26 
Okt
2021
15:06
443
39
5869
Virtual karabakh

Dünya çempionu Qubadlı səfərindən danışdı: “Bir də gördüm, cənab Prezident deyir ki, hanı Niyaməddin?”

26 Okt, 2021
15:06
5869

Dünya çempionu Qubadlı səfərindən danışdı: “Bir də gördüm, cənab Prezident deyir ki, hanı Niyaməddin?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən işğaldan azad edilmiş Qubadlı rayonunun tanınmış şəxsləri və ziyalıları ilə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva arasında görüş keçirilib. Görüşdə iştirak edənlər arasında taekvondo üzrə dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayev də olub.

Oxu.Az hazırda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti işləyən Niyaməddin Paşayevdən müsahibə alıb.

– Prezidentlə dialoqdan belə öyrəndik ki, 13 yaşınadək Qubadlının Muğanlı kəndində yaşamısınız. Müharibə dövründə Qubadlıdan çıxmağınızı xatırlayırsınızmı?

– Bəli. Həmin vaxt bizdən yuxarıda – Qubadlının Xanlıq kəndində qızğın döyüşlər gedirdi. Atam həmin vaxt Qubadlının özünümüdafiəsi üçün döyüşürdü. 1993-cü ilin avqust ayının 15-i saat 17:00-dək biz hələ kəndimizdə idik. Atamın döyüşdən qayıtmasından sonra Qubadlıdan Sumqayıta köçdük. Orada da idman fəaliyyətimə başladım. Atam isə yenidən döyüşə qayıtdı.

7-ci sinfə qədər Qubadlının Mahruzlu kəndində Süleyman Rəhimov adına tam orta məktəbdə oxumuşam. 7-ci sinifdən Sumqayıtda 8 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirmişəm.

– Səfər təəssüratınız barədə nə deyə bilərsiniz?

– 13 yaşadək bütün yaşadığım yeri görməyi, yenidən həmin hissləri yaşamağı sözlə ifadə etmək çox çətindir. Çünki tamam fərqli hisslərdir. Qubadlının seçilən 30 şəxsindən biri kimi cənab Prezidentlə görüşmək mənim üçün qürurverici andır. Rayonumuzun işğaldan azad olunmasının ildönümündə mənim də ora dəvət edilməyim xoş oldu. Məni ora dəvət edənlərə, ölkə başçısına təşəkkür edirəm. Çünki orada keçirilən bütün quruculuq və yaradıcılıq işləri cənab Prezidentin nəzarəti altındadır. Bu səfərdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm.

– Kəndinizin ərazisinə baş çəkdinizmi? Öz evinizin yerini, qalıqlarını tapa bildinizmi?

– Bəli. Ərazidən bilinir ki, bu bizim kəndimiz olub. Kəndimizi xarabalıq içində görəndən sonra ermənilərin vəhşiliklərinə əyani şahidlik etdim. Sözün həqiqi mənasında daşı daş üstə qalmamışdı.

– Kəndinizdə olanda hansı xatirələr canlandı?

– Bayaq dediyim kimi, 13 yaş az yaş deyil. O illər ərzində Muğanlıdakı çox şey gözümün qabağına gəldi. Bizim evin yanında gözəl mənzərə vardı. Həkəri çayı görünürdü. Hava yaxşı olanda həmişə oradan həmin mənzərəyə baxırdıq. Yaz-yay vaxtları kənd gözəl görünürdü. Evimizi görəndə uşaqlıq xatirələri canlandı. Xanlıq kəndindəki xəstəxana, rayonun mərkəzində univermaq yadımdadır. Onların qalıqlarını görəndə adam fərqli hisslər yaşayır.

– Prezidentlə qısa da olsa dialoqunuz oldu...

– Rəsmi tədbir olduğundan, hər hansı çıxışım olmadı. Çünki orada məndən yaşca böyük ziyalılarımız vardı. Amma tədbirin rəsmi hissəsi bitdikdən sonra cənab Prezidentin özü dedi ki, gəlin xatirə şəkli çəkdirək. Mehriban xanımla şəkil çəkdirəndə gördüm ki, cənab Prezident deyir ki, hanı Niyaməddin? 30 nəfərin içindən adımla çağırılmağım məni hələ də xatırladığını göstərir. Bu amil onu göstərir ki, cənab Prezident hər bir idmançını şəxsən tanıyır, göstərdiyi nəticələri diqqətdə saxlayır. Ondan sonra mən də cənab Prezidentə yaxınlaşdım. Orada güləşçimiz İslam Abbasova dedi ki, sən də Niyaməddin kimi dünya çempionu olmalısan. Mən orada qeyd etdim ki, gələcəkdə mötəbər idman yarışlarının Qubadlıda təşkil olunmasını çox istərdim. Cənab Prezident də bildirdi ki, orada yaxşı idman qurğuları tikiləcək və gələcəkdə bizim kimi idman mütəxəssislərinə ehtiyac olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri