13 
Avq
2021
15:40
362
45
7777
Virtual karabakh

Karatenin brilyantı: “Məni qınayırdılar, deyirdilər, idmanla vidalaş” - MÜSAHİBƏ

13 Avq, 2021
15:40
7777

Karatenin brilyantı: “Məni qınayırdılar, deyirdilər, idmanla vidalaş” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli azərbaycanlı karateçi, Tokio Olimpiadasında ölkəmizə gümüş medal qazandıran Rəfael Ağayev Modern.az-ın suallarını cavablandırıb. 

“Karatenin brilyantı” ləqəbli idmançının söhbətini təqdim edirik:

- Tokio olimpiadası necə keçdi? Təəssüratlarınızı bilmək istərdik...

- Məncə, çox yaxşı keçdi. Hər kəs olimpiadanın dörd illik həsrətində idi. Məni qınayırdılar ki, artıq 36 yaşın var, idmanla vidalaş. Ancaq mən özümdə güc və iradə topladım, idmana davam etdim.

Bu il mənim üçün çox çətin bir il idi. Həyatda ən əziz insanım olan anamı itirdim, bu mənim üçün ağırdır. Olimpiadaya iki ay qalmış ayağımdan və dizimdən dördüncü dəfə əməliyyat olundum. Çox az müddətdə, cəmi yarım ay ərzində Olimpiadaya hazırlaşa bildim.

Bəzi insanlar mənə inanırdı, bəziləri inanmırdı. Buna normal baxıram, çünki hər kəsin baxış bucağı eyni ola bilməz. Ancaq mənim üçün önəmli olan öz fikirlərim və iradəmdir. İnsan güclü olarsa, Allah ona çox şey vəd edər. Mənə bu yolda həm mənəvi, həm də fiziki dəstək olan hər kəsə təşəkkür edirəm.

- Hamı sizdən qızıl medal gözləyirdi, təəssüf ki, alınmadı. Finalda hakim haqsızlığı ilə üzləşdiyiniz bildirilir...

- Bir döyüşdə məğlub oldum, o da final döyüşüdür. Bəli, mənə hakimin haqsızlığı oldu. Xalımı cərimə zərbəsinə çevirdi və döyüşümü incə-incə sındırmağa çalışdı və bunu bacardı. Sona 15-20 saniyə qalmış rəqibimə xəbərdarlıq edilməli idi. Təəssüflər olsun ki, hakimlərin heç biri reaksiya vermədi.

Hər kəs bizdən qızıl medal gözləyirdi, çünki biz yarışların son günlərində döyüşürdük. Amma düşmənlərimizi qabaqladıq, bununla da fəxr edirəm. Azərbaycan xalqı kimi mən də qızıl medala hazırlaşmışdım. Heç bir idmançı istəməz ki, vətəninə qızıla layiq olduğu halda gümüş aparsın. 

Müəllimlərimə, ailəmə minnətdarlığımı bildirirəm. Azərbaycanın ən böyük qələbəsi torpaqlarımızın azad olunmasıdır, daha sonra isə bizim qələbəmiz gəlir. Vətənim üçün əlimdən gələni edəcəyəm, Azərbaycan bayrağını daima yüksəklərdə tutmağa çalışacağam.

- Növbəti Olimpiadaya qatılmağı düşünürsüzmü?

- Karate 2024-cü ildə olimpiya oyunlarında qala da bilər, qalmaya da. Əlbəttə, karate Olimpiya oyunlarında saxlanılsa, çalışacağam ki, vəsiqə qazanım. Bu dəfə gümüş yox, qızıl medalı vətənimə, xalqıma bəxş edim.

- Tokio-2020 yarışları Olimpiya komandamız üçün o qədər də uğurlu olmadı. Uzun illərdən sonra Azərbaycan idmançıları vətənə qızıl medalsız qayıtdılar. Sizcə bu uğursuzluğun səbəbi nədir?

- Mən ikinci yeri tutmuşam, hansısa idmançı yer tutmayıbsa, onları qınaya bilmərəm. Bu idmandı, idman sürprizlərlə doludur. Vətəndən çıxan hər bir azərbaycanlı qələbə qazanmaq üçün gedir. Qazanılan medallar tək bizim yox, bütün Azərbaycanın uğurudur.

Pandemiya bizi bir il gerilətdi, istədiyimiz kimi hazırlaşa bilmədik. Karyeramda olmayan medal Olimpiada medal idi ki, onu da qazandım.

- Bildiyiniz kimi, olimpiya medalı qazanan idmançılara dövlət tərəfindən pul mükafatı ayrıldı. Siz həmin vəsaiti nəyə xərcləməyi düşünürsünüz? Müsahibələrinizdən birində məktəb açacağınızı demişdiniz, həmin vəsaitlə bu arzunuzu reallaşdıra bilərsiniz...

- Vəsait hələ verilməyib, ailəmə xərcləməyi düşünürəm. Alın tərimlə qazandığım vəsaiti ailəmə, övladıma xərcləməliyəm.

Qeyd edək ki, Rəfael Ağayev beşqat dünya və 11-qat Avropa çempionudur.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri