24 
May
2022
12:54
114
27
3537
Virtual karabakh

Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: “Məqsəd Azərbaycanın gözəlliklərini çatdırmaqdır” - FOTO

24 May, 2022
12:54
3537

Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: “Məqsəd Azərbaycanın gözəlliklərini çatdırmaqdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlempinq anlayışı cəmiyyətimiz üçün bir qədər yeni və hətta haradasa qeyri-adidir. Qlempinq – “qlamur” və “kempinq” sözlərini birləşdirir. Beləliklə, bu, kempinqin daha komfort və qlamur bir növüdür. Ən yaxşı izahı - açıq havada möhtəşəm istirahətdir.

Bu konsepsiya 2005-ci ildə Böyük Britaniyada ortaya çıxdı. 2010-cu ildən qlempinq bütün dünyada fəal şəkildə inkişaf edir. Azərbaycanda ilk dəfə bu haqda “Cozy by Madi” şirkətinin baş icraçı direktoru Mədinə Quliyeva tərəfindən danışılıb və hətta təşkil olunub.

O, Media.Az-a müsahibəsində növbəti qlempinqin nə vaxt və harada keçiriləcəyindən danışıb:

- Qlempinqi ilk dəfə ötən il noyabrın 7-də Qəbələdə Vəndam qəsəbəsində təşkil etdik. Biz bunu Azərbaycanın 44 günlük Qarabağ müharibəsində qazandığı tarixi qələbə gününə həsr etdik. Bizdən əvvəl heç kim heç vaxt belə bir tədbir təşkil etməyib. Əvvəlcə bizim əsas məqsədimiz insanlara doğma Azərbaycanımızın gözəlliyini, bənzərsiz təbiəti ilə zənginliyini göstərmək idi. Biz qonaqlara ecazkar mənzərələrə heyran olmaqla yanaşı, komfortlu istirahət imkanı vermək istəyirdik. İnanın, səfərimizdən sonra çoxları sanki Qəbələni özləri üçün yenidən kəşf etdilər. İndiki kimi yadımdadır, bizdə o vaxt 250-yə yaxın qonaq yığılmışdı.

- Qlempinq ildə bir dəfə keçirilir?

- Yox, biz bu tədbiri ildə dörd dəfə keçirməyi, hər mövsümdə olan tədbirə çevirməyi planlaşdırırdıq. Təəssüf ki, nəzərdə tutulan konsepsiyaya əməl edə bilmədik, pandemiya planları bir qədər dəyişdi, lakin bu il hər şeyi düzəltmək fikrindəyik.

- Qarşıdan gələn qlempinq neçə gün davam edəcək və bu dəfə harada baş tutacaq?

- Biz iki günlük planlaşdırmışıq, 28 və 29 may tarixlərini əhatə edəcək zəngin proqram hazırlamışıq. Artıq başa düşdüyünüz kimi, bu tədbir Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunub. Qlempinq Şamaxı Rəsədxanasının ərazisində keçiriləcək.

- Bu zövqü-səfa neçəyə başa gəlir?

- Bilet bir növ tədbirə dəvət kimi 85 manatdır. Bu qiymətə sizi Bakıdan Şamaxıya və geriyə aparacaq komfortlu avtobus daxildir. Bundan əlavə, “Le Plaisir” qənnadı şirkəti ilə birlikdə komandamız tərəfindən təqdim olunacaq və bəzədiləcək ən uzun furşet süfrəsi təşkil olunacaq. Başqa ləzzətləri dadmaq istəyənlər üçün “CupCup Coffee”, “PAPA QURMAN – KABABSHOP”, “Mezze Bar Baku”, “Hop-Hop cooking”, “Meatadore” burgerləri, həmçinin “SAVALAN Wine” və “Alcopoint” içkilərinin təqdim olunacağı fud-kort yaradılacaq.

Bundan əlavə, hər kəs müğənni Ülviyyə Rəhimovanın canlı ifasından zövq ala biləcək. Tədbir boyu “NF Close Party”, “DJ Asiman” və Hazi Karim bizi gözəl musiqi və əhval-ruhiyyə ilə təmin edəcək.

Uşaqların asudə vaxtları da təşkil olunacaq, onları animatorlar, sehrbaz, feys-art ustası əyləndirəcəklər. Biz uşaqlara təbiətə uyğunlaşmağı, onunla ünsiyyət qurmağı və qorxmamağı öyrətmək istəyirik, ona görə də kempinq mövzusunda master-klaslar təşkil edirik. Bütün bunları fotoqraflar Seyrana və Abakar Hacıyev, eləcə də videoqraf tərəfindən qeydə alınacaq.

Görüntülər dronla çəkiləcək, ona görə də bütün qonaqları əhval-ruhiyyə yaratmaq üçün pastel rənglərdə geyinməyə dəvət edirik.

“CoinCasa” və “KARE Baku”nun köməyi və məhsulları sayəsində qlempinq ərazisində xüsusi fotozonalar yaradılacaq. Fəal və sağlam həyat tərzini sevənlər üçün isə badminton, stolüstü futbol, ​böyüklərə ​batutlarda tullanmaq üçün oyun və idman meydançaları təşkil edirik. Fərqli vaxt keçirməyi sevənlər üçün dostumuz və gözəl yoqa təlimatçısı Sabina Şahi (“Yoga Shahi”nin təsisçisi) bizimlə olacaq. Mayın 29-u səhər saatlarında isə Diana Əhmədbəylinin rəhbərliyi ilə dartınma hərəkətlərindən yararlanmaq imkanı olacaq.

- Proqram zəngindir...

- Bəli, ən əsası maraqlıdır. Mən bütün sirləri dərhal açmaq istəmirəm, amma maraqlı master-klaslar və stolüstü oyun çempionatları var. Axşam açıq səma altında kinoteatrda ailə filminə, daha sonra isə sevimli komandanızı dəstəkləmək üçün UEFA Çempionlar Liqasının finalına baxa bilərsiniz. Həmçinin ulduzlu səmadan həzz almaq fürsəti hamımız üçün sürpriz olacaq.

- Bəs gecələmək istəyənlər?

- Hər iki günü bizimlə keçirmək istəyənlər əlavə ödənişlə hotel otağı ala və ya çadır icarəyə götürə bilərlər. Bir çox qonaq öz çadırları ilə gəlir.

- Maraqlıdır... Çadırda gecələməyə hazır olanlar çoxdur?

- Bəli. Marağın bu qədər çox olacağını gözləmirdik. İlkin olaraq 20 çadır nəzərdə tutuldu, onları “Yonca” şirkəti təmin etdi, lakin biz əlavə çadırlar sifariş etməli olduq. Beləliklə, ümumilikdə 50 çadır alındı.

- Qlempinqdə ümumilikdə neçə nəfər iştirak edəcək?

- 300-ə yaxın bilet satmışıq. 60%-i çadırlarda gecələyəcək, 20%-i hotel seçib və eyni sayda qonaq (saat 21:00 və ya 01:00) Bakıya qayıdacaq. Hər şey onların istəyindən asılıdır.

- Qlempinq hansı kateqoriya üçündür?

- Tamamilə fərqli kateqoriyalar üçün. İstənilən şəxs belə dəbdəbəli tətildən ləzzət alacaq. Biz də öz növbəmizdə həm böyüklər, həm də gənclərin gəlişinə şadıq. Uşaqlı ailələr üçün də çox maraqlı şeylər hazırlanır. Üstəlik, yeddi yaşdan kiçik uşaqlara bilet ümumiyyətlə lazım deyil.

Sonda qeyd etmək istərdim ki, qonaqlarımız çox vaxt müxtəlif kommersiya şirkətlərinin nümayəndələri olur. Onlardan bəziləri sponsor kimi də iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri