28 
Okt
2021
16:36
273
17
2269
Virtual karabakh

Qarabağ müharibəsi veteranı Mustafa Məcidli: “Qaranlıq həyatımızı xilas etdi”

28 Okt, 2021
16:36
2269

Qarabağ müharibəsi veteranı Mustafa Məcidli: “Qaranlıq həyatımızı xilas etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silahdaşlarının yaralandığını və öldürüldüyünü görməkdən ağır bir şey yoxdur. Birincisi, bu, müharibədə ən böyük sınaqdır, bitdikdən sonra isə ən ağrılı xatirələrdir. 44 gün ərzində bir düşüncə ilə yaşadıq - nə olursa olsun, yalnız irəli getmək lazımdır”.

Vətən Müharibəsi veteranı Mustafa Məcidli Media.Az-a müsahibəsini bu sözlərlə başladı.

M.Məcidli hələ Vətən Müharibəsi başlamamışdan könüllü olmaq qərarına gəlib. Onun bu qərarına Polad Həşimovun bütün Azərbaycan xalqını sarsıdan ölüm xəbəri təsir edib. General-mayor onun üçün sadəcə hörmətli insan və qəhrəman deyildi, həm də bir vaxtlar hərbi hissəsinin komandiri idi.

“Mən orduda P.Həşimovla şəxsən tanış olmuşam. O, təkcə cəsur əsgər deyil, həm də çox yaxşı insan idi. Baş verənlərdən xəbər tutanda acı və qəzəb hissi məni sözün əsl mənasında daxildən parçalayırdı”, - o, bildirib.

Həmin vaxt Mustafa Məcidli tərəddüd etmədən hərbi komissarlığa gedərək könüllü kimi yazılır. Ancaq döyüş başlayanda o, çağırılmır. Lakin bu, onu dayandırmadı: elə həmin gün komissarlığa gedərək, adını yenidən siyahıya saldırdı. Nəhayət, çoxdan gözlənilən zəng gəldi və sentyabrın 28-də döyüşə getdi...

M.Məcidlinin sözlərinə görə, o, ikinci dəfə də könüllü olaraq cəbhəyə getdiyini yaxınlarına deməyə cəsarət etməyib. Doğmaları veteranın ancaq yayda adını könüllülər siyahısına saldığından məlumatlı idilər.

“Bunu evə qayıdanda valideynlərimə etiraf etdim. Düzünü desəm, əvvəlcə inanmadılar, amma hiss etdim ki, mənimlə fəxr edirlər”, - Mustafa Məcidli deyir.

Müharibə illərində veteranın üzərində böyük məsuliyyət olub. O, sürücü idi və əsas vəzifəsi hərbi hissələrə döyüş sursatının, həmçinin şəxsi heyətin təhlükəsiz şəkildə daşınması idi. Müharibə zamanı təhlükəsizlikdən danışmaq absurd olsa da, M.Məcidli qarlı,daşlı-qayalı dağ yolları ilə, zil qaranlıqda maşın sürməli olub...

“Bəzən yeganə işıq mənbəyi sadəcə ay və ya alışqanın fənəri olurdu. Faraların işığını görən düşmən avtomobili atəşə tutmağa başlayırdı. Beləliklə, qaranlıq həyatımızı xilas edirdi...”- deyə o, söhbətinə davam edir.

Mustafa Məcidlinin hərbi hissəsi Suqovuşan, Ağdərə, Kəlbəcər istiqamətində olub. Onun sözlərinə görə, müharibədə yaşananları heç vaxt unutmayacaq. Silahdaşlarının aldığı yaraların iztirabları və ölümü hələ də gözünün qabağındadır.

“İlk fürsətdə evə zəng etdiyimi xatırlayıram. Əlbəttə, çətin idi, amma bizdə hər şeyin yaxşı olduğunu deyirdim”, - döyüşçü xatırlayır.

Veteranın sözlərinə görə, vahid Azərbaycan xalqının güclü dəstəyi əsgərlərin çətinliklərin öhdəsindən gəlməsinə kömək edib.

“Bizə çoxlu məktublar gəlirdi. Onlar qəlbimizi isidirdi. Bundan əlavə, yemək və isti paltarlar gəlirdi, baxmayaraq ki, artıq hər şeyimiz var idi”, - deyə veteran əlavə edib.

Bir gün Mustafa Məcidli öz hərbi hissəsi ilə Suqovuşanla Ağdərə arasındakı meşəyə yollanıb. Burada maşını qoyaraq, digər hərbçilərlə birlikdə piyada kəşfiyyata gedib. Əsgərlər əraziyə baxış keçirib maşının yanına qayıtsalar da, onu yerindən tərpətmək mümkün olmayıb.

“Təsəvvür edin, meşənin ortasında qırıq maşınla dayanmışıq, ermənilər isə mövqelərindən minaatanlardan atəşə başladı”, - deyə veteran xatırlayır.

Həmin an xilas bütün hərbçilərin özlərini toplamasında olub. Onlar birlikdə maşını təmir edə və yola düşə biliblər. Elə həmin gecə onlara hücum əmri verilib.

“Çox çətin döyüş olacağını bilirdim və müharibənin mənim üçün hər an sona çatacağını düşünürdüm. Həmin vaxt dostlarımla əlaqə saxladım və bütün incikliklərimi, borclarımı bağışlamalarını xahiş etdim. Onlara dedim ki, əgər mənə bir şey olarsa, ailəmə baxsınlar”, - veteran deyir.

Amma evinə nə zəng edib, nə də yazıb. Həmin gecə Azərbaycan ordusu düşmənə ciddi artilleriya və hava zərbələri endirdi. Döyüş gecə saat 12-yə qədər davam etdi.

“Biz başa düşdük ki, geriyə dönüş yoxdur”, - deyə o, olanları xatırlayır.

Mustafa Məcidli haqlı idi: onun üçün müharibənin sonu idi. Lakin bu ona görə baş verdi ki, tezliklə düşmənin təslim olması xəbərini aldılar:

“Tezliklə bizə xəbər verdilər ki, ermənilər təslim olub və müharibə başa çatıb”.

Onun sözlərinə görə, bütün əsgərlər hücum əmrini gözləyirdilər və nə olursa olsun, yalnız irəli getməyə hazır idilər. Ancaq düşmənin kapitulyasiyası xəbəri onları həqiqətən xoşbəxt edib.

“Müharibənin bitdiyini biləndə keçirdiyimiz hissləri çatdırmaq çətindir. Bu məsələnin həllini övladlarımızın öhdəsinə buraxmadığımız və son qoyduğumuz düşüncəsi bizi hədsiz sevindirdi”, - deyə M.Məcidli sözlərini yekunlaşdırıb.

Leyla Eminova

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri