İyl
2021
16:56
46
31
6562
Virtual karabakh

Saçını ağardanların, gecəsini gündüzünə qatanların günü: Onlar hazırkı durumdan razıdırmı? - FOTO

2 İyl, 2021
16:56
6562

Saçını ağardanların, gecəsini gündüzünə qatanların günü: Onlar hazırkı durumdan razıdırmı? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür. Jurnalistikanın spesifik sahələrindən sayılan idman jurnalistlərinin ayrıca gününün yaradılmasının da maraqlı tarixi var.

1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Parisdə idman jurnalistləri özlərinin qurumunu yaratmaq qərarına gəlir. Hazırda mənzil-qərargahı İsveçrədə yerləşən qurum Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) adı ilə yaradılır. 1994-cü ildən həmin qurumun yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq  2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunmağa başlanılır.

İdman ölkəsi sayılan Azərbaycanda da idman jurnalistləri ildə iki dəfə öz bayramlarını qeyd edir. Bu gündən başqa, bu ay – 22 iyulda Azərbaycan Mətbuat Günü də onların bayramı sayılır. Nə təsadüfdürsə, Azərbaycanda idmanla bağlı olan qurumlar da iki rəqəmi ilə ehtiva olunur. Ölkəmizdə hazırda iki idman telekanalı (“İdman TV”, “CBS Sport”), iki dövlət idman qurumu (Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi), iki idman mətbuat qurumu (AİJA, AİJF) fəaliyyət göstərir.

Azərbaycanda da kifayət qədər idman jurnalisti fəaliyyət göstərir. Bu peşəni seçənlər gündüz işləməklə bərabər, gecə də, hamı yatdıqdan sonra da işləyəcəklərini nəzərə almalıdır. Çünki dünyanın o biri başından hazırlanmalı olan reportajlar bizdə gecə saatlarına düşür. Ona görə onları əminliklə “gecəsini gündüzünə qatanlar” adlandırmaq olar.

Bu sahədə “saç ağardanlar”ın başında Mahir Rüstəmli durur. “Futbol+” qəzetinin baş redaktorunu bu günlə bağlı təbrik etdikdən sonra keçdik suallarımıza.

– Sizə görə idman jurnalistlərinin xüsusi gününün olması hansısa əhəmiyyət kəsb edirmi?

– Ayrıca günün olması həm də ona işarədir ki, bu sahə xüsusidir. İdman azarkeşi olan istənilən adama elə gələ bilər ki, bu sahədə işləmək, populyarlaşmaq çox asandır. İdman - dinamika, mübarizə, yarış ehtirası deməkdir. Bu da bütün insanların qanında olan keyfiyyətdir. Ona görə də idman jurnalistikasının salnaməsini yazanlar digər sahə jurnalistikasından bir addım öndədir.

– Azərbaycanda idman jurnalistikası sözü yerinə düşürmü? Çünki bizdə daha çox idmanın bir sahəsi olan futbolun jurnalistikası inkişaf edib...

– Bu problemin kökü dərinə gedir. Sovet vaxtında idman mətbuatının simasını “İdman” qəzeti və idmana yer ayıran bəzi mətbuat orqanları müəyyənləşdirirdi. O dövr mətbuat qurumlarında yazarlar əsasən rus, yəhudi, erməni əsilli idi. Onlar karyeralarının sonlarında bu sahəyə gəlmişdilər. Ona görə də o vaxt “İdman”ın Azərbaycan versiyası, demək olar ki, rus versiyasının tərcüməsi idi. Bu baxımdan milli kadrlar azlıq təşkil edirdi. 90-cı illərdə Qarabağ Müharibəsi başladıqdan sonra həmin əcnəbi millətli jurnalistlər Azərbaycanı tərk etdiyindən, o vaxtkı idman jurnalisti nəsli indikilər arasında əlaqələr də itdi. Ona görə də bu sahədə çox böyük uçurum yarandı. Sonradan gələn gənc yerli kadrlar isə daha çox futbola meyl göstərməyə başladı.

– Siz özünüz də idman mətbuatına ictimai-siyasi jurnalistikadan gəlmisiniz...

– Elədir. İmkan düşəndə gözümün qurdunu öldürmək üçün futboldan yazırdım, yığmamızın və klublarımızın oyunlarına gedirdim. Bu sahə məni özünə çox cəlb edirdi. Şakir Yaqubov, Məzahir Süleymanzadə, Aqşin Kazımzadənin yazılarını oxuduqdan sonra idman jurnalistikasına maraq daha da çoxalırdı. Hələ o vaxt görürdüm ki, idman mətbuatında çox böyük boşluq var. Bir gün çıxırdı, beş gün çıxmayan qəzetlər vardı. AFFA-nın 4 səhifəlik qəzeti o vaxt az qala 16 səhifəlik qiymətinə satılırdı.

– Hazırda həm də siz Azərbaycan İdman Jurnalistləri Federasiyasının vitse-prezidentisiniz. Yəqin ki, bu suala sizdən başqa şəxs yaxşı cavab verə bilməz. İdman jurnalistikasının indiki səviyyəsi sizi qane edir?

– Ayrılıqda yaxşı, səviyyəli yazanlar var. Amma ümumilikdə komanda işi görünmür. Hamı istəyir ki, yorğanı öz tərəfinə çəksin. Nəticədə elə bir mühit yaranıb ki, hər şeyə reklam marağı baxımından yanaşılır. Məsələn, “Qarabağ” və ya “Neftçi”nin uduzmasına eyni nəticə verilməli olsa da, yanaşma tərzlərində reklam hiss olunur. Bu da istər-istəməz yazıların səviyyəsinə təsir göstərir. İdman jurnalistlərinin ən böyük problemlərindən biri də xarici dil problemidir. Böyük idman yarışları zamanı dil bilən belə jurnalistlərin köməyi lazım olur.

– Son olaraq idman jurnalistikası ilə bağlı arzularınızı öyrənmək istərdim...

– İdman jurnalistləri arasında hər il media turnirləri olur. Həmin turnirlərdə onlar həvəslə iştirak edir. Sanki onlar birləşib öz güclərini göstərmək istəyir. Bu mənə xoş gəlir. Eyni zamanda bu insanların həm də imza olaraq tanınmasını istərdim. Çox istərdim ki, Azərbaycanda idman jurnalistikası kasta kimi formalaşsın, hamı idman jurnalistlərini təmiz, sözü kəsərli, nəfsinə qul olmayan kimi tanısın. Maddi-texniki bazanın, satış və reklam bazarının bu sahədə yaxşı olmasını arzulayardım.

Mahir müəllimlə sağollaşıb gedirik AFFA-ya. Bu qurumun ikinci mərtəbəsində Azərbaycanda idman jurnalistlərinin daha çox sevdiyi futbolu təmsil edən bir qurum var: Peşəkar Futbol Liqası. Qısaca PFL kimi tanınan qurumun mətbuat xidmətinin rəhbəri funksiyasını uzun müddətdir ki, Aslan Şahgəldiyev icra edir. Bu şəxsi müsahib kimi seçməyim də təsadüf deyil. İdman jurnalistləri ilə daim ünsiyyətdə olan bu şəxsdən başqa, media mənsublarını kim yaxşı tanıya bilər ki?

– Sizcə, idman jurnalistlərinin dünyada xüsusi gününün olması nə ilə bağlıdır?

– Beynəlxalq İdman Jurnalistləri Günü bizim PFL-in yaranması günü ilə üst-üstə düşür. Xatırlayıram ki, 2009-cu ildə qurum olaraq ilk dəfə idman jurnalistlərinin gününü xüsusi qeyd etmişdik. Onların xüsusi gününün olması yəqin ondan irəli gəlir ki, idman jurnalistləri xüsusi insanlardır, daha çox əziyyət çəkirlər. Xüsusən bu, Azərbaycanda əziyyətli işdir. Əvvəllər əziyyət daha çox idi. Oyunların protokollarını tapmaq çətin idi, mətbuat üçün stadionlarda xüsusi yerlər yox idi, mətbuat konfransları təşkil olunmurdu.

Əvvəllər maddi baxımdan oyuna getmək mümkün olmadıqda, matçda nələrin baş verdiyini öyrənmək üçün klub işçiləri, məşqçilər, futbolçular və hakimlərdən məlumat öyrənilirdi. Ancaq 2004-cü ildə futbola dövlət səviyyəsində diqqət ayrıldıqdan sonra bu məsələlər düzəlməyə başlandı, klublar futbolçularının təqdimatını etməyə başladı. Bunlar eyni zamanda jurnalistlərin də işini asanlaşdırdı. Onlar daha bundan sonra hər hansısa legioner futbolçu barədə informasiya almaqda çətinlik çəkməməyə başladılar.

– İdman jurnalistlərinin imzaları sanki son vaxtlar gözə dəymir. Bununla razısınız?

– Qismən razıyam. Bu əslində maliyyə ilə bağlıdır. Maliyyə qane etməyəndə yaxşı jurnalist belə başqa sahəyə keçməyə məcbur qalır. Ofislərin olmaması da bir problemdir. Çünki bu sahədə olan jurnalistlər arenda pulu verməyə qadir deyil. Ona görə də təcrübəli jurnalistlər gəncləri öyrətmək üçün onlayn qaydada çalışır. Ofis olduqda iclas keçirirsən, gənclərə səhvlərini yerindəcə göstərirsən, redaktələr edirsən. Amma əks halda həmin effekti vermir.

– İdman saytlarının çoxalması da keyfiyyətə təsir göstərməyib?

– Qələmin güclüdürsə, onun iş yerinin dəyişməsi də önəm kəsb etmir. Nə qədər kəmiyyət çox olsa da, bu keyfiyyətə təsir göstərə bilməz. Məsələn, PFL-də son mövsüm qeydiyyatdan keçən jurnalistlərin sayı 60-a yaxın olub. Amma razılaşaq ki, onların hamısı uğurlu jurnalist deyil. 10 nəfəri onların arasından seçmək olar. Əgər onlar az maliyyə qarşılığında seçilə bilibsə, inanıram ki, həmin insanlara şərait yaradılsa, maddi gəlirləri yüksək olsa, daha keyfiyyətli iş ortaya qoya bilərlər.

– Müsbət məqam kimi idman mətbuatından çıxan jurnalistlərin klub sektorunda çalışmasını göstərmək olarmı? Deməli, onların biliklərinə hələ də ehtiyac var...

– Təbii ki, müsbət məqamdır. “Futbol+”, “Çempion” qəzetlərindən çıxan jurnalistlər indi bu sahələrdə çalışır. Elgiz Abbasov PFL-də Texniki İdman şöbəsinin rəisidir, Zaur Əzizov, Eldəniz Yusifov klub sektorunda işləyir, Səbuhi Səfiyarlı, Vaqif Heydərli menecerlik edir. Bu siyahını uzatmaq olar. Onları boşuna işə dəvət etmirlər ki. Deməli, kadr kimi güclüdürlər, potensialları var. İdman jurnalistikasından bu sahəyə gələnlər həmişə uğurlu olub. Çünki onlar əvvəldən bu işin içində “bişiblər”. Məsələn, bizdə işləyən Elvin Yaqubov əvvəllər “Futbol+”də işləyib. Ona PFL-dəki işi dərindən başa salmağa çox ehtiyac qalmır. Çünki adamın həm jurnalist kimi, həm də əvvəl klubda işləmiş şəxs kimi təcrübəsi var. Ona görə də hər zaman klub və ya AFFA sektorunda yaxşı idman jurnalistlərinə ehtiyac həmişə olur.

“Xəzər” telekanalının idman redaktoru Sənan Abdullayevin də ürəyi doludur. O da idman mətbuatında uzun müddət telekanal nümayəndəsi kimi təmsil olunur. “Xəzər”in yarandığı gündən telekanalın idman məsələlərinin yükünü çəkənlərdən biri də Sənandır. Jurnalistlər arasında xüsusi hörmət qazanmış Abdullayevin fikirlərini də öyrənmək üçün son olaraq bu telekanala yollandıq.

– İdman jurnalistləri niyə jurnalistikanın digər sahələrindən fərqli olaraq, xüsusi günə sahibdirlər?

– Hər sahədə sayılmaq, seçilmək gözəl bir şeydir. Deməli, o vaxtın idman jurnalistləri bunu bacarıb ki, belə xüsusi gün qeyd olunmağa başlanılıb. Ancaq mən bu günlə bağlı bizi təbrik edəndə belə, bunu tam qəbul edə bilmirəm. Hələ də idman jurnalistləri tam istədikləri sosial durumda deyillər. Amma hər şeyə rəğmən, bu sahədə olmağımdan xoşbəxtəm. Burdakı jurnalistlər də mənə daha doğma gəlir.

– İdman jurnalistlərinin yaşı o qədər də çox deyil. Yəni, əksər jurnalistlər 90-ların sonu 2000-ci illərin əvvəllərindən bu sahədədirlər. Bununla bağlı nə deyə bilərsiniz?

– Təcrübəli həmkarlarımızdan biri bunu mənə danışıb. 2003-cü ildə İtaliya millisi Bakıya gələndə baş məşqçi Covanni Trapattoni hava limanında azərbaycanlı jurnalistlərin yığışdığını görüb onlara yaxınlaşıb. Sonra görüb ki, əksəri gənclərdir, müsahibə vermədən oradan ayrılıb. Yəni, insan ünsiyyət quranda onu başa düşənlərlə qurmağa çalışır. Trapattoninin baxış bucağı da belə olub. Mən arzu edirəm ki, biz yaşlansaq da, hələ də idman jurnalistikasında olaq.

Niyə bizim idman jurnalistləri klublardan, idman qurumlardan təklif gələn kimi ora gedir? Çünki müəyyən müddətdən sonra maddiyyat onları sıxır. Məncə, həmin idman jurnalistləri öz yerində deyillər. İndi mətbuat katibi işləyən jurnalistlər mətbuatda qalsaydılar, daha çox şey edə bilərdilər. Arzu edərdim ki, vəziyyət elə düzəlsin ki, istəmədən, lakin maliyyəyə görə mətbuatdan gedənlər olmasın.

– Karyeranızda belə təkliflər olubmu?

– Olub. Əvvəllər dərhal “yox” cavabı vermişəm. Amma artıq yaş artdıqca qurumlardan təklif gələndə, burdakından ikiqat artıq maaş söyləyəndə, fikrə dalmağa başlayırsan. Bununla belə, yenə deyirəm ki, hazırda uşaqlıq arzularımın yerindəyəm. Bura qram-qram gəlmişəm. Hətta “Futbol+”də də işləyəndə telekanalda işləməyi düşünmüşəm. Bu barədə Mahir Rüstəmli də bilirdi. 2007-ci ildən “Xəzər”dəyəm.

– Yaşa dolduqca təcrübəli jurnalistlərdən futbolçulara diktofon tutanların sayı azalır. Sizcə, bu nə ilə bağlıdır?

– Almaniya–Azərbaycan oyunu zamanı ezam olunanda bir hoteldə mətbuat konfransı keçirilirdi. Bizim ayaqla gəzdiyimiz yerdə 60 yaşlarında alman fotoqraf yerə uzanıb şəkil çəkirdi. Bizdən neçə nəfər bunu edər? Təbii ki, bizdə da maliyyə yaxşı olsa, işinə bu qədər can yandırar. Sizin dediyiniz məsələ doğrudur. “Çto, qde, koqda”da tanınan Rövşən Əsgərov bir ara NTV-də idman jurnalisti işləyirdi. Çıxanda o demişdi ki, mən 40 yaşlı bir adam 23 yaşlı özündənrazı uşağın dalınca qaçmaqdan zövq almadım. O, futbolçunu nəzərdə tuturdu. Müəyyən mənada peşəkarlığa zidd olsa da, insan yaşa dolduqca səndən çox maaş alan futbolçunun sənə müsahibədən imtina etməsi adama pis təsir edir. Mən demirəm ki, niyə futbolçu məndən çox alır. Mən deyirəm ki, mən niyə futbolçu qədər maaş almıram.

– İki idman telekanalının olması fonunda “Xəzər”də çalışan idman jurnalistləri nə dərəcədə “formada qalmağ”ı bacarır?

– 2007-ci ildən 2019-cu ilədək bizim telekanalda “Futbol saatı” verilişi olub. Bizim verilişimiz futbolun qaynayan vaxtlarına düşmüşdü. Məncə, bizim bu veriliş həmin iki telekanalda gedən verilişlərdən geri qalmayıb, hətta deyərdim ki, onları üstələyib. Qeyri-idman telekanalında bir saatlıq idman verilişi aparmaq özü böyük iş tələb edir. Çünki belə telekanallarda hər saatın öz önəmi var.

Söhbətləşdi: Səbuhi Musayev

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri