29 
Okt
2021
14:44
301
23
5856
Virtual karabakh

Əsgərlərə yardım edən tibb bacısı: “Füzuliyə çatanda gözlərim önündə dəhşətli bir mənzərə açıldı” - MÜSAHİBƏ

29 Okt, 2021
14:44
5856

Əsgərlərə yardım edən tibb bacısı: “Füzuliyə çatanda gözlərim önündə dəhşətli bir mənzərə açıldı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsi günlərində onlarla həkim və tibb bacısı qəhrəman hərbçilərimizi həyatda saxlamaq uğrunda mübarizə aparıb.

Onlardan biri də Nuranə Yusibovadır. Valideynlərinin buna qarşı olmasına baxmayaraq, igid qız öz borcunu yerinə yetirmək üçün cəbhə bölgəsindəki hərbi hospitala yollanıb.

Üzərindən bir il vaxt keçməsinə baxmayaraq orada olduğu günlərdə gördüyü və yaşadıqları barədə danışarkən hələ də göz yaşlarını saxlaya bilmir.

N.Yusibova Media.Az-a müsahibəsində müharibə ilə bağlı ürəkağrıdan xatirələrindən danışıb.

- Cəbhə bölgəsində yerləşən xəstəxanaya getmək qərarını nə vaxt verdiniz?

- Mən çox istəyirdim ki, hərbçilərə kömək edim. İşdə bizə məlumat veriləndə ki, Beyləqanda tibb işçilərindən ibarət briqadaya ehtiyac var, dərhal bu arzumu dilə gətirdim. Valideynlərim, təbii ki, buna qarşı idilər, çünki mənim taleyimə görə çox narahat idilər. Amma mən qərara gəldim ki, gedib vəzifəmi yerinə yetirim.

- Beyləqandakı ilk gününüzü xatırlayırsınız?

- Əlbəttə, çətin idi, çünki bu ərazilər tez-tez atəşə tutulurdu. Oraya gedən gündən artıq bizi güllələrin və mərmilərin gurultusu qarşıladı. Mən çox qorxurdum, nəinki mən, hamı... Yalan danışıb özümüzdən qəhrəman obrazı yaratmaq istəmirəm. Biz xəstəxanaya çatan kimi Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərləri təcili tibbi yardım maşınları ilə oraya gətirdilər. Çoxlu qan itirən yaralılar var idi. Bu dəhşətli mənzərə idi.

- Xəstəxanada neçə həkim işləyirdi?

- Xəstəxana işçilərindən başqa Lənkəran və Ağdaşdan olan daha iki komanda var idi. Ancaq istənilən halda həkimlər hamıya əl yetirə bilmirdi. Həkimlər qəlpələri çıxaranda yaralıların ağrıdan iniltiləri eşidilirdi. Bütün bu əzabları onlarla birgə yaşayırdıq. Hərbçilərimiz danışırdı ki, döyüşlər zamanı nə olursa olsun, ancaq döyüşmək haqqında düşünürdülər, gözlərinin önündə başqa heç nə dayanmırdı. İndi bütün olanları xatırlamaq çox çətindir. Allah heç kimə bunları qismət etməsin. Gecələr yatmırdıq. Vaxtında kömək etmək, ağrıkəsici vurmaq üçün hər dəqiqə əsgərlərin yanında olurduq. Gecələrin birində bizə xəbər verdilər ki, yeni ərazilərin azad edilməsi uğrunda döyüşlər başlayıb. Bu o demək idi ki, tezliklə yaralılar daxil olmağa başlayacaq. Gecə saat birdə təcili yardım maşınları ilə Füzuliyə getdik. Yaralıları ora gətirirdilər. Qaranlıqda minaatanların sədası altında daşlı yollarla hərəkət edirdik.

- Bunun nə qədər qorxulu olduğunu təsəvvür edirəm...

- Sözsüz. Qorxurduq ki, bu maşından heç sağ çıxmayacağıq. Amma ən pisi qarşıda idi... Füzuliyə çatanda gözlərim önündə dəhşətli bir mənzərə açıldı. Çoxlu yaralı var idi... Ağrıdan iniltilər... Çox operativ işləyirdik və əlimizdən gələn hər şeyi etməyə çalışırdıq. Amma hamıya zamanında kömək etmək mümkün deyildi. Həkimlərin ağır yaralılara vaxt ayıra bilməsi üçün digər nisbətən yüngül xəsarəti olan əsgərlərdən bir neçəsinin başqa xəstəxanalara göndərilməsini təklif etdim. Hamı mənim fikrimi dəstəklədi. Yaralıları üç-üç təcili yardım maşınına mindirib ən yaxın şəhərlər olan Beyləqan və Ağcabədiyə yola düşdük. Təsəvvür edin, avtomobil qaranlıqda hərəkət edir və biz eyni zamanda yolda əsgərlərə tibbi yardım göstəririk. Düzünü desəm, işimizlə çox fəxr edirəm, əlimizdən gələni etdik.

- Bütün Azərbaycan xalqı sizinlə fəxr edir...

- Təşəkkür edirəm. Yadımdadır, bir çox əsgərin ayaqları toz-torpaq içində idi. Yaraları təmizləmək üçün onları yuyurdum. Onlar xahiş edirdilər ki, bunu etməyim. Cavabımda onlara bildirirdim ki, bu mənim borcumdur. Axı onlar bu ayaqları ilə irəli gedib bizim üçün döyüşüblər. Biz danışdığımız vaxt onların gözlərində yaş axırdı. Onlara kömək etdikdən sonra corablarını, ayaqqabılarını geyindirirdim. Onlar Azərbaycanda belə tibb bacılarının, həkimlərin olmasından fəxr etdiklərini söylədilər. Bu sözlər bizim üçün çox dəyərlidir.

Amma ən çətini valideynlərin xəstəxananın qapısının qarşısına toplaşıb övladından xəbər gözləməsi idi. Övladlarının sağ qalacağına ümid edirdilər. Daha sonra isə valideynlərin qarşısına çıxan həkim onları hərbçinin şəxsiyyətini müəyyən etmək üçün çağırırdı. Şəhid övladını tanıyan anaların və ataların fəryadı... Bunu heç vaxt unutmayacağam. Onlar şəhid olan uşaqlarını sinələrinə sıxırdılar. Bir Allaha məlumdur ki, anaların fəryadını eşitmək, göz yaşlarını görmək nə qədər ağır idi... Bizim xəstəxanamızın yaxınlığında tibb bacılarından birinin evi var idi. Bir gün gurultu eşitdik və yerin titrədiyini hiss etdik. Tezliklə bizə xəbər gəldi ki, həmən evə bomba düşüb. Tibb bacısı və körpəsi həyatını itirmişdi... Biz şoka düşdük. O an düşündük ki, bu artıq sondur, mərmi bizim binamızı da uçuracaq. Gurultu o qədər güclü idi ki, elə bil döyüş xəstəxanamızın yaxınlığında gedirdi. Hər bir gurultudan sonra ürəyimiz düşürdü.

- Hər gün sizin üçün əsl sınaq olub. Bəs qəlbinizi isidən xatirələriniz necə, varmı?

- Əlbəttə. Bizim qidalanmağımız üçün böyük bir çadır qurmuşdular. İlk növbədə, təbii ki, əsgərlər yemək yeyirdi, sonra isə tibb işçiləri. Həmin an orada çox gözəl ab-hava olurdu. Qəhrəmanlarımızı doymuş görmək bizi sevindirirdi. Həmçinin yaralı əsgərlərimizdən birinin ad gününü xatırlayıram. Ona sürpriz etmək istəyirdik. Tibb işçiləri ilə bir araya gəlib tort, imkanımız daxilində hədiyyələr aldıq. Bu, inanılmaz bir anlar idi. Hamı onu təbrik edirdi, o isə bizə təşəkkür etməkdən yorulmurdu. Təbii ki, bizim gördüyümüz iş çox cüzi bir şey olsa da, bu onun üçün böyük sevinc demək idi.

Sözün düzünü desəm, bütün çətinliklərə baxmayaraq, oradan heç ayrılmaq istəmirdim. İnanın, bir aya yaxın idi ki evə qayıtsam da özümü hələ də müharibədəki kimi hiss edirdim. Gözümü yuman kimi mərmi gurultusunu, əsgərlərin iniltisini eşitdim. Hər dəfə yuxudan oyanıb harasa getməyə hazırlaşırdım, sonra evdə olduğum yadıma düşürdü. Bərpa olunmaq çox çətin idi. Bizim psixoloji problemlərimiz yarandı. Bir çox tibb işçisi kömək üçün digər həkim həmkarlarına müraciət etdi. Hər şeyə rəğmən mən bir azərbaycanlı qızı və öz peşə borcunu yerinə yetirmiş tibb bacısı kimi bütün olanlarla qürur duyuram. Mən vətənimin və peşəmin vurğunuyam.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri