25 
İyl
2022
14:04
208
24
4775
Virtual karabakh

Gənckən tərk etdiyi Şuşanı geri alan polkovnik: “Pulemyotla vurmadıq ki, əsirlərə dəyər” - MÜSAHİBƏ+FOTO/VİDEO

25 İyl, 2022
14:04
4775

Gənckən tərk etdiyi Şuşanı geri alan polkovnik: “Pulemyotla vurmadıq ki, əsirlərə dəyər” - MÜSAHİBƏ+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatı oldu. Həmin əməliyyata Şuşa Rayon Polis Şöbəsi də qatıldı. Əvvəl bizi qatmırdılar, istəyirdilər, özləri girsinlər, sonra ərazini biz yaxşı tanıdığımız üçün Fərman Xəlilovun başçılığı ilə bir qrupdan istifadə etdilər. Əvvəl bizi hərbi komissarlıqda saxlamışdılar. Dedilər, guya sirr yayılar, xəritəyə baxmışıq. Amma səhər bizi buraxdılar, təxminən sübh tezdən saat 4-də getdim şöbədən silah götürdüm, elə hücum başlayan yerə doğru qaçdım. Mənim yanımda beş nəfər şəhid oldu”.

Bunu 1960-cı il təvəllüdlü, təqaüddə olan polis polkovniki Orduxan Kərimov deyir. Şuşa işğal olunandan onun 32 yaşı varmış... Bu gün isə nəvələri ilə birlikdə İsa bulağında, Şuşa torpaqlarındadır. 

Oxu.Az polis polkovniki Orduxan Kərimov ilə müsahibəni təqdim edir.

- Sizə cənab polkovnik deyə xitab edə bilərəm?

- Əlbəttə. Artıq təqaüddə olsam da, uzun illər bu formada xitab ediblər. Xoş olur.

- Polkovnik, polis fəaliyyətinizə necə başladınız?

- Mən 1991-ci ilin yanvar ayında Şuşa rayonunun Polis Bölməsində post-patrul xidmətinə işə götürülmüşəm. Komandirim Fərman Xəlilov olub. İlk vaxtlar Şuşada və onun ətrafında gedən döyüşlərdə iştirak edib kəndlərin müdafiəsinə qoşulmuşuq. 1991-ci ilin noyabrından artıq get-gedə vəziyyət kritik həddə çatdı. 

- Hücumlar necə başladı?

- Vəziyyət gərgin idi. Aşağı, Şuşa-Ağdam yolu tamamilə bağlandı. Məcbur olduq ki, Laçın-Ağdərə yoluna gedək. Orada Kərkicahan kəndi var. Bilirsiniz ki, o kənd Xankəndiyə bitişikdir. Mütəmadi olaraq orada hər gün döyüş, atışma olurdu. Bizim polis şöbəsinin əməkdaşları həmin kəndin, əhalinin müdafiəsinə qalxırdılar, kömək edirdilər. İlk vaxtlar oranın müdafiəsini Fərman Xəlilovun başçılığı ilə bizim rota öz üzərinə götürmüşdü. Azay Kərimov, mən, Mübariz Quliyev və əməkdaşlar, eləcə də serjantlar, sıravilər bir yerdə vuruşurduq.

Elə oldu ki, 1991-ci ilin sonlarında, təxminən dekabrın 25-də Meşəli kəndi işğal olundu. Kəndin camaatının çıxarılmasına orada xidmət edən polis işçiləri kömək etdilər. Amma səhəri gün bizi apardılar kənddə qalan silah-sursatın çıxarılması, ondan sonra kəndin əlavə müdafiəsinə. Belə qərara gəlindi ki, o kəndlərin müdafiəsində tək polis yox, Milli Ordu hissələrindən istifadə eləmək lazımdır. 

‐ Bəs yardım, kömək dəstələri göndərilmədi?

- Bakıda yaradılmış xüsusi top batalyonundan nümayəndələr verildi. 1991-ci ilin axırı, dekabrın 28-də ermənilər Kərzana hücum elədilər. Biz onda Şuşada idik. Səhər həyəcan siqnalı ilə qaldırdılar, haradasa 10-15 nəfər ilkin olaraq, sonra da ard-arda kömək gəldi. Kəndə girdik. Kənddə artıq evlər yanırdı. Oradan əsir düşənlər də olmuşdu. Bir neçə ildən sonra mən onlardan birinin televiziyada çıxışını gördüm. Həmin oğlanın sinəsinə xaç çəkilmişdi, dağ basmışdılar. Bax onları aparanda biz yuxarıdan gördük, istədik pulemyotla atəş açaq, qorxduq ki, əsir düşənlərə dəyər. Ancaq kəndi almışdıq, erməniləri oradan çıxartmışdıq. Dekabrın 28-29-da orada olduq, sonra Milli Orduya təhvil verdik.

31 dekabrda girdik kəndə, Yeni ili də orada keçirdik. Daha sonra yanvarın 2-də yeddi nəfərlə kəndə yenidən girdik. Kənd çökəkdə idi, yüksəklikdə və aşağıda isə düşmən vardı. Onlar asanlıqla arxaya keçib bizi mühasirəyə sala bilərdilər. Biz kəndi Milli Orduya verib çıxdıqdan sonra kənddəki postu bir az arxaya - Qaybalı kəndinə çəkdilər. Demək olar ki, köməyin gəlməməsi, səriştəsizlik, bizim sıralarımızda kadrların, zabitlərin olmaması hərbçilərin hərdənbir özbaşınalıq etmələri təəssüf doğururdu.

- Döyüşdə itkiniz çoxmu oldu?

- Bizim rotanın komandiri Fərman Xəlilov Əfqanıstanda qulluq eləmişdi. Həm də o, çox sərt, ciddi adam idi. Ona görə bizdən itki də az olurdu və biz postları əldə saxlayırdıq. 

- Daşaltı əməliyyatında iştirak etdiniz?

- 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatı oldu. Həmin əməliyyata Şuşa Rayon Polis Şöbəsi də qatıldı. Əvvəl bizi qatmırdılar, istəyirdilər, özləri girsinlər. Sonra ərazini biz yaxşı tanıdığımız üçün Fərman Xəlilovun başçılığı ilə bir qrupdan istifadə etdilər. Burada Daşaltıya girən dəstələr arasında bir-biri ilə rabitənin qaydasında olmaması elə bir xaosa gətirib çıxartdı ki, orada ara qarışdı. Kimin haradan gəldiyini, kimin hansı postdan hücuma keçəcəyini bilmədilər.

Mən oraya saat 9-dan sonra girdim. Əvvəl bizi hərbi komissarlıqda saxlamışdılar. Xəritəyə baxırdıq deyə dedilər, guya sirr yayılar. Sabahı gün bizi buraxdılar, səhər saat 4-də hücum başlayanda elə şöbədən silah götürüb getdim döyüşə. Mənim yanımda beş nəfər şəhid oldu. Xankəndidən gələn Zahid, meşə idarəsinin maşınını sürən Arzu, Pərviz Qaraşirinov şəhid oldular. Birinci Pərvizi vurdular. Kənddə Habillə dəllək Nazim var idi, könüllü gəlmişdilər. Getdik ki, onları çıxardaq. Xilas etmək üçün gedənlər minaya düşdülər. Birinin ayağı kəsildi, o biriləri yaralı halda qaldılar. Sonra duman, çiskin gəldi, götürdük yaralıları, çıxardıq, sonra hesabladıq ki, təxminən 100-ə yaxın itkimiz var. O köməyə gedən maşın da, demək olar ki, 30 il elə həmin yerdə qaldı. Amma haradasa bir ay bundan qabaq götürüblər. İşğaldan sonra onun eyni yerdə olan fotosunu görmüşdüm. Keçən il onu özüm də çəkmişdim. O maşını Sovet adlı oğlan sürürdü. İşğaldan azad olunandan sonra hələ də maşın orada idi. Təkərlərini söküb atmışdılar dərəyə. 

Xocalı hadisələri də növbəti dəhşət idi, - deyən polkovnik Kərimov faciədən sonra Şuşa şəhərinin müdafiəsini, ətrafda təhlükəsizliyi gücləndirmək məqsədi ilə dağ postlarının onlara tapşırıldığını vurğulayıb:

- Bizim şöbənin polis əməkdaşlarını Kirs dağına qaldırdılar. Şuşa özünümüdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov idi. Onların batalyonunu Qaybalı, Xəlfəli deyilən istiqamətlərə doğru verdilər. Şəhərdə patrul xidməti isə kənardan gələn polis işçilərinə tapşırıldı. Düşündülər ki, biz dağ uşaqlarıyıq, çöllərdə, dağlarda qala bilərik, şəhərin müdafiəsini təşkil edəcəyik.

Mən həmin vaxt, yəni Şuşanın işğalından iki gün öncə Kirsdə idim. Ayın 6-da komandir Fərman Xəlilov dedi ki, get şəhərə, ayın 9-u gəlib məni dəyişərsən. Mən ayın 7-dən 8-nə keçən gecə gəldim. Elə həmin ərəfədə Şuşaya hücum başladı. Səhərdən axşama kimi yuxarıdan hansı atəş nöqtələrinin olmasını müşahidə etdim. Daha sonra məlumatları rəis müavini Eldəniz Quliyevə məruzə elədim. Sonra gözləyirdik ki, ermənilər haradan müdafiəni yarıb girsələr, biz o istiqamətə köməkçi dəstə kimi gedək.

Şuşada meydanda məscid var. Gördük, bir nəfər məscidin qabağından qışqıra-qışqıra gəlir ki, ermənilər xəstəxanaya giriblər. İlkin olaraq altı-yeddi nəfəri UAZ-a yığdım ki, gedək xəstəxanaya baxaq. Biz oraya girəndə Bahadur adlı oğlan vardı, diş həkimi idi. Bacısının əlindən tutub, aşağıdan qaça-qaça gəlirdilər. Gizlənmək üçün bostana, bağa girdilər. Getdik onları oradan Qırx Pilləkan istiqamətində çıxartdıq. Sonra kömək də gəldi bizə. Oranı tam götürdük nəzarətə. 

- Sizin dəstənizdə olan uşaqları tam xatırlayırsınızmı?

- Bizim qrupda Sumqayıt uşaqları vardı, onlar da oraya digər qrupa köməyə gəldilər. Sumqayıt polisindən olan bir dəstə gəldi. Rövşən adında bir oğlan da döyüş zamanı şəhid oldu. Tam arxayın olanda ki hamını çıxartmışıq, bir nəfər də bizdən yaralandı. Unutmaram, adı Famil Əhmədov idi, üzündən yaralanmışdı. Saat 4-ə kimi saxladıq, sonra Rövşən həlak oldu. Onu götürmək istəyirdik, snayper izləyirdi. Daha iki nəfər də yüngül yaralandı. Uşaqlar qorxdular ki, vurarlar, üçüncü dəfə cəhd etmədilər. Həmişə belə olur, bir nəfər vurulursa, snayper onu izləyir. Kim köməyə gəlsə, onları da vurur. 

Saat 5 radələrində gəldim şöbəyə ki, bizim uşaqlar həbsxananı ermənilərdən boşaldıblar. Orada gedən döyüşlərdə bizim Şahmuradov Natiq və həbsxana işçilərindən altı nəfər şəhid olmuşdu. Sonra Əhliman Mehdiyev adlı şuşalı oğlan vardı, Ağdərədə şəhid oldu. Yaralı da çox idi.

Gəldim, patron-zad götürəm, qayıdam xəstəxanaya. Rəis müavini Eldənizi çox qanıqara, gözüdolmuş halda gördüm. Nə məsələdir soruşanda dedi ki, ölən var. Şəhər boşdur. Dedi, bəs postları boşaltmışıq, itkimiz də var. Yaralımız da çoxdur, kömək də gəlməyib.

- Bəs postlar?

- Səhər bir də getdik, postları saydıq, 34 nəfər tapdıq. Ondan sonra “Zapravka” deyilən yer var, Xəlfəli yolunda haradasa beş-altı nəfər qalmışdı. Sanatoriyada həkim vardı, yaxşı topçu idi. Qaybalıdan çıxan uşaqları gördüm, dedilər ki, bəs ermənilər Qaybalını götürdülər. Sonra belə məsləhət oldu ki, yığılaq aşağı istiqamətə, hücumun qabağını alaq.

Amma baxdıq ki, 34 nəfərlə hücumun qabağını saxlamaq mümkün deyil. Dedilər ki, çıxın şəhərdən, bir azdan şəhəri təyyarədən bombalayacaqlar. Helikopter yanacaqdoldurma məntəqəsinin yanına gəldi, düz vura bilmədi. Dedilər, təyyarə gələcək, yüksəkdən atacaq, girin meşəyə. Beləcə, axşam baxdıq ki, şəhər boşdur, aşağı tərəfdən də ermənilər yavaş-yavaş qalxırlar. Məcbur olduq ki, oradan çıxaq. Sonra Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak elədilər. Tərtərdə məskunlaşdıq. 

- Siz və dəstəniz neçə hərbi hissə tərkibində döyüşmüsünüz?

- Üç hərbi hissənin tərkibində olmuşuq. 28 il ön xətdə daim xidmət etmişik. Döyüş əməliyyatlarında iştirak etmişik. Atəşkəs vaxtı ön xətdə Mübariz İbrahimovun şəhid olduğu həmin yerdə biz də xidmət edirdik. Talışın altında. Demək olar ki, hər gün səngərdə olurduq. Bizim kazarmamız ön xətdə olduğundan hərbçilərlə bir yerdə olurduq.

Şuşa Polis Şöbəsinin şəxsi heyəti Laçın, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin alınmasında şücaət göstərib. 

- Siz bütün bu hadisələrin canlı tarixisiniz desək, yerinə düşər. Cənab polkovnik, siz nə zaman təqaüdə buraxıldınız? 

- 2016-cı ilin Aprel döyüşlərindən altı ay sonra təqaüdə çıxdım. Düz 56 yaşında. Onda ön xətdə xidmət edirdik. Hansı mövqe haradadır, hansı cığırlarla getmək olar, hansı maşınlarla necə getmək olar - bütün bunları yeni gələnlərə bizim əməkdaşlar deyir, öyrədirdilər. Sonra orada yaralıların çıxarılmasına kömək edirdik. Eləcə də ön xəttə yemək, silah-sursat daşınmasına dəstək olurduq. 

- Bildiyim qədər, 44 günlük Vətən müharibəsindən də kənarda qalmamısınız. Doğrudurmu?

- Elədir... 2020-ci ilin sentyabrında döyüşlər başlayanda mən Tərtərdə idim. Özüm orada yaşayırdım. Demək olar ki, hər gün Şuşa Polisinin yanında, ön xətdə, uşaqlarla bir yerdə idim. Sonra noyabrın 6-da rəhbərlik tərəfindən qərar qəbul olundu ki, Şuşaya hücumda bizdən istifadə etsinlər. Coğrafi mövqeləri dərindən bildiyimiz üçün bizi bələdçi-kəşfiyyatçı kimi götürdülər. Əvvəl 10 nəfər istədilər, sonra elə məsləhət oldu ki, beş nəfər getsin.

Beş nəfəri göndərdilər Hadruta. Onlar arasında Səməd Məhərrəmov var idi. O indi Şuşa Rayon Polis Şöbəsinin rəisidir. O zaman isə Goranboyda rəis müavini idi. Faiq Salahov olub ki, hazırda Laçın Rayon Polis Şöbəsinin rəis müavinidir. Əliyev Mahir hazırda polkovnik-leytenantdır, o vaxt mayor idi. Həm də Mahir 1992-ci ildə Şuşa işğal olunanda şəhərdən mənimlə birgə çıxmışdı. İndi təqaüddə olan mənəm, bir də serjant Xudiyev Vüqar. Çağırdım, rəhbərliyə məruzə elədim,  adlarını yazdılar. Bir yerdə hərbi qrupun rəhbəri kimi də mən gəldim. Hadrutda görüşdük, ondan sonra gəldik Kirs dağına.

- Onda siz Şuşanı işğaldan azad edən ilk qruplardansınız?

 - Bəli, xüsusi təyinatlılar gəldilər, görüşdülər. Çoxu da məni tanıdı. Bunları yola saldıq, səhər tezdən saat 8-də özümüz bunların dalınca girdik. Birinci dəfə üç nəfər girdik şəhərə, qayıtdıq. Sonra bütün qoşunu qaranlıqda saldıq Şuşaya. Bax belə gəldik, çıxdıq Şuşaya. Sonra məruzə elədik ki, Şuşadayıq. Birinci müdafiə postlarını tapşırdılar bizə ki, Şuşanı yaxşı tanıyırsınız, vuruşmusunuz, haradan giriş-çıxış var, oranı bağlayın. 

Həmin postları qurduq, bir-iki gün həmin postlar öz yerində qaldı. Baxdım ki, möhkəmləndirib dayanıblar. 

- Cənab polkovnik, bir şuşalı kimi illər əvvəlki Şuşadan əsər-əlamətin olmadığını görmək sizə necə təsir etdi?

- Mən noyabrın 8-də Şuşaya girəndə atışma gedirdi. Ətrafda maşınlar yanırdı, erməni meyitləri vardı. Demək olar ki, o an heç nə hiss eləmirdim. Şuşadaydım, amma başım döyüş əməliyyatına qarışıq idi. Bir tərəfdən də yaralılar var idi. Maşınlar və iki bina yanırdı.  

Elə oldu ki, təcili kömək postları yaratmaq lazım idi, biz geri qayıtdıq. Amma səhər qoşunla gələndə ayaqlarım tutuldu. Bir anlıq çaşıb qaldım Şuşaya baxanda. Dondum qaldım ki, mən bu gecə Şuşada olmuşam. 28 ildir bunun həsrətində idim... Yadıma salmağa çalışıram ki, nə harada idi, kimin evi hansı tərəfdə olub. O an həyəcanlı olduğumu hiss etməyə başladım. Noyabrın 8-i Şuşaya gələndə evimiz salamat idi. Atamgil həyət evində qalırdılar, biz bina evində. Xüsusi təyinatlılara dedim, bax o ev mənimdir, hamınızı qonaq aparacam. Səhər gələndə gördüm, vurublar, dam yerdədir. Atamın, əmimin evini ermənilər söküb-dağıdıblar. Şəhər pis gündə idi. 

- Şuşada ermənilər yaşayırdılar, sizin də evinizdə qalıblar?

- Şuşada ancaq hökumət evində erməni hərbçiləri yaşamışdılar. Bəzi həyət evlərində özlərinə bağ kimi yaydan-yaya gəlib qalıblar. Çünki baxırdıq ki, burada istilik sistemi yoxdur. Şuşada qış sərt keçir. Soba qoymayıblar, radiator da yox. Amma hökumət evlərinin hamısında radiatorlar var idi. Orada hərbçilər, bir də polislər yaşamışdılar. 

Təəssüf ki, bizim binamız restavrasiya olunmayacaq, onu sökəcəklər. 1992-ci ildə də ona iki dənə minaatan mərmisi dəymişdi. İndi də iki bloku, demək olar ki, tamam yararsız haldadır. Xüsusilə də sağdan birinci blok. Onu yenidən təmir eləmək düzgün də deyil. 

- Cənab polkovnik, Prezident tərəfindən medalla təltif olunmusunuz?

- Mənimlə gələn uşaqlar da dövlət mükafatı ilə təltif olundular, mən də. Mən “Vətən uğrunda” medalı ilə təltif edildim. Qalan mənimlə gedən dörd nəfər “İgidliyə görə” medalı ilə təltif olundular.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri