16 
May
2021
15:40
224
73
21017
Virtual karabakh

Ukrayna millisinin azərbaycanlı üzvü: “Məni qarşılamağa bir həmyerlimiz belə gəlməmişdi” - MÜSAHİBƏ + FOTO

16 May, 2021
15:40
21017

Ukrayna millisinin azərbaycanlı üzvü: “Məni qarşılamağa bir həmyerlimiz belə gəlməmişdi” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ay Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində Olimpiadaya lisenziya qazanan idmançılar bilindi. Bunlardan biri də 67 kiloqram çəki dərəcəsində Ukraynanı təmsil edən yunan-Roma güləşçisi Pərviz Nəsibov oldu.

O, 1/4 finalda Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayevə 3:2 qalib gəlməklə Azərbaycan güləş ictimaiyyətinin diqqətini özünə cəlb etdi. 

2017-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilmiş yeniyetmələr arasında güləş üzrə Avropa çempionatının qalibi Pərviz Nəsibov yeniyetmə və gənclər arasında dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına da sahibdir. İndi artıq o, bu uğurunu böyüklərdə təkrarlamaq istəyir.

Tokio Olimpiadasında yarışacaq Pərviz Nəsibov Oxu.Az-ın suallarını cavablandırıb:

- Azərbaycanda, yoxsa Ukraynada doğulmusunuz? 

- Ağstafa rayonunun Muğanlı kəndində doğulmuşam. Altı yaşımadək orada yaşamışam. Babam, nənəm, əmim hələ də oradadır. 16 il əvvəl isə atam Ukraynanın Nikolayev şəhərinə köçüb. 2005-ci ildən bu şəhərdə yaşayırıq.

- Ukraynaya köçməyinizə səbəb nə oldu?

- Atam Azərbaycanda iş qura bilmədi deyə Ukraynaya köçməli olduq. Hazırda atam burada ticarətlə məşğuldur.

- Bəs güləşə Azərbaycanda, yoxsa Ukraynada başlamısınız?

- Elə Muğanlı kəndində güləşə başlamışam. Amma orada sərbəst güləşə gedirdim. Bu da onunla bağlıdır ki, həmin bölgədə “klassik” güləş (yunan-Roma güləşi – S.M.) yox idi. Bir il sərbəst güləşlə məşğul oldum. Ukraynaya köçəndən sonra isə yunan-Roma güləşinə keçdim.

- Sərbəst güləşdən “klassik”ə keçməyiniz Ukraynada birincilərin nisbətən zəif olması ilə bağlıdır?

- Xeyr. Onda evimizin yanında güləş zalı vardı. Sanki Allah mənim yolumu ora saldı. Getdim oradakı güləş müəlliminin yanına. O da mənə “klassik” güləşi öyrətdi. Bu, 2008-ci ildə olub.

- Ukraynanın böyüklərdən ibarət millisinə nə vaxtdan keçmisiniz?

- 22 yaşım var, əsas milliyə yenicə keçmişəm. Amma daha əvvəl 18 yaşımda böyüklərlə Dünya Kubokunda iştirak etmişəm (2017-сi ilin martında İranın Abadan şəhərində keçirilmiş həmin yarışda Ukrayna millisi altıncı olsa da, Pərviz keçirdiyi bütün dörd görüşdə qalib gəlib və bununla da həmin turnirin 66 kq çəki kateqoriyasında ən yaxşı güləşçi kimi mükafatlandırılıb – S.M.). O yarışda Azərbaycan ikinci olmuşdu. Ukrayna B qrupunda Azərbaycanla düşmüşdü. Azərbaycana 3:5 uduzaraq qrupda qaldıq (gülür). Onda mən Kamran Məmmədovla 2:2 edərək son xal prinsipi ilə qalib gəlmişdim. Həmçinin böyüklərlə 2017-ci ildə Parisdəki və 2018-ci ildə Budapeştdəki dünya çempionatlarında yarışmışam, amma medalsız qalmışam (gülür). Hələ yaşım 23 yaşadək güləşçilərin yarışlarında da çıxış etmək imkanı verir.

- Tokio Olimpiadasında 67 kq çəkidə Azərbaycan təmsilçisi olmasa da, bir azərbaycanlı güləşəcək. İlk dəfə Olimpiadada çıxış edəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

- İlk dəfə Olimpiadada çıxış etsəm də, ora Allahın köməkliyi ilə məhz medal qazanmağa gedəcəyəm. Oradakı rəqiblər də mənim kimi insandır. Ona görə də şərtlər bərabərdir. Medalı çox istəyən qazanar. Üstəlik, məni çox da yaxşı tanımasalar da, oradakı rəqiblərimə yaxşı bələdəm. Hamısı məndən böyükdür. Kimisinin 30, kimisinin 32 yaşı var. Məni yaxşı tanımamalarından yararlanmaq olar.

- Sofiyada Azərbaycan təmsilçisi Rəsul Çunayevi 1/4 finalda 3:2 məğlub etdiniz. Daha əvvəl onunla qarşılaşmışdınız?

- Xeyr. Ümumiyyətlə, mən ona həmişə kumir kimi baxmışam. Onunla bir azərbaycanlı kimi münasibətim var idi. Amma güləş döşəyində biz bir rəqibik.

- Aranızdakı görüş çox sərt məcrada keçdi. İlk saniyələrdə Rəsulun burnu qanadı...

- Ola bilər ki, onun burnu mənim başıma dəymişdi. Amma bu, mübahisəsiz sovuşdu. Buna görə mənə heç nə demədi. Mən bunu qəsdən etməmişdim. Güləşdə belə hallar olur... Rəsul mənim üçün ilk növbədə azərbaycanlıdır. Mən öz millətimi çox sevirəm. Beş gün əvvəl Rəsul barədə “Instagram”da paylaşım etdim. İstədim ki, Olimpiadaya lisenziya qazanmadığı üçün ruhdan düşməsin (yeri gəlmişkən, həmin postun altından Rəsul da cavab yazaraq bu sözlərinə görə Pərvizə təşəkkür edib – S.M.).

- Finalda Ermənistan güləşçisi Karen Aslanyanla güləşməli idiniz. Amma finala çıxmadınız. Bu, nə ilə əlaqədar idi?

- Zədə almışdım. Qulağım qırılmışdı, ayağım zədələnmişdi. Özüm güləşmək istəyirdim. Amma məşqçilər həm buna görə, həm də rəqiblərə fəndlərimi göstərməmək üçün finala çıxmağı məsləhət görmədi. Ona görə də gümüş medalla kifayətləndim.

- Azərbaycanlı güləşçilərdən başqa kiminlə münasibətiniz var?

- İslam Abbasov, Taleh Məmmədovla... Məşqçilərdən Rövşən Bayramovun adını çəkərdim. Onları görəndə həmişə hörmət göstərib, salamlaşıram.

- Ukrayna bayrağı altında çıxış edən başqa azərbaycanlılar da var. Məsələn, karateçi Rizvan Talıbov, kikboksçu Alim Nəbiyev...

- Rizvanı tanımıram. Alimin isə Poltava şəhərində yaşadığını bilirəm. Amma onunla hər hansısa tanışlığım yoxdur.

- Ukraynanın güləş millilərində sizdən başqa, azərbaycanlılar var?

- Bəli, son vaxtlar onların sayı çoxalıb. Elmar Nurəliyev, Yaşar Zeynalov onlardandır. Əmioğlum Təbriz Nəsibov da güləşçidir. Onlar da “klassiklər”də əsas millidə çıxış edir. Amma Sofiyadakı yarış üçün heyətə düşə bilmədilər. Həmçinin Ukraynanın gənclər millisinin məşqçisi Yaşar Nəsirov da azərbaycanlıdır.

- Bu sualı xarici ölkə adından çıxış edən bütün idmançılara verirəm. Sizə də həmin sualı təqdim edirəm: Azərbaycandan təklif gəlsə, vətəndaşlığınızı yenidən dəyişib, millimiz adından çıxış etməyə razı olarsınızmı?

- (çox fikirləşir) Bu, hələlik mənim üçün çox çətin cavabı olan sualdır. Bu sual haqda heç vaxt düşünməmişəm. Əlbəttə, Azərbaycanda yaşamaq istəyərəm. Amma gəlib orada güləşməyi... Bilmirəm.

- Azərbaycanla gediş-gəlişiniz qalır?

- Valideynlərim hər il gedirlər. Amma mən yarışlara görə bəlkə də 10 ildir ki, Azərbaycana gedə bilmirəm. Amma Olimpiadadan sonra Azərbaycana yaxşı nəticə ilə getmək istəyirəm.

- Ukrayna yunan-Roma güləşində Olimpiadaya üç, Azərbaycan isə iki lisenziya qazandı. Güləşimizin səviyyəsini necə görürsünüz?

- Mən də Azərbaycandan çox – minimum dörd lisenziya gözləyirdim. Ukraynada güləşdən başqa, futbol, basketbol da var. Amma Azərbaycanın əsas idman növü güləş olub, dünyada həmişə güləşdə liderlərdən biri olub, milli ilə Dünya Kubokunu qazanıb. Ona görə də iki lisenziya azdır. İnşallah, 2024-cü ildə Parisdəki Olimpiadaya tam heyətlə yollanarlar.

- Ukraynada yaşayan azərbaycanlılar tərəfindən qələbəniz necə qarşılandı?

- Bu baxımdan onlardan narazıyam. Dəstək verən azdır. Ukraynada azərbaycanlı çoxdur. Amma Sofiyadakı yarışdan qayıdanda hava limanında bizi qarşılamağa bir azərbaycanlı da gəlməmişdi. Məsələn, Ukrayna ermənisi medal qazananda onların diaspor heyəti öz millətini yığaraq gəlir. Bizimkilərdə isə belə bir şey yoxdur.

- Siz Ukraynada kirayədə qalırsınız. İki gün əvvəl Zaporojye vilayəti Dövlət Administrasiyasının gənclər, bədən tərbiyəsi və idman şöbəsinin sədri Natalya Vlasova sizi qəbul edib və evlə təmin olunacağınıza köməklik barədə fikirlər səsləndirib. Bu yöndə yenilik yoxdur?

- Söz veriblər. Bu məsələ 50/50-dir. Amma öz millətimizdən heç kim qabağa durub köməklik etmək istəmir. Ümid edirəm ki, hər şey yaxşı olar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri