Dek
2021
11:28
150
36
2254
Virtual karabakh

Vitali Arkov: “Prezidentlərin Soçi görüşündə artıq hər şey həll olunub”

8 Dek, 2021
11:28
2254

Vitali Arkov: “Prezidentlərin Soçi görüşündə artıq hər şey həll olunub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı sözlərinə Ermənistan əsəbi reaksiya verib. Xatırladaq ki, Azərbaycanın dövlət başçısı son çıxışında Ermənistan tərəfinə Zəngəzur dəhlizinin nə vaxt açılacağı ilə bağlı tarix deməsini təklif etmiş və belə olan halda heç bir problemin olmayacağını demişdi. Bundan əlavə, Azərbaycan Prezidenti regionda kommunikasiyaların açılması ilə bağlı ölkəmizin tələblərinin qəbul edilməsinin Cənubi Qafqaz üçün önəmini vurğulamışdı.

Məsələ həqiqətən də çox kəskindir, belə ki, noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, son tarixlər müəyyən edilib - ilin sonuna qədər. Lakin Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması məsələləri üzrə üçtərəfli işçi qrupunun növbəti iclasında heç bir nəticə əldə olunmayıb.

Görünür, İrəvan yenə də razılaşmaların icrasını ləngitmək taktikasına əl atır. Mövcud vəziyyəti Oxu.Az-a şərh edən “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov belə hesab edir:

- Qeyd etmək istəyirəm ki, ilin sonuna qədər daha bir mühüm hadisə baş verməlidir - Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüssel görüşü. Məncə, Ermənistan tərəfinin hərəkətləri, bəyanatları məhz bununla bağlıdır. Qərbə Cənubi Qafqaza “sülhməramlı” kimi qayıtmaq, eyni zamanda Rusiyanın əhəmiyyətini neytrallaşdırmaq vacibdir.

Ermənistan tərəfindən uydurulmuş bütün fikir ayrılıqları Soçidə artıq aradan qaldırılıb. Bildirilirdi ki, ilin sonuna kimi konkret addımlar atılmalıdır. Hazırda isə İrəvanın razılaşmalardan boyun qaçırması üçün nə səbəbi, nə də əsası var.

Ancaq bir vacib məqam var - Brüsseldəki danışıqlara necəsə önəm vermək lazımdır, baxmayaraq ki, Soçi görüşündə hər şeyin artıq həll olunduğu barədə ümumi anlayış var. Yeri gəlmişkən, hesab edirəm ki, prezident İlham Əliyev nəzakət xətrinə Brüssel danışıqlarına razılıq verib.

- Bəs razılaşmaların həyata keçirilməsi üçün konkret nəticə, konkret fəaliyyət olacaqmı?

- Bütün məsələ elə bundadır. Özünü hamıdan daha hiyləgər hesab edən İrəvanın taktikasını nəzərə alsaq, Ermənistan tərəfinin Brüsseldən sonra da razılaşmaların icrasından boyun qaçırmağa çalışacağını istisna etmək olmaz.

Düşünürəm ki, dekabrın 15-də Brüssel görüşü başa çatana qədər heç nə dəyişməyəcək. Amma yeni ilə qədər Ermənistan tərəfindən addımlar olmasa, o zaman hadisələrin İrəvan üçün heç də xoş olmayan istiqamətdə inkişafını gözləmək olar.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri