26 
İyn
2022
14:02
349
13
3662
Virtual karabakh

Rəngli muncuqlar düzən Şahnaz: “Gözlərimin işığını itirsəm də, həmin işıq artıq mənim qəlbimdədir” - FOTO

26 İyn, 2022
14:02
3662

Rəngli muncuqlar düzən Şahnaz: “Gözlərimin işığını itirsəm də, həmin işıq artıq mənim qəlbimdədir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən insanları görməsəm də, onları hiss edə bilirəm. Danışarkən səslərindən mənə qarşı olan hisslərini duya bilirəm. İnsanlar emosiyalarını gizlədə bilmirlər. Bu mənada onlara çox maraqlı gəlirəm. Onları ən çox təəccübləndirən isə görmədən bir çox şeyi edə bilməyimdir. 18 yaşıma qədər mən də onlar kimi olmuşam, amma artıq əngəlli deyil, sadəcə onlardan fərqliyəm”.

Oxu.Az-ın budəfəki qəhrəmanı görmə qabiliyyəti tam məhdud olan 35 yaşlı Şahnaz Cəbrayılovadır.

O, 18 yaşına qədər sağlamlığında heç bir problem yaşamayıb, lakin bir anda ətrafın qaranlığa qərq olması onu həyatın başqa bir mərhələsi ilə tanış olmağa vadar edib…

- 18 yaşında nə baş verdi?

- Mənim göz təzyiqim var idi. Müalicə alırdım, lakin bir gün təzyiq qalxdı və mən görməmi itirdim. Sağlam olduğum zamanlar heç düşünməzdim ki, bir gün gözlərim mənim işimə yaramaz. Amma həyatdır, bu da bir sınaqdır. Dünyanın işığını görmürəm, Günəşi, Ayı görmürəm, amma sanki bütün işıq artıq mənim qəlbimə dolur. Gözlərimin işığını itirsəm də, həmin işıq artıq mənim qəlbimdədir. Daha bu vəziyyətim məni üzmür.

- Gözləriniz tutulduqdan sonra yeni həyata öyrəşmək çətin olmadı?

- Əslində, çətinlik çəkmədim desəm, yalan olar. Çox çətin oldu. Uzun illər öz vəziyyətimlə barışa bilmədim. Bir neçə il özümə qapandım. Mən məktəbi çox yaxşı oxuyurdum. Ona görə də istəmədim ki, görməmi itirməyim məni təhsildən geri salsın. Görmə məhdudiyyəti olanlar üçün Brayl əlifbası ilə oxudum, Tibb Kollecinə daxil oldum.

Eyni zamanda Quranı da Brayl əlifbası ilə öyrəndim. Sərbəst oxuyuram, hətta Quran oxumağı özüm kimi görmə məhdudiyyəti olanlara da öyrədə bilirəm. Mən özümü pozitiv kökləməyə çalışıram.

- Hazırladığınız bijuteriyaları satışa çıxarırsınız?

- Əslində, mən bu işi sevirəm. Rəngləri ayırmaq üçün müxtəlif cığalı kağızlara bükürəm. O qədər çox düzmüşəm ki, artıq toxunanda hansı muncuqlar olduğunu bilirəm. Rəngləri çox sevirəm. Rəngarəng muncuqlar düzürəm. Bir neçə dəfə satışa çıxardım, amma oxuduğum üçün vaxtım çox az qalır. Günümün daha böyük hissəsini bu işə ayırsam, satışını da həyata keçirməyi düşünürəm.

- Tibb kollecində oxuyursunuz dediniz…

- Bəli, uşaq masajçısı. Üç illikdir, gələn il bitirəcəm, inşallah. Müəllimlər bu işdə məharətli olduğumu deyirlər. Həm də tək mən deyiləm, bu sahədə görmə əngəlli çox insan çalışır. Atam bir dəfə mənə dedi ki, televizorda bir qızı göstəriblər. Onun əlləri işləmir, amma ayaqları ilə çox gözəl rəsmlər çəkir. Mən ondan da motivasiya alıram. Əgər o belə əzm göstərirsə, mən niyə bacarmayım dedim. Mənim yalnız gözüm görmür, əllərim, ayaqlarım işləyir. Ona görə də istedadlarımı dəyərləndirmək istəyirəm.

Kolleci bitirdikdən sonra masajçı kimi çalışacam. Mən uşaqları çox sevirəm. Onlarla zaman keçirmək hər mənada çox gözəl olacaq deyə düşünürəm.

- Özünüz üçün gələcək planlarınız nədir?

- Mən özümü tam sərbəst idarə edə bilməsəm də, müəyyən mənada artıq öyrəşmişəm. Bu məhəllədə, demək olar ki, hərəkət etmək çətindir. Evimiz də çox kiçikdir, gördüyünüz kimi, yaşamaq, tərpənmək çox çətindir. Bilmirəm, bu problemi həll etmək gücüm olar, yoxsa yox. Amma mənzil şəraitimiz çox pisdir və bu mənim mövcud vəziyyətimi daha da çətinləşdirir.

Könül Cəfərli

Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri