29 
Okt
2021
13:08
19
178
2577
Virtual karabakh

Aleksandr Perenciyev: “İrəvan yenə də Rusiya və KTMT-nin köməyinə ümid edir”

29 Okt, 2021
13:08
2577

Aleksandr Perenciyev: “İrəvan yenə də Rusiya və KTMT-nin köməyinə ümid edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan yenidən köhnə valı işə salaraq Qarabağın, onun hesab etdiyinə görə, Azərbaycanın tərkibində olmayacağını bəyan edib. O, müharibədəki məğlubiyyətdən sonra Ermənistanın ali rəhbərliyinin - prezidentin, baş nazirin, parlamentin sədrinin Qarabağa getməyə cəsarət etmədiyinə diqqət çəkən erməni jurnalistlərin iradına cavab olaraq belə bir bəyanatla çıxış edib.

Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Oxu.Az-a müsahibəsində Armen Qriqoryanın sözlərini informasiya müharibəsinin təzahürü adlandırıb:

- Gəlin, vəziyyəti ətraflı, mərhələlərlə təhlil edək. Birincisi: Azərbaycan SSR-in tərkibində keçmiş DQMV və yeddi işğal olunmuş rayon var idi. Ötən ilin noyabr ayında imzalanan Üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsi sayəsində mümkün olub.

Azərbaycan ərazilərinin bir hissəsi müharibə yolu ilə geri qaytarıb, digər hissəsi isə imzalanmış Bəyanata əsasən qeyd-şərtsiz təhvil verilib. Amma erməni tərəfi daim bütün bu ərazini Qarabağ adlandırıb və öz ərazisi hesab edib.

İkincisi: birbaşa DQMV-nin keçmiş ərazisi. Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan qoşunları Bəyanatı imzaladıqdan sonra tutduqları mövqelərdə dayanmışdılar. Oradan da heç yerə getməyəcəklər, Şuşanı tərk etməyəcəklər, elədirmi?

Keçmiş DQMV-nin qalan hissəsində indi Rusiya sülhməramlıları yerləşib və vəziyyət bir müddət dondurulub. Amma Rusiya kontingenti gedəcək və bu ərazi mərhələ-mərhələ Bakının tək hüquqi yox, həm də faktiki nəzarətinə keçəcək.

Azərbaycan indi tamamilə haqlı olaraq torpaqların iqtisadi cəhətdən bərpasına, Zəngəzur dəhlizinin, nəqliyyat kommunikasiyalarının açılmasına yönəlib. Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsi də var, lakin Bakı ilə Tehran arasındakı gərginliyə görə bir qədər dayanıb.

Bunun fonunda Qarabağın qalan ərazisinin tezliklə Bakının tam nəzarətinə keçməsindən ehtiyatlanan rəsmi İrəvan özünü əvvəlki tək - bütün əraziləri əlində saxladığı kimi aparmağa başlayıb.

- Yəni Ermənistanda köhnə ritorikaya qayıtmaq qərarına gəliblər?

- Tamamilə doğrudur. Bu, yeni şərtlərlə sadəcə köhnə ritorikadır. Erməni tərəfi əvvəllər də “Madrid prinsipləri”nə məhəl qoymayıb, indi də belə edir. Amma Azərbaycan “Laçın dəhlizi”nin işinə zəmanət verib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Bəli, eyni zamanda, “Madrid prinsipləri”ndə Qarabağın müəyyən statusundan söhbət gedir ki, bu da danışıqlar yolu ilə həll olunmalıdır...

- ...sözünüzü kəsdiyim üçün üzr istəyirəm, amma müharibədən sonra ərazidə hansı statusdan söhbət gedə bilər? Azərbaycan bu məsələni bağlayıb. Ərazilərin statusu artıq müzakirə mövzusu deyil.

- Bəli, mən Azərbaycanın mövqeyini başa düşürəm. Amma mən əvvəllər müzakirə olunan sazişlərdən danışdım.

İstənilən halda bütün məsələlər danışıqlar yolu ilə həll olunacaq və Qarabağın Azərbaycanın tərkibində olmayacağı ilə bağlı bəyanatlar təxribatdır. İrəvan belə bir təxribatın hərbi toqquşmalara səbəb ola biləcəyini nəzərə alırmı?

Bəli, indi Qarabağda sülhməramlılar var, Bakı onların olması ilə razılaşıb, amma Rusiya kontingentinin qalma müddəti məhduddur.

İrəvan yenidən Rusiya və KTMT-nin köməyinə ümid edir. Amma Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi var. Ankara bölgədədir və başa düşmək lazımdır ki, Rusiya və Türkiyə bir-biri ilə döyüşmək fikrində deyil.

Ermənistanda revanşist əhval-ruhiyyə qızışır, deyirlər, “Qarabağı qaytaracağıq” şüarları və s. Halbuki sadəcə müqavilələr yerinə yetirilməlidir və özündən nəsə icad etmək lazım deyil.

- Yeri gəlmişkən, müqavilələr haqqında danışaq. İndi Azərbaycan və Ermənistan arasında sovet dövründə müəyyən edilmiş sərhədlər çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə böyük sülh müqaviləsinin imzalanması məsələsi bütün səviyyələrdə fəal şəkildə müzakirə olunur...

- Yadınızdadırsa, üç il əvvəl belə bir müqavilənin imzalanmasından, sərhədlərin tanınmasının labüdlüyündən danışmışdım (gülür). Onda heç kim bunu təsəvvür etmirdi və yaxın gələcəkdə belə bir ehtimala az adam inanırdı. İndi isə hər şey məhz buna doğru gedir.

- Və son məqamda Ermənistan hökuməti hərbi xərcləri 11 % artırır. Bu məqsədlər üçün Ermənistanın 2022-ci il dövlət büdcəsində 723 milyon dollar məbləğində vəsait nəzərdə tutulub. Bu nəyi göstərir? Bu revanş arzusudur?

- Revanş arzusu təbii ki, mövcuddur. Amma mənə elə gəlir ki, hərbi büdcənin artırılması ötən ilki əhəmiyyətli itkiləri əvəzləmək cəhdidir. Ən azından, Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən qənimət erməni hərbi texnikasına baxmaq kifayətdir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri