18 
Noy
2021
15:08
200
31
5727
Virtual karabakh

XTQ-nin zabit həkimi: “Sosial şəbəkələrdə xoş olmayan söhbətlərlə rastlaşıram” - MÜSAHİBƏ + FOTO

18 Noy, 2021
15:08
5727

XTQ-nin zabit həkimi: “Sosial şəbəkələrdə xoş olmayan söhbətlərlə rastlaşıram” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı həkim Namiq Seyfəddinlinin hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim-ekspert kimi çalışmağından çoxlarının xəbəri yoxdur. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən müharibələrdə yaralanmış qazilərin əlilliklərini təyin edən komissiyanın əsas üzvlərindən biridir. 

Oxu.Az-ın əməkdaşı müharibənin ağxalatlı qəhrəmanı ilə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

- Namiq həkim, bilirik ki, Vətən müharibəsindəki xidmətləriniz əvəzolunmazdır. Bunu müharibə zamanı yaralanmış hərbçilərimizin dilindən də eşitmişik. 300-dək yaralıya müharibədə tibbi xidmət göstərmisiniz. Hətta şəhid olduğu zənn edilən döyüşçünü həyata qaytarmısınız. Əvvəlcə istərdim ki, özünüz haqqında məlumat verərdiniz.

- 1995-ci ildə Qəbələ rayonunda anadan olmuşam. Orta məktəbi orda bitirdikdən sonra 2013-cü ildə Tibb Universitetinin “Hərbi Tibb” fakültəsinə daxil olmuşam və 2019-cu il oranı bitirmişəm.

2019-cu ildən Naxçıvanda XTQ-nin N saylı hərbi hissəsində hərbi həkim kimi fəaliyyətə başlamışam.

- Bildiyimə görə, 44 günlük Vətən müharibəsi başlayanda döyüşlərdə ilk iştirak edən həkimlərdən biri də siz olmusunuz. Necə oldu ki, döyüşlərdə iştirak etmək qərarına gəldiniz?

- Əvvəlcə onu deyim ki, mənim ən böyük arzum XTQ-də xidmət etmək idi. Elə alındı ki, məni elə ora təyin etdilər. İnanırsınız, çox sevinirdim. Sonra 44 günlük Vətən müharibəsi başladı. 

Həmin vaxt mən əvvəlcə Naxçıvanın XTQ-si ilə birlikdə döyüşlərə qoşuldum. Sonra “Yaşma”nın həkimi yaralandığı üçün məni ora cəlb etdilər və onlarla birlikdə hərbi əməliyyatlarda iştirak etdim. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrutu işğaldan azad elədik.

Həmin döyüşlərdə yaralılar olurdu, onlara ilkin yardım edib hospitala göndərirdim, ancaq heç biri getmək istəmirdi. Hamı döyüşmək istəyirdi.

Noyabrın əvvələrində isə Şuşa əməliyyatına hazırlandıq. Şəxsi heyətin tək həkimi mən idim.

Dağlıq yollarla düz 13 kilometr yol getdik. Ermənilər gözləmirdi ki, biz dağlıq yollarla hücuma keçə bilərik. Demək olar ki, bir neçə gün orada şiddətli döyüşlər getdi. Biz ora gələrkən özümüzlə ən yüngül silahları götürmüşdük ki, rahat hərəkət edək. 

Mənim orada amalım var idi, həm torpaqlarımızı azad etmək, həm də yaralıları sağaltmaq. Çalışırdım ki, onlara motivasiya verim. Hətta ağır yaralı olanda ona deyirdim ki, “Nə olub? Heç nəyin yoxdu”. Sonra noyabrın 5-dən 6-na keçən gecə yanıma top mərmisi düşdü və bir neçə nəfərlə yaralandım.

Həmin gün ərazidən 9 yaralıya ilkin yardım etdikdən sonra birlikdə 36 saat yol gedərək onları Xocalının Çanaqçı kəndindəki tibb məntəqəsinə çatdırdım. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam.

- Siz hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti kimi çalışırsınız. Vətən müharibəsi iştirakçılarının, eləcə də 90-cı illərin Qarabağ döyüşlərində iştirak etmiş və əlillik müddəti bitən qazilərin əlilliyinin qiymətləndirməsini aparırsınız. Ümumiyyətlə, bu proses necə həyata keçirilir. Heç onların arasında vaxtilə həyatını xilas etdiyiniz qazilər olurmu?

- Nazirlik mənə bu işi təklif edəndə çox sevindim. Çünki mənim üçün şərəfdir ki, qazilərimizin əlilliyinin qiymətləndirilməsində mən də iştirak edirəm və həkim komissiyasının üzvlərindən biriyəm. Kənardan necə görünür deyə bilmərəm, amma bu iş çox məsuliyyətlidir. Həm də çətindir. 

Agentliyin həkimləri bütün müharibə iştirakçılarına həssaslıqla yanaşırlar. Onları dinləyirik, hazırkı vəziyyətlərinin əlilliyə əsas verib-vermədiyini izah edirik.

Bu proses çox şəffaf keçirilir. Qiymətləndirmədə komissiya üzvləri arasında müharibədə iştirak etmiş həkimlərimiz az deyil. Həmçinin vətəndaş cəmiyyəti üzvləri iştirak edir.

Yəni, bütövlükdə sistem elə qurulub ki, hər kəsə fərdi yanaşılır. Təbii ki, imtina qərarını verəndə müəyyən qədər narazılıq olur, amma mən bir Vətən müharibəsi iştirakçısı kimi onlara məsələni izah edirəm. Onlar içərisində mənim sağaltdığım insanlar da olur. 

Və bir şeyi də deyim ki, ara-sıra bəzi sosial şəbəkələrdə əlilliklə bağlı xoş olmayan söhbətlərlə də rastlaşıram. Bu, mənə çox pis təsir edir.

Komissiyanın qərarlarına heç kimin şübhəsi olmasın. Bu xidməti göstərənlər bütün qərarları düzgün, vicdanla və qanunla görürlər. 

Məni qürurlandıran məqam həm də dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyi yüksək dəstəkdir. Aylıq pensiya, təqaüd, müavinət, mənzil, avtomobil, sığorta ödənişi, protez, özü də ən yaxşısından, pulsuz reabilitasiya və s. Bunlardan artıq nə ola bilər ki?! Sözün düzü, mən heç vaxt döyüşlərdə iştirak edəndə düşünmürdüm ki, qayıdanda dövlətdən Vətən müharibəsi iştirakçısı kimi nəsə tələb edəcəm. Çünki Vətəni müdafiə etmək hər bir azərbaycanlının təmənnasız borcudur.

İlhamə Əbülfət
FOTO: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri