Dek
2021
13:48
39
220
6567
Virtual karabakh

Vəzifəli şəxsin narkotik istifadəçisi oğlu: “Atam pul verirdi ki, get, al, gəl, tutulma” - REPORTAJ + FOTO

4 Dek, 2021
13:48
6567

Vəzifəli şəxsin narkotik istifadəçisi oğlu: “Atam pul verirdi ki, get, al, gəl, tutulma” - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevdiyim qadınla nişanlı idim. Çox xoşbəxt insan idim. Energetika sahəsi üzrə təhsil almışdım, ixtisasım üzrə də dövlət qurumlarından birində işləyirdim. Anam, atam da dövlət qurumlarında yüksək vəzifədə çalışırdı. Sevdiyim xanımla üç ay sonra toyumuz olacaqdı. Bir gün ağlımıza gəlməyən başımıza gəldi. Nişanlım avtomobil qəzasında öldü. Onun itkisini qəbul edə bilmədim və narkotikə başladım. Elə o gündən də oldum yaşayan ölü”...

Sevdiyimiz insanları itirmək asan deyil, amma ölənlə də ölmək olmur. Budəfəki həmsöhbətimiz 31 yaşlı Vüqardır. Narkotikə qurşanana qədər peşəkar energetik olub. Moskvada təhsil alan Vüqar deyir ki, adlı-sanlı ailənin övladı olması ilə yanaşı savadı ilə çalışdığı dövlət orqanlarında da özünə hörmət qazanmışdı.

Çətinliklə, uzun illərin əziyyəti ilə qazandığı hər şeyi bir an içində itirən Vüqar ilə söhbətimiz Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində baş tutdu.

Oxu.Az 8 ildir narkotik istifadəçisi olan V.Ə (ad şərtidir) ilə söhbəti təqdim edir.

Kley, ekstazi, lirika, tramadol... taksikomaniya

Həmsöhbətim deyir ki, nişanlısını unutmaq üçün bir vasitə axtararkən həyatını korladığının fərqində olmayıb:

“Mənim anam həkimdir, özü də respublikanın fəxri həkimlərindən biridir. Mənə həmin dövrdə hamı dəstək olmağa çalışırdı. Amma mən hər kəsdə uzaqlaşdım. Təzə-təzə toksikomaniya ilə başladım, kley iyləyirdim. Sonra dərmanlar – ekstazi, lirika, tramadol və s. içməyə başladım. Bir müddət sonra içki içməyə başladım. Nə edirdimsə, unuda bilmirdim. Bir müddət belə davam etdikdən sonra heroin qəbul etməyə başladım. Damara vurmurdum, çəkirdim. Artıq bədən öyrəşməyə başlayırdı. Həm də yeni gələn heroinlərdə xəstəliklər var idi. Ona görə daha istifadə etmədim. Həkim yoxlamasından da keçdim hepatitə yoluxmağımdan ehtiyat edirdim, amma analizlər təmiz çıxdı.

Ondan sonra “kakos”, “şüşə” (metamfetamin) istifadə etməyə başladım. Artıq səkkiz ildir ki, narkotik vasitə istifadəçisiyəm. Baxıram ki, dəyməzdi. Evdə də, işdə də, dost-tanış arasında da hörmətdən düşmüşəm. Heç kimə yaxın gedə bilmirsən”.

“Atam deyirdi, iç yıxıl yerə desinlər “alkaşdı” nəinki narkomandır”

Vüqar deyir ki, narkoman olacağı, nə vaxtsa bu cür əziyyət çəkəcəyi yatsa yuxusuna belə girməzdi:

“Bizim ölkədə kimə ki “narkoman” dedin, o insanın geri qayıdacaq yolunu bağlayırsan. Türkiyədə bizim kimilərə “uyuşturucu bağımlısı” deyirlər. Onları xəstə, müalicəyə ehtiyacı olan biri kimi qəbul edirlər. Bu mənim subyektiv fikrimdir. Hətta atam da narkoman sözünə qarşı idi. Mənə deyirdi ki, iç yıxıl bir ağacın dibinə desinlər “alkaşdı”, eybi yox, amma narkoman deməsinlər. Mənim bacım Türkiyədə yaşayırdı. Onun yanına gedib, psixoterapiya müalicəsi almışam. Daha sonra Azərbaycanda da həkim nevropatoloqlar tərəfindən müalicə olundum. Dəfələrlə evə bağlanmışam, küçəyə çıxmamışam. Ağır antidepresant dərmanlar qəbul edirdim ki, vəziyyətdən çıxım. Zəif adam olmamışam, ailəm də mənə görə çox əziyyət çəkib. Amma mən o dövrlərdə özümə belə kömək edə bilmirdim ki, onlara kömək edim. Neçə dəfə qollarımı kəsib, intihar etmək istəmişəm.

Mən narkotik maddə istifadə edənə qədər ətrafımda hər kəsin “barmağımı kəsib üstünə duz töküb ağrısına dözərəm, amma narkotik istifadə etmərəm” dediyi fikirlərlə razılaşırdım. Amma indi görürəm ki, böyük danışmaq lazım deyilmiş, heç nə barədə yaşamamış fikir bildirmək olmaz”.

“Ağrılarımı təsvir edə bilmirəm...dözə bilmirdim”

 Narkomanı narkotik istifadəsinə vadar edən ağrıları diş ağrısının 10 qatına bərabər ağrılarla müqayisə edən Vüqar deyir ki, vəziyyət o həddə çatmışdı ki, atası narkotik üçün hər səhər ona pul verirdi:

“Ağrıya dözə bilmirdim. Ya dərman qəbul edirdim, ya da narkotik çəkirdim. O həddə çatmışdı ki, atam hər gün 50-100 manat verirdi ki, “get, al, gəl, tutulma”. İndi mənim bu vəziyyətimə baxmayın, çəkim 115 kq olub. Ona görə də “patı”(metamfetamin) məni bu günə saldı. Ən çox ondan istifadə edirdim. Tiryək, qara, kakos eləcə də sintetik narkotiklərdən kokain, metamfetamin istifadə etmişəm. “Şüşə” də deyirik metamfetaminə. İndi gələnlərin tərkibi pisdir, cavanları öldürür. Atam mənə dili ilə deyirdi ki, “sənə nəşə alım onu çək, amma bu “kakosu” çəkmə”. Onu bu sözü deməyə vadar etdiyim üçün də çox peşmanam.

Narkotik üçün ailəm mənə kömək edib deyə, oğurluq etməmişəm, kiməsə ziyan vurmamışam. Ailəm narkotik üçün pul da verib, narkotikdən müalicə üçün də pul verib. Mən özümdən, ailəmdən başqa heç kimə ziyan vurmamışam. Axır zamanlarda bədənim daha çox doza tələb edirdi deyə, çatdıra bilmirdim. Hərdən “bariqaları” döyürdüm. Sumqayıtda da vəziyyəti bilənlər, bilir. Vəziyyətim o həddə çatmışdı ki, anamın, atamın adına ləkə gəlirdi. Anam 47 ildir səhiyyə sahəsindədir, Əməkdar həkimdir. Atamla isə eyni sektorda dövlət qurumlarından birində çalışırdıq. Özüm ərizə yazıb işdən çıxdım ki, onlara ləkə gəlməsin. Anam artıq təqaüdə çıxıb, atam isə çalışır”.

Narkotikin əlçatanlığının aradan qaldırılması istiqamətində aidiyyəti qurumların atdığı addımları alqışlayan Vüqar deyir ki, narkomaniyanın qarşısını bəlkə bu üsullarla almaq mümkün oldu:

“Bizim vaxtımızda narkotik çox əlçatan idi. Kim hardan, necə istəsə tapa bilirdi. Amma indi nisbətən azalıb. Müalicəyə gələnlərdən soruşuruq, deyirlər ki, ciddi tədbirlər görülüb. Narkotik satışı ilə məşğul olanlar müəyyənləşdirilib dərhal saxlanılırlar. Bizim vaxtımızda pulun olmayanda dostlar vəziyyətdən çıxarırdı. Pul olmayanda belə narkotik var idi. Bu vəziyyətə isə nəzarət etmək mümkün olmur. Bura müalicəyə gəlib qayıdanların yarıdan çoxu yenidən narkotikə qayıdır. Amma 1 faiz insan sağlam həyata başlayır. Mən özümü həmin 1 faizin içərisində görürəm”.

“Bacım qızı mənə dedi ki, məni məktəbdən çıxar uşaqlar tramadol atır”

“Gənclər artıq psixotrop dərmanların adına qədər bilir. Məktəb yaşlı uşaqlar, 15-17 yaşlı yeniyetmələr, gənclər arasında da bu bəla yayılır. Onlara səslənirəm ki, həyatlarını məhv etməsinlər. “Kim desə ki, bir dəfə ilə heç nə olmur” onların sözlərinə inanmasınlar. Nə olursa, elə birinci dəfə olur. Nəşə alüdəçilik yaratmır deyirlər, boş söhbətdi, uzaq olsunlar. Bir dəfə istifadəyə başladınsa, sən əl çəkmək istəsən də, narkomaniya səndən əl çəkmir. Gül kimi həyatımı məhv etdim. Evim, maşınım, pulum, işim-gücüm hər şey qaydasında idi. Həmin günlərimi geri qaytarmaq istəyirəm. Sağalıb yenidən işimə qayıtmaq istəyirəm. Mənim yaşıdlarımın uşaqları artıq məktəbə gedir. Mən də ailə qurmaq istəyirəm. Ümid edirəm bu sınaqdan çıxacam və buradan çıxandan sonra keçmişdə etdiyim səhvləri daha etməyəcəm”-,deyə Vüqar fikirlərini tamamladı.

Ümid edirik ki, buradan çıxdıqdan sonra Vüqar da, digərləri də öz həyatlarını qaydasına salacaq. 

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri