13 
Yan
2022
10:48
408
17
4233
Virtual karabakh

“Ermənistan türk dünyasının ərazisində yerləşir, İrəvanda bunu anlamalıdırlar” - RUSİYADAN MÜSAHİBƏ

13 Yan, 2022
10:48
4233

“Ermənistan türk dünyasının ərazisində yerləşir, İrəvanda bunu anlamalıdırlar” - RUSİYADAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan-Azərbaycan sərhədində bir Azərbaycan əsgərinin, daha sonra isə bir neçə erməni hərbçisinin ölümü ilə nəticələnən təxribatlar çox güman ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini almaq üçün növbəti uğursuz cəhdi oldu.

Görünür, İrəvanda təxribat üçün münasib vaxt seçiblər, çünki KTMT ölkələri təşkilatın mövcud olduğu 30 ildə ilk dəfə olaraq Qazaxıstanda birgə əməliyyat keçirdi. Amma Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı telefon danışıqları bunun əksini göstərdi. Ermənistan KTMT-yə sədrlik edir və buna görə də, Rusiyanın rəsmi mənbələrinə görə, söhbət əsasən KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatının gedişi barədə olub. Qarabağ mövzusu da kənarda qalmayıb: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında qeyd olunan razılaşmaların icrası ilə bağlı bəzi məsələlər” müzakirə edilib. Sərhəddəki hadisələr haqqında bir kəlmə də olmayıb.

Rusiyanın “Pravda.ru” media holdinqinin hərbi icmalçısı Aleksandr Artamonov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Ermənistan bu ölkədəki qeyri-sabit vəziyyəti nəzərə alaraq, həqiqətən də KTMT-ni cəlb etməyə cəhd edə bilər:

- İrəvanda görünür, Ermənistanla Azərbaycan arasındakı sərhəddə öz daxili məsələlərini həll etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hansısa müdaxiləsinə ümid edirlər. Amma dərhal qeyd etmək istəyirəm ki, bu cür hərəkətləri təxribatdan başqa nəsə adlandırmaq çətindir. KTMT heç vaxt Ermənistanla Azərbaycan arasında vəziyyətə qarışmayacaq. Və istər Qazaxıstanda, istərsə də başqa yerdə hadisələrin olub-olmamasının buna dəxli yoxdur.

KTMT kontingenti Qazaxıstana yalnız ona görə müdaxilə etdi ki, KTMT-nin bir hissəsi olan ölkənin ərazisində hansısa xarici təsir təhlükəsi var idi. İndi isə Ermənistan və Azərbaycan haqqında. Burada sərhədlərin demarkasiya məsələsi var. Amma təbii ki, KTMT müdaxilə etməyəcək. Nə 90-cı illərin, nə də 44 günlük müharibədə belə bir şey olmayıb. Ona görə də, bir daha deyirəm, bəlkə də indi biz Ermənistan rəhbərliyinin hansısa təxribatçı hərəkətlərini görürük. Təəssüf ki, bu, insan tələfatına səbəb olub. Amma bu, erməni militaristləri üçün heç bir nəticə vermədi.

Azərbaycanın mövqeyi bəllidir, o, beynəlxalq hüquq, BMT qətnamələri tərəfindən təsdiqlənib. Nə Rusiya sülhməramlıları, nə də KTMT qüvvələri prosesə müdaxilə etməyəcək. Beləliklə, burada Ermənistanın kobud təxribatından söhbət gedə bilər, bunun məqsədi Ermənistandakı vəziyyətə diqqəti cəlb etməkdir. Bu isə birmənalıdır - başqa dövlətin ərazisini işğal edən işğalçı ölkə sonda məğlub oldu.

- Gəlin bir daha KTMT-ni xatırlayaq. Rusiya ordusunu Qazaxıstana təbii ki, öz gücü, öz təyyarəsi ilə çatdırıb. Ermənistan kontingenti də Rusiya Aerokosmik Qüvvələrinin (VKS) köməyi ilə çatdırılıb, Rusiya hərbi nəqliyyat aviasiyasından istifadə edilib. Deməli, Ermənistan hətta yüz əsgəri belə Qazaxıstana apara bilmədi? Ermənistanın KTMT-yə nə xeyri var?

- Ermənistanın ciddi ordusu olan ölkə olmaması heç kimə sirr deyil. Və Rusiya hərbi nəqliyyat aviasiyasının köməyi ilə erməni hərbçilərin köçürülməsi də təəccüblü deyil. Rusiya güclü daşıyıcı imkanlara malikdir. Hətta NATO ölkələri də tez-tez İl-76 TD-dən istifadə etmir, onları beynəlxalq meydanlarda icarəyə verirlər, çünki Amerikanın orta və uzun mənzilli əsas hərbi nəqliyyat təyyarəsi C-130 “Hercules”in göstəriciləri İl-76 TD-dən daha aşağıdır. Amma təbii ki, ermənilərin öz təyyarələri ola bilərdi.

Ermənistanın Qazaxıstandakı missiyada olması sadəcə simvolik xarakter daşıyır. Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sədridir. O, Ermənistan digər KTMT-yə üzv ölkələrlə birlikdə əməliyyatda iştirak etdiyini göstərməli idi, buna baxmayaraq, digər ölkələrin kontingenti isə daha ciddi şəkildə təqdim olunurdu.

Ancaq bir daha deyim. Ermənistan gözlənilməz və deyərdim ki, təəccüblü qərarlar ölkəsidir. Onlar bir mövqedən o birinə atılırlar. Ancaq onlara heç nə kömək etməyəcək. Hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da onların faktiki olaraq yaşadıqları türk dünyası ilə münasibətlərin tənzimlənməsinin zəruriliyindən danışıb. Nə Rusiya, nə də Qərb bu problemin həllinə kömək etməyəcək. Ermənistan türk dünyasının ərazisində yerləşir və İrəvanda bunu anlamalı və ona uyğun davranmalıdırlar.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri