31 
Mar
2021
10:24
125
17
6454
Virtual karabakh

İslamiadanın mükafatçısı: “Rusiyada adımı deyə bilmirdilər, məni “Vuqi” çağırırdılar” - FOTO/MÜSAHİBƏ

31 Mar, 2021
10:24
6454

İslamiadanın mükafatçısı: “Rusiyada adımı deyə bilmirdilər, məni “Vuqi” çağırırdılar” - FOTO/MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA idmançısı, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda üzrə mükafatçısı Vüqar Kərəmovun Oxu.Az-a müsahibəsi.

– İlk sualıma şablon sualla başlayacağam. İdmana gəlişinizin tarixçəsini xatırlayırsınızmı?

– Özüm Xaçmazda doğulsam da, atam Rusiyada işləyirdi deyə, yeddi yaşımdan orda yaşamağa başlamışam. Birinci sinifə də orada getmişəm. Həmin vaxt tez-tez ruslarla dalaşırdım. Davaya görə mənə dedilər ki, elə Vüqar idmanla məşğul olsa yaxşıdır, bəlkə yaxşı idmançı çıxar ondan. Üçüncü sinifdə oxuyanda – 9 yaşım olanda idmana qoyuldum. Qardaşımla birgə yazılmışdım. Moskva vilayətində və şəhərin özündə əlbəyaxa döyüş üzrə qalib olmuşam. Rusiyanın “Cənub-Qərb” zonası üzrə də çempionluğum var. Ölkə üzrə isə üçüncü yerə çıxmışdım.

– Qardaşınız davam etdirmədi idmanı?

– Yox. O məndən bir yaş böyükdür. Açığı, onu arıqlamaq üçün idmana qoymuşdular. Bir az kök idi (gülür). Amma onun da idmana həvəsi vardı. Uşaq vaxtı küçə döyüşlərində birgə iştirak etmişik. Ona kimsə ilişəndə mən ona kömək edirdim... Atamın işləri Rusiyada yaxşı getmədi deyə, mən yeddinci sinifdə oxuyanda Azərbaycana – Bakıya qayıtdıq. Mən idmana gedəndə zalın pulunu vermək lazım idi. Qardaşım da məcbur olub başqa sahədə işləyirdi ki, mənim idmanımın pulunu versin.

– Vüqar Kərəmovu ilk dəfə Azərbaycan idman ictimaiyyətinə tanıtdıran hansı döyüş olub?

– 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Döyüş Oyunlarında pankrationda təpiklə rəqibi nokaut etdiyim döyüş. Bu döyüş “YouTube”da da var. Onda 66 kq çəki dərəcəsində finalda ukraynalı Andrey Rezniki nokauta salıb qızıl medal qazanmışdım (Qeyd: II Dünya Döyüş Oyunlarında Azərbaycanın qazandığı üç qızıl medaldan biri Vüqar Kərəmovun aktivindədir – S.M.).

– Amma məncə, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında uşu-sanda millimizin tərkibində döyüşməyiniz sizi tanıtdı...

– O da var.

– Həmin yarışlarda kikboksçu Pərviz Abdullayev də 75 kq-da yarışıb bürünc medal qazanmışdı. Sizə necə olub bu yarışa qatılmaq təklifi gəlmişdi?

– Azərbaycanda qrapplinq, ciu-citsu və ya uşu-sanda yarışları keçirilirdisə, biz də gedib qatılırdıq. Fiziki formadan düşməmək üçün bu tip yarışlarda iştirak edirdik. Bir dəfə məşqçim Ruslan Əfəndiyev dedi ki, uşu-sanda üzrə Azərbaycan çempionatı var, çıx özünü yoxla. Heç onda bilmirdim ki, İslamiadada çıxış edəcəyəm. Uşu-sanda üzrə Azərbaycan çempionatında Tofiq Musayevlə Mehman Məmmədov da çıxış etməli idi. Lakin onlar daha əvvəl kunq-fu üzrə yarışdığından, heç birinə döyüşməyə icazə verilmədi... Azərbaycan çempionatında məni finalda hakimlər uduzdurdu, ikinci oldum. İslamiada üçün 66 kq-da ya məni, ya da Taleh İsayev adlı idmançını yığmaya götürməliydilər. Biz ikimiz də Dağıstan çempionatında iştirak etdik. Talehin yarımfinalda uduzduğu dağıstanlı idmançıya mən finalda nokautla qalib gəldim. Daha sonra Bakıda ikimiz arasında da əlavə döyüş keçirildi. Mən qalib gəldim deyə, İslamiadaya götürüldüm. Taleh də ondan sonra idmanı atdı.

– Uşu-sanda üzrə Azərbaycan çempionatında çıxış etsəniz də, hər halda öz idmanınız deyil…

– Uşu-sandada boks əlcəyi geyinirlər. MMA ilə demək olar ki, yeganə fərqi budur. Sadəcə, rəqibi yerə yıxdınsa, vurmursan. Ona görə də mən uşu-sandada özümü rahat hiss etdim və yarış mənim üçün uğurlu oldu.

– İslamiadanın finalında üç idmançımız iranlı rəqibinə uduzaraq ikinci oldu. Siz də 70 kq-da finalda Səid Fazeliyə uduzdunuz. Necə xatırlayırsınız həmin döyüşü?

– Mən həmin döyüşdə yaxşı vuruşurdum. Amma uşu-sandada iki dəfə rəqibi döşəkdən kənara çıxara bildinsə, qalib gəlirsən. O da mənim üzərimdə belə qələbə qazandı. Uşu-sandada yeddi iranlının hamısı çempion oldu (əslində İran millisi yeddi çəki dərəcəsinin altısında qızıl medal qazanıb, digər birinci yeri Türkiyə idmançısı götürüb – S.M.) İran Çinlə birgə bu idman növündə liderdir.

– Nə vaxtdan Azərbaycana “Rizin” Qran Pri kəmərini qazandırmış Tofiq Musayev və “Eagles” kəmərini yenicə qazanmış Mehman Məmmədovla tanışsınız?

– 2011-ci ildən. 2012 və ya 2013-cü ildən üçümüz də Ruslan Əfəndiyevin məşqçiliyi altında döyüşürük. Mənlə Tofiq əvvəl Ruslan müəllimlə məşq keçmişik, hardasa bir il sonra bizə Mehman da qoşuldu. Amma ilk məşqçim pankrationda Dülgər Əsgərov olub.

– MMA-da UFC-dən sonra ikinci güclü turnir sayılan “Bellator”da yarışmış iki azərbaycanlıdan birisiniz. 2019-cu ilin noyabrında braziliyalı “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitzeri məğlub etdiniz. Ora necə keçdiniz?

– Mən ondan əvvəl iyulda Polşada yerli idmançı Kasper Formelaya qalib gəlmişdim. Bu, gecənin döyüşü olduğundan, mənim menecerim “Bellator”a döyüşümü göstərərək müraciət etmişdi. “Bellator”da şou xarakterli döyüşləri sevirlər. Döyüşüm xoşlarına gəlmişdi deyə, bir döyüşlük müqavilə imzaladım. İsraildə döyüşüb, rəqibimi 1 dəqiqə 29 saniyəyə nokaut etdim.

– Bəs niyə ora ilə davam etmədiniz?

– “Bellator”da Qran Pri olmalıydı. Mənə dedilər ki, sənə bir də döyüş 6-7 aydan sonra verə bilərik. Biz də fikirləşdik ki, bu qədər gözləməkdənsə, gedib Yaponiyada “Rizin”də döyüşmək yaxşıdır. Elə olub, ötən ilin fevralında “Rizin”də döyüş keçirdim. Pandemiyaya görə hələ “Rizin”dəki döyüş üçün Yaponiyaya gedə bilmirik. Son məlumata görə, bizim döyüş mayın 23-də keçirilməlidir. Əgər bu dəfə də alınmasa, “Bellator”a qayıdacağam.

– Tofiq Musayev kimi “Rizin”in Qran Prisində döyüşmək ehtimalınız nə qədərdir?

– Pandemiya düşməsəydi, ötən ilin dekabrında Qran Pridə döyüşməliydim. Mənim “Rizin”lə iki döyüşlük müqaviləm var. Ötən ilin fevralında Quam idmançısı Kayl Aquonu məğlub etdiyimdən, Qran Pridə döyüşmək təklifi almışdım.

– Adətən MMA idmançılarının ləqəbləri olur. Sizdə “Vuqi”dir. Başqa da ləqəbiniz var?

– Yox, elə bir ləqəbim yoxdur. “Vuqi” ləqəbini da “Sherdog” saytına mən yazdırmamışam. Onu kim ora yazdırıb, heç bilmirəm (gülür). Rusiyada adımı səsləndirə bilmirdilər deyə, məni “Vuqi” çağırırdılar. Bu ləqəb də ordan qalıb.

– Ardıcıl 11 döyüşdür ki, məğlubedilməzsiniz. Bunun xüsusi sirri varmı?

– Ancaq əziyyət və məşq. Bütün günü məşqi qaçırmırıq. Yalnız bazar günü dincəlirik. Məğlubedilməzliyim yəqin ki bunun nəticəsidir.

– Sizə ən yaxın döyüş üslubu hansıdır?

– Güləş və parter üslubunda döyüşməyi xoşlayıram. Tofiq və Mehmanda isə bu ayaq üstü döyüşdür. Onlar daha çox rəqiblərini ayaqla nokauta salmağı xoşlayır. Amma rəqibim “stoyka”da vuruşursa, ona uyğun da məşq keçirəm.

– Həvəskar idmanda medallarınızın sayını bilirsiniz?

– Çoxdur. O vaxt saymışdım, 65 dənə idi. Ondan sonra da təxminən 10 yarışda medal qazandım. Təxminən 75 dənə olar.

– Amma “muzey”ində əsas lazım olan MMA kəməri çatmır…

– İnşallah, o da olar.

– MMA idmançısına UFC ilə bağlı sual verə bilmərəm. Vüqar Kərəmovun bu turnirlə bağlı planları necədir?

– UFC bir növ Olimpiadadır. MMA-da dünyanın bir nömrəli təşkilatıdır. Orda döyüşmək, orda qalib gəlmək bir başqa səviyyə, bir başqa hissdir. UFC-də “Bellator” və “Rizin”dən fərqli olaraq, bir çəkidə 15 güclü idmançı olur. Ona görə də mənim üçün UFC elə UFC-dir, bir nömrədir. Şəxsən istərdim ki, gedib orada döyüşüm.

– “Instagram”dan sizin tez-tez basketbol və futbol oynadığınızı bilirəm. Bu, MMA idmançısı üçün nə dərəcədə xeyirlidir?

– Bunlar daha çox qol və ayaq əzələlərinin inkişafına xidmət edir. Həm də insanın başına nə qədər yumruq-təpik dəyər (gülür). Arada dincəlmək üçün belə edirik. Keçmiş “Şəfa” stadionunda futbol oynayırıq. Bizdə onu Rüfət Həsənov yaxşı oynayır. Tofiqlə mən yalandan qaçırıq, Mehman isə lap zəif oynayır.

– İdmançıların xaricə səfərləri zamanı maraqlı hadisələr çox olur. Sizin rastlaşdığınız əhvalatlardan birini danışardınız...

– Bir dəfə təlim-məşq toplanışı üçün ABŞ-a getmişik. Bizdən heç kim ingiliscə danışa bilmir. Tural Rəhimov və Mehman Məmmədovla hava limanında kənarda oturmuşuq. Baxırıq ki, Tofiq bir yaponla əməlli danışır, hətta deyib-gülür. Ruslan müəllim yaxınlaşdı ki, sən bununla hansı dildə danışırsan. O da dedi ki, əl-qolla birtəhər başa salırdım, amma nə dediyini başa düşmürdüm (gülürdüm). Onda Tofiq Yaponiyada tanınmışdı deyə, məşhurlaşmışdı. Ümumiyyətlə, onun orada fanatları çoxdur. Biz yeməyə gedəndə yolun ortasında onunla yaponlar şəkil çəkdirirdi. Açığı, mən də orada döyüşəndə özümə qarşı sevgini hiss etdim. “Rizin”də döyüşüm elan olunanda, nə qədər yapon mənə “Instagram”da yazmışdı. Yarışdan qabaq da gəlib mənlə şəkil çəkdirənlər oldu.

Müxbir: Səbuhi Musayev

Foto: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri