16 
Apr
2021
11:12
12
43
6234
Virtual karabakh

Vitali Borisov: “Yırtıq məni geri saldı” - MÜSAHİBƏ

16 Apr, 2021
11:12
6234

Vitali Borisov: “Yırtıq məni geri saldı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal millimizin sabiq üzvü və “Marafon” klubunun oyunçusu Vitali Borisovun Oxu.Az saytına müsahibəsində fəaliyyəti, səhhətindəki problemlərlə bağlı suallara cavab verib.

– Qapalı zallar bağlıdır. Futzal çempionatı keçirilmir. Dolanışığınız necədi?

– Yavaş-yavaş dolanırıq. Əgər ona biznes demək mümkündürsə, bir az bu sahədən gəlirim var. O da pandemiya ilə əlaqədar olaraq zəifləyib. Minifutbol liqalarında oynayıb az da olsa gəlir əldə edirdim. İndi onlar da dayanıb. Elşad Quliyevin çalışdırdığı minifubol yığması ilə məşq edirəm. Yayın sonlarında beynəlxalq səviyyədə yarış da olmalıdır (Slovakiyanın Koşitse şəhərində keçirilməli olan Avropa çempionatını nəzərdə tutur – red.).

– Minifutbol millimizin təsis olunmasına dair ilk xəbərləri idman mətbuatında ilk yazan mən olmuşam. Amma o vaxt sizin milli komandada adınızın keçdiyini xatırlamıram...

– Çünki o vaxt futzal oynayırdım. Qaydalara görə, peşəkar idmanla məşğul olanlar yığmada ola bilməz. 2018-ci ildə Kiyevdəki Avropa çempionatında iştirak edə bilməsəm də, komanda ilə birgə məşq etmişdim. Ötən ilin aprelində pandemiyaya görə futzal üzrə Azərbaycan çempionatı dayandırıldı, bir ildən çoxdur ki, peşəkar idmandan kənardayam. Ona görə də indi minifutbolda çıxış etməyimdə heç bir əngəl yoxdur.

– “Marafon”dan əvvəl 2016-2018-ci ildə Serbiyanın “Ekonomats” klubunda çıxış etdiniz və xaricdə oynayan nadir futzalçılarımızdan biri oldunuz. Oradan niyə ayrıldınız?

– Maliyyə durumuna görə. Klub prezidenti yaşlı bank müdiri idi. O, əlini komandadan çəkdi. Demək olar ki, o komanda dağıldı. İndi “Ekonomats”da gənclər çıxış edir. Mən bu komandaya hələ 2013-cü ildə keçə bilərdim. Amma “Araz”da qalmağa qərar vermişdim. İkinci dəfə belə bir təklif gələndə karyeramda dəyişiklik etmək qərarına gəldim. Çünki “Araz”la dəfələrlə Azərbaycan çempionu olmuşdum, nəsə yenilik axtarırdım. Serbiyada iki dəfə çempion olduq, bir matç belə uduzmadıq, UEFA Kubokunda yarışdıq. Birinci il çempion olanda komandada cəmi iki legioner vardı, biri mən idim. Serbiyadan ayrıldıqdan sonra “Neftçi”yə, daha sonra “Marafon”a keçdim.

– Milliyə çağırılmamağınız nə ilə bağlıdır?

– Xüsusi səbəbi yoxdur. Daha dedim ki, bəsdir. Baş məşqçi ilə danışmışam bu barədə.

– Bəlkə o vaxt “Araz”ı atıb Serbiyaya getməyinizə görə belə edilir...

– Yox. Serbiyadan qayıtdıqdan sonra da milliyə çağırılmışam. Federasiya ilə heç bir problemim yoxdur. Zaur müəllim (Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovu nəzərdə tutur –  red.) “Keşlə” klubuna keçəndə də onu təbrik etmişəm. Sadəcə, belimdə yırtıq var, onu müalicə etdirirəm. Gərək dörd ay oynamayım. Milli ilə heç bir problemim yoxdur. Gedib oteldə Slovakiya ilə oyun öncəsi uşaqlara da dəymişəm.

–Futzal millimizin kapitanı Rizvan Fərzəliyevin 41 yaşı var. Sizin də 38 yaşınız var. Karyera barədə nə fikirləşirsiniz?

– İndiki vaxtda nə fikirləşə bilərik ki? Zallar açılsın, baxaq görək nə təkliflər olacaq. Buna uyğun qərar verəcəyəm. Minifutbol liqası olsa, bəlkə elə orada davam etdim. Təbii ki, futzalda pul minifutboldakından çoxdur. Amma minifutbolda da qazanmaq olar... Yırtıq məni geri saldı. Ağrısı ayağıma vurur. Bu, hələ məndə çoxdan varmış. Sadəcə, hiss etməmişəm. İynə vururdum, keçirdi. Bizdə var axı, tam xəstələnməmiş həkimə getmirik. Pandemiya düşəndə idmansız qaldım, həmin vaxt ağrılar özünü göstərdi, ondan sonra həkimə getdim. İndi futzal oynasaydım, əzələ hesabına çıxış etmək olardı.

– Məşqçilik barədə nə düşünürsünüz?

– Futzalda əvvəllər millidə oynayanlara C kateqoriyası verilirdi. İndi deyəsən, belə bir şey yoxdur. Kateqoriya almaq üçün Rusiya, Ukrayna, İspaniya və Braziliyada məşqçilik kurslarına qatılmaq lazımdır. Yenə də gedib almaq olar. Həyat yoldaşım Rusiyadandır, orda tanışlar var. Rusiya millisinin baş məşqçisi Sergey Skoroviçlə, Kaka ilə yaxşı əlaqələrim var. İspaniyada da “Barselona”nın məşqçisi Miqellə hələ Rusiyanın “Dina” klubunda oynadığım vaxtdan tanışam. Yəni, bilsəm ki hansısa klubda məşqçi axtarılır, tanışlar vasitəsilə kursa qatılıb lisenziya alaram. Amma hələ ki ortada heç nə yoxdur. Əsas iş olsun. O vaxt belə bir şey olsaydı, Zaur müəllim öz hesabına da məni kursa göndərərdi. 2008/09 mövsümündə “Dina”da oynayarkən Zaur müəllim rəhmətlik Böyükağa Hacıyevi praktika üçün bizim kluba göndərmişdi.

– Son olaraq Avropa çempionatının seçmə mərhələsindən də danışaq. Millimiz qrupda beş qələbə və bir heç-heçə ilə Avropa çempionatına ardıcıl altıncı dəfə vəsiqə qazandı...

– Qrupumuz bilinəndən sonra favorit, əlbəttə ki, bizim milli sayılırdı. Düzdür, Slovakiya ilə yaxşı vaxtlarımızda da çətin oyunumuz alınıb. Onlarla Bakıdakı ilk oyun təhlükəli idi. Çünki milliyə yenicə qapalı zalda məşq etməyə icazə verilmişdi. 10 günlük məşq bir il keçirilən məşqin yerini vermir. Qapıçımız Rövşən Hüseynova əhsən düşür ki, həmin matçda çox vacib qurtarışlar etdi və qələbə qazandıq. Yunanıstan bizə heç vaxt rəqib olmayıb. Onlar həvəskar komanda kimidirlər. Yunanıstan millisinin üzvlərinin əsas iş yeri başqa olur. Çünki orada verilən maaşla dolanmaq olmaz. Yunanıstanda daha çox böyük futbol və basketbol məşhurdur. Moldova da qaçan komandadır, ancaq əsas oyunda Slovakiyaya 0:4 uduzmaqla Avropa çempionatından kənarda qaldılar. Təcrübələri azdır. Slovakiya ilə cavab oyununa ehtiyatlı çıxmışdıq. Dörd nəfər bizdən oynamırdı. 1:1 hesablı nəticə yaxşıdır. Sona 30 saniyə qalmış məğlubiyyətdən qurtulub yenilməz oyunlar seriyamızı davam etdirdik.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri