23 
İyn
2022
11:48
144
29
2769
Virtual karabakh

Sergey Qarmaş: “Qərb qorxur ki, biz öz ərazimizi tez azad edib, Rusiyanı məğlub edərik” - MÜSAHİBƏ

23 İyn, 2022
11:48
2769

Sergey Qarmaş: “Qərb qorxur ki, biz öz ərazimizi tez azad edib, Rusiyanı məğlub edərik” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva tərəfindən qondarma “DXR” və “LXR” tanındıqdan, həmçinin dörd ay əvvəl Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə təmas qrupu (buna Minsk qrupu da deyilir) öz fəaliyyətini dayandırıb”.

Bunu Oxu.Az-a müsahibəsində ukraynalı jurnalist, Ukrayna, ATƏT və Rusiyanın səlahiyyətli nümayəndələrindən ibarət artıq fəaliyyət göstərməyən üçtərəfli təmas qrupunda (ÜTQ) Ukrayna nümayəndə heyətində ORDLO-nun (Donetsk və Luqansk vilayətlərinin ayrı rayonları) keçmiş nümayəndəsi Sergey Qarmaş deyib.

- Faktiki olaraq ÜTQ artıq yoxdur, amma onu yenidən canlandırmaq cəhdləri olubmu və bunun bir mənası varmı? Burada, Cənubi Qafqazda 30 ilə yaxındır ki, Qarabağ münaqişəsinin həllinə uğursuz cəhd edən Ermənistan hələ də arbitr kimi ATƏT-in Minsk Qrupuna müraciət etməyə çalışır.

- Üçtərəfli Təmas Qrupu Minsk razılaşmaları əsasında işləyirdi və onlar müəyyən şərtlərlə ORDLO-nun Ukraynanın yurisdiksiyasına qaytarılmasını nəzərdə tuturdu. Kreml “DXR” və “LXR”in “müstəqilliyini” tanıdıqdan sonra ÜTQ aktuallığını itirdi. Minsk razılaşmaları da təmas qrupu kimi sadəcə öldü. ÜTQ-nin fəaliyyətinin heç bir hüquqi əsası yoxdur.

Cənubi Qafqazdan danışmaq mənim üçün çətindir, amma bizim məsələdə münaqişə çox kəskindir. Rusiya bu əraziləri “ayrı-ayrı dövlətlər” kimi tanıdı, müharibəyə başladı (o cümlədən Ukraynanın bu bölgələrində). Deməli, bizim üçün Minsk razılaşmalarına qayıtmaq mümkün deyil. Biz hətta işğalçı dövlətlə, yəni hazırda Donbasda aktiv döyüş əməliyyatları aparan Rusiya ilə danışıqlar apara bilmirik. Xatırladım ki, Minsk razılaşmaları siyasi nizamlanmanı nəzərdə tuturdu, amma indi hər şeyi siyasətçilər deyil, hərbçilər həll edir.

- Bu yaxınlarda Ukraynanın “Reytinq” sosioloji xidmətinin sorğusu dərc olundu. Demək olar ki, bütün ukraynalılar öz ölkələrinin qələbəsinə arxayındırlar. Eyni zamanda, sorğuda iştirak edən Ukrayna vətəndaşlarının 67%-i qələbənin yarım il və ya daha çox uzanacağına, 25%-i qələbənin bir neçə aydan sonra olacağına, 6%-i isə qələbənin bir neçə həftənin işi olduğuna əmindir. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Hər şey bu gün hesablanması çətin olan bir sıra amillərdən asılıdır. Ukrayna ordusu effektiv fəaliyyət göstərə biləcəyini nümayiş etdirdi. Əgər bu gün Rusiyanın təbirincə desək, dünyanın ikinci ordusu artıq neçə aylardır Donbasda dar bir məkanda tapdalanırsa, belə məlum olur ki, dünyanın birinci ordusu Ukraynanındır. Hücumu saxlayan və onların ölkənin ələ keçirməsinə mane olan məhz Ukrayna Silahlı Qüvvələridir.

Amma nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun effektivliyi Qərb silahlarının təchizatından asılıdır. Təəssüf ki, biz özümüz tələb olunan həcmdə müasir silahlar istehsal etmirik. Müharibə səbəbindən infrastrukturun dağılması iqtisadiyyatı demək olar ki, dayandırdı. Bu səbəbdən, təkrar edirəm, biz Qərbdən tamamilə asılıyıq, hansı ki, təəssüf ki, bizim ərazimizi çox tez azad edib Rusiyanı məğlub edəcəyimizdən qorxur.

- Nə səbəbə?

- Belə olan halda Rusiyanın özündə də ciddi dağıdıcı proseslər proqnozlaşdırılır, çünki Vladimir Putinin məğlubiyyəti bağışlanmaya bilər. Məhz buna görə də Fransa prezidenti Makronun Rusiyaya simasını xilas etmək imkanı verilməli olduğu barədə bəyanatı ortaya çıxdı.

Məncə, Qərb Rusiya Federasiyasının tükənməsinə çalışır, amma eyni zamanda Rusiya Federasiyasının siyasi və iqtisadi zəifliyinə görə hakimiyyət dəyişikliyinin nəzarətli şəkildə baş tutmasını istəyir, çünki Rusiya nüvə dövlətidir.

Ona görə də Qərb Ukraynaya hücum silahlarının tədarükünü dayandırır. Onlar bizə müdafiə olunmağa şərait yaradır, amma aktiv hücuma keçməyə imkan vermirlər. Fikrimcə bu proses bir müddət davam edəcək ki, Rusiya Qərbin ondan qorxmağı dayanana qədər zəifləsin. O zaman, Rusiya Federasiyasında elitanın seçimi ilə bağlı dəyişən daxili siyasi vəziyyət az-çox aydın olacaq.

Amma hər halda düşünmürəm ki, Qərb hərbi kampaniyanı uzun müddətə uzatmaqda maraqlıdır, çünki həm onlarda, həm də Ukraynada müharibə yorğunluğu var. Bizə qələbə lazımdır. Bu səbəbdən məncə yarım il olmasa da, bir ilə biz müharibəni bitirəcəyik. Bu hərbi kampaniya isə təbii ki, Ukraynanın qələbəsi ilə başa çatacaq.

- Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Fransanın “Le Monde” nəşrinə müsahibəsində bildirib ki, Rusiyanın təcavüzü nəticəsində infrastrukturun 20-30 faizi məhv edilib. Eyni zamanda Ukraynanın baş naziri Denis Şmıqal artıq iyulda hökumətin Ukraynanın bərpası planını təqdim edəcəyini bildirib. Sizcə, zərər nə dərəcədə ciddidir və müharibə hələ də davam etdiyi üçün bərpa planları qurmaq hələ tez deyil?

- Erkən deyil. Heç nəyi bərpa etməsək, onda ümumiyyətlə hər şey dayanacaq. Ölkə yaşamalıdır. Lakin dağıntı və zərərin miqyası çox böyükdür. İndi bizdə benzin demək olar ki, yoxdur, ciddi kəsir var. Rusiya anbarları, neft bazalarını, neft emalı zavodlarını vurur. Bu sahəni məhv edən Rusiya Federasiyası, eyni zamanda, iqtisadiyyatın bir çox digər asılı sahələrini dayandırır.

Amma yenə də maşınlar sürülür, insanlar işləyir. Qərbin köməyi olmasa, iqtisadi cəhətdən çətin ki, sağ qala bilərik. Qərbi mümkün investisiyalara, Ukrayna iqtisadiyyatının bərpasına hazırlamaq üçün isə iqtisadiyyatımıza dəyən ziyandan danışmaq lazımdır.

- Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaxşı təcrübəsi var. Bir ildən az müddətdə beynəlxalq hava limanı tikilib, daha ikisi tikilməkdədir. Hələ yolları, kommunikasiyaları, yaşayış binalarını demirəm...

- Təbii ki, təcrübənizə və ümumilikdə hər bir yardıma ehtiyacımız var. Sizin regiona gəlincə, fərqlərdən başqa, bizdə münaqişənin xarakterində də oxşar cəhətlər var - Rusiya faktoru. Beləliklə, təcrübəniz öyrəniləcək və istifadə olunacaq. Amma indi bu haqda danışmaq tezdir.

Yeri gəlmişkən, bir çox Qərb dövlətləri dağıdılmış Ukrayna şəhərlərinə himayədarlıq edir. Məsələn, Böyük Britaniya Kiyev vilayətində Rusiya Federasiyası tərəfindən dağıdılmış şəhərlərin - Buça, İrpenin bərpasına kömək edəcəyinə söz verib. Azərbaycan belə təşəbbüslərə qoşularsa, o zaman düşünürəm ki, Ukrayna xalqı və hökuməti buna ancaq sevinər.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri