17 
Yan
2022
11:12
330
38
4484
Virtual karabakh

Rüstəm Aloyan: “Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır” - MÜSAHİBƏ

17 Yan, 2022
11:12
4484

Rüstəm Aloyan: “Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistandan olan ukraynalı siyasi ekspert Rüstəm Aloyanın Ermənistanda baş nazir postuna azərbaycanlının təyin edilməsini dəstəkləməyə hazır olduğunu deməsini əks etdirən video mediada və sosial şəbəkələrdə sürətlə yayılıb.

Oxu.Az hüquq elmləri namizədi, dosent, ukraynalı analitik Rüstəm Aloyanla əlaqə saxlayıb.

Ukrayna siyasətindəki “türk faktoru”ndan danışan R. Aloyan Ermənistanda bir azərbaycanlının rəhbər vəzifəyə təyin olunmasının bu ölkə və region üçün faydalı olacağı barədə söylədiyi sözləri təsdiqləyib.

- Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Ukraynada səfərdə olub. Öz növbəsində bir qrup ukraynalı deputat Türkiyədə səfərdə olub, söhbət daha sıx əlaqələr qurmaqdan, hətta Türkiyə parlamentində Krım Platformasının bir qolunun yaradılmasından gedir...

- Əlbəttə, Ukrayna siyasətində türk meyli mövcuddur. Məsələn, Ukrayna və Azərbaycan bir-birinə faydalıdır. İqtisadiyyatdan danışırıqsa, Kiyevə Azərbaycan nefti və emal məhsulları lazımdır. Ukrayna taxıl ixracatçısıdır, bu isə Azərbaycan üçün vacibdir. Bakıda taxıl əkmək üçün xarici ölkələrdə torpaq icarəyə götürmək imkanından danışılır və bu, əla ideyadır. Azərbaycan şirkətləri ərzaq təhlükəsizliyini təmin etmək, hətta gələcəkdə taxıl ixrac etmək üçün 50 və ya 100 il müddətinə torpaq icarəyə götürə bilər. Bunun müqabilində isə Ukrayna neft və neft məhsullarını sərfəli və endirimli qiymətlərlə ala bilər. Bu həm bizə, həm də sizə fayda verər.

- Azərbaycanla bağlı hər şey aydındır, o, Ukraynanın tarixi dostudur. Bəs Ukrayna ilə Türkiyə arasındakı münasibətlər barədə nə demək olar?

- Mən hesab edirəm ki, Ukrayna, Azərbaycan və Türkiyənin çox möhkəm birliyi ola bilər. Ukrayna münbit torpaqları olan nəhəng ölkədir, Avropaya giriş qapısıdır. Azərbaycan, Türkiyə və Ukrayna bir-birinə yaxşı şərait yaratmalıdırlar, nəticədə bütün vətəndaşlarımız daha yaxşı yaşayacaqlar.

- Mətbuatda oxudum ki, siz Ukraynadakı kürd icmasının nümayəndəsisiniz...

- Heç də yox. Mən sadəcə olaraq kürd qaçqınları ilə bağlı vəziyyəti şərh edirdim, nəticədə jurnalistlər mənim kürd icmasını təmsil etdiyimi düşündülər. Mən Ermənistanda doğulmuşam. Orada bir il yaşaya bildim, 1989-cu ildə valideynlərimlə bərabər Ukraynaya köçdüm. Ona görə də sovet vaxtından burada yaşayıram.

- Azərbaycanda geniş əks-səda doğuran videoya toxunaq. Siz bir azərbaycanlının Ermənistanda baş nazir və ya prezidenti vəzifəsinə təyin edilməsini dəstəkləyə biləcəyinizi bəyan etdiniz...

- Əlbəttə. Fakt budur ki, yüz minlərlə azərbaycanlı Ermənistanı tərk etmək məcburiyyətində qalıb. Onlar erməni dilini bilib və bir çoxları indi də bu dildə danışırlar, erməni mədəniyyətinə bələddirlər. Azərbaycanlı qaçqınları Ermənistana, onların yaşadıqları, əcdadlarının dəfn olunduğu yerlərə qaytarmaq lazımdır. Ora onların vətənidir. Onlar qayıdarsa və bu rəqəm 300, 400, hətta 500 min nəfərə qədər yüksələrsə müvafiq olaraq, Ermənistanın liderlərindən biri - prezident və ya baş nazir - erməni, digəri isə azərbaycanlı ola bilər. Bununla siz cəmiyyətdə balans yarada, qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə nail ola bilərsiniz. Bundan başqa, bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin inkişafına töhfə verəcək. Azərbaycanlılar Ermənistanı tərk etmək istəmirdilər, onlar erməni dilini bilirdilər, bu respublika üçün çalışırdılar və öz iradələrinin ziddinə olaraq oranı tərk etmək məcburiyyətində qalıblar.

- Lakin azərbaycanlıların indi Ermənistana qayıtmasından yalnız hipotetik olaraq danışmaq olar?

- Niyə? Kommunikasiyalar, dəmir yolu açılır. Hər şey sülh istiqaməti üzrə irəliləyir. Qaçqınların geri qayıtması uzaqda deyil və tezliklə bu məsələ gündəmə gələcək. Mən buna əminəm.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri