Dek
2021
15:00
168
47
4519
Virtual karabakh

“Altın Kelebek” mükafatçısı: “Başqasının həyatına burunlarını soxmasınlar” - MÜSAHİBƏ + VİDEO

6 Dek, 2021
15:00
4519

“Altın Kelebek” mükafatçısı: “Başqasının həyatına burunlarını soxmasınlar” - MÜSAHİBƏ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Türkiyədə “Altın kelebek” mükafatlandırma gecəsi baş tutub. Keçirilən mükafatlandırma mərasimində Azərbaycandan olan müğənnilər də iştirak ediblər. 

“Azərbaycanın ən parlayan ulduzu” nominasiyasına isə Ayaz Babayev, Çinarə Məlikzadə və Nahidə Babaşlı namizəd olub. Yekunda Nahidə Babaşlı mükafata layiq görülüb.

Qalib Oxu.Az-ın suallarını cavablandırıb.

- Nahidə xanım, ilk öncə təəssüratlarınızı öyrənmək istərdik.

- Hər şey əladır, çox sevinirəm. Dünən çox həyəcanlı idim. Üç namizəd idik, hiss edirdim ki, mən qalib olmaya da bilərəm. Hamı çox səbirsizliklə gözləyirdi. Anidən adımı eşitdim. O səhnədə illərin usta aktyorlarının, aktrisalarının, müğənnilərinin həyəcandan danışa bilməmələrini heç vaxt başa düşmürdüm. O boyda böyük səhnələrə çıxıb burada danışmamaq olarmı? Amma mən səhnəyə çıxanda özünüz də gördünüz ki, səsim titrədi. Əvvəldən məşq elədiyim, orada demək istədiyim heç bir söz yadıma düşmədi (gülür). Ancaq yenə də bacardığım qədər səmimi olmağa çalışdım. Bu gün mənim üçün heç vaxt unudulmayacaq. Bəlkə bəziləri belə günləri iki gün danışır, sonra unudur, amma mən heç vaxt unutmayacağam. 

- “Altın kelebek”də hər zaman qalmaqallar yaşanıb. Aygün Kazımova və Röya Ayxan bu mükafatı alanda söz-söhbətlərin olmasının şahidi olmuşduq. Ayaz və Çinarənin dəstəyini səmimi qəbul etdinizmi?
 
- Biz üç dost olaraq hər şeyə özümüzü hazırlamışdıq. Amma onlardan həqiqətən bu qədərini gözləmirdim. Mükafatı alandan sonra gəlib təbrik etdilər. Bizim aramızda başqa bir şey ola bilməz. Çalışırıq ki, özümüz özümüzə balta vurmayaq. 

- İllərlə şou-biznesdə külüng vurub, istədiyi pilləyə çata bilməyən məşhurlar var. Bu uğurunuzu görən şou-biznes nümayəndələrindən, xalq artistlərindən sizi təbrik edənlər oldumu? 

- Təbrik edən dostlarım oldu. Jurnalist, aparıcı dostlarım və mənimlə eyni sənəti paylaşan dostlarım sağ olsunlar, təbrik etdilər. Amma o dediyiniz kütlədən... Heç kəsdən telefon zəngi almadım, nə bir zəng, nə bir təbrik. Əslində ötən gün o qədər sevincli və xoşbəxt idim ki, heç ağlıma da gəlmirdi ki, görəsən bunlar məni niyə təbrik etmədi (gülür). Əsas olan o idi ki, ailəm, dostlarım, komandam yanımda idi.

- Aldığın mükafat və səhnədəki ifandan sonra türkiyəli məşhurların reaksiyası necə oldu? Səni xüsusi təbrik edənlər oldumu?

- Türkiyədə fəaliyyət göstərdiyim üçün bura qatılanların çoxu əlaqəm olan insanlardı. Onlarla səhnədən əvvəl salamlaşdıq, mükafat aldıqdan sonra da tanıdığım və tanımadığım hər kəs gəlib məni təbrik etdi. 

- Mükafatlandırma gecəsində geyindiyiniz libas xeyli müzakirələr yaratdı. Bu libasınızı bəyənənlər olsa da, bəyənməyənlər də tapıldı.

- Əslində çox yaxşı bir məqama toxundunuz. Bəzi insanlar həqiqətən öz fikirlərini yaxşı başa sala bilmirlər, cümlələrini düzgün seçə bilmirlər və ya sadəcə öz mənfəətlərini fikirləşirlər.  Loru dildə desək, eşələyib başqa şeylər axtarmağı onlara yaraşdırmadım. Amma tənqidə açıq insanam. Səhnə fəaliyyətimə başladığım ilk günlərdən bu söz-söhbətlər heç bitmir. Çox başım ağrıdı. Həm Türkiyədə fəaliyyət göstərməyim, türk dilində mahnı yazıb-oxumağıma görə... Mən bir yerdən sonra dedim ki, “bəsdir də, özünü yorma, heç kimə özünü zorla bəyəndirə bilməyəcəksən”. Bir şey tapmaq istəyən həmişə nəsə tapıb deyəcək. Ona görə mənim heç özümü yormağımın mənası yoxdur. Belə neqativ insanların mənim nailiyyətimə kölgə salmasına heç vaxt icazə vermərəm. Başqasının həyatına burunlarını soxmasınlar. 

- Hiss kimi tanınan Röya Məmmədova müsabiqədən imtina etməsini necə qiymətləndirirsiz?

- Mən çox istəyərdim ki, burada, namizədlər arasında olsun. Ancaq o özü də qeyd etdi ki, iştirak etməməsinin müəyyən səbəbləri olub. 

- Fəaliyyətinizi Türkiyədə davam etdirəcəksiniz?

- Demək olar ki, ilin altı ayı Türkiyədə, altı ayı Azərbaycanda oluram. Əlbəttə layihə olduğu halda Azərbaycana gəlirəm. Hətta bu gün günorta saatlarında konsertim olacaq. Çox yaxında əvvəlki kimi gözəl kliplərimi və məni fərqli layihələrdə görəcəksiniz! 

Elyar Sadıqov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri