri var tək anası var, elə biri var evin tək övladı idi. Nə bilim, çoxu hətta subay idi. Elə əsgərlər var idi ki, nə atası var idi, nə anası. Eləsi var idi subay idi, valideynləri heç onun xeyir işini görməyib. Onları düşünəndə mən özümü onlardan ayıra bilməzdim. Hər kəs özünün əzizlərinə qiymətlidir.

Döyüşə gedənlərdən artıq deyiləm. Mənim 3 övladım var, amma mən valideynsiz böyümüşəm. Bu həyatda itib-batmadım, böyüdüm. Millətim, dövlətim imkan vermədi. Düşündüm ki, mənə də nəsə olsa, onların başında birinci Allah, sonra əzizlərim, sonra dövlətim var. Yeri gələndə şəhid olsam mənimlə fəxr edərək yaşayardılar. Düzdü ata qayğısını heç nə əvəz etməzdi, amma yenə də mən o an özümü heç kimdən ayıra bilməzdim. Şükür Allahın məsləhətinə, müharibə bitdi. Qismət belə idi, sağ-salamat qayıtdım.

“Ona dedim ki, mən anamı itirmişəm, sən də oğlunu... Yaralarımıza məlhəm olaq”.

- Əsgər yoldaşlarınızdan sizə vəsiyyət edən oldumu?

- Şəhid Salayev Nicat... O bizimlə döyüşən əsgərlərdən idi. Evin tək övladı idi. Ondan sonra anası tək qalmışdı. Qayıdan kimi birinci onların evinə getdim. Nicatın anasını görüb, başsağlığı verdim. Ona dedim ki, mənim valideynim yoxdur, sizin də övladınız. Bundan sonra mən də sizin bir övladınızam... Tək onun yox, mən bütün şəhid analarının övladıyam. Bunu cani-könüldən deyirəm.

Mən istəməzdim heç bir ana övladı ilə sınansın... Amma şəhidsiz müharibə olmur. Bir-bir gücüm çatdığı qədər şəhidlərimizin ailələrinin yanında olacağam. Öz övladları kimi buyurduqları işə də gedərəm, qulluqlarında da duraram. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, şəfa versin.

Elə şəhid yoldaşlarımız oldu ki, onlar üçün təsəlli verəcək heç kim yoxdur. Onları biz heç vaxt unutmayacağıq, unutdurmayacağıq.

- Elçin, bayaq internat məktəblərindən danışanda təhsil məsələsinə xüsusi toxundunuz...

- Mənim ən böyük arzum təhsil almaq olub. Amma həyat çox çətinliklərə salıb deyə, təhsil ala bilmədim. İndi övladlarım təhsil alır. Hərdən onların dərslərinə baxıram, köməklik etmək istəyirəm. Əlimdən gəlmir. Düzdür, yaş gedir, amma təhsil üçün heç vaxt gec deyil. İşləyirəm. O vaxt da yaşamaq üçün, ac qalmamaq üçün işləyirdim. Həyat çətindir, İndi də işləyirəm. Amma çox istərdim ki, ali təhsil alım. Övladlarımın dərslərinə köməklik göstərim.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri