28 
İyl
2022
17:40
190
12
2752
Virtual karabakh

Professor Cemal Zehir: “Türkiyə bir-bir qisasını alacaq” - MÜSAHİBƏ

28 İyl, 2022
17:40
2752

Professor Cemal Zehir: “Türkiyə bir-bir qisasını alacaq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mosuldakı Baş Konsulluğumuza hücumun arxasında duran – “Haşdi-Şabi” qruplaşması vasitəsilə İran dəstəkli qüvvə ola bilər. Həmçinin bu terrorçu fəaliyyəti PKK, YPG, PYD təşkilatının dəstəklədiyi qrupların da törətmə ehtimalı var. Bu işi törədəcək üçüncü qüvvə isə İŞİD-dir”.

Bunu Yıldız Texniki Universitetinin (YTU) idarəetmə və təşkilatçılıq bölümünün rəhbəri Cemal Zehir deyib. Oxu.Az ötən gün baş verən hadisə ilə bağlı professorla həmsöhbət olub.

- Türkiyənin Mosuldakı Baş Konsulluğuna endirilən raket zərbələri barədə fikirlərinizi bilmək istərdik.

- Məlum hücumdan sonra Türkiyənin Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi açıqlamalar verdilər. Bu xain hücumu təşkil edənlərin cavablarını alacaqları bildirildi. Həmçinin İraq rəsmilərinin dərhal cinayətkarları tapıb lazımi addımı atmalarını gözlədiyimiz də diqqətə çatdırıldı. Onlar diplomatik nümayəndələrin təhlükəsizliyi üçün tədbirlər görməyi unutmamalıdırlar. Bu hücum mülkilərə qarşı terrorun bariz nümunəsidir. Hücumu təşkil edən terrorçular qanun qarşısında mütləq şəkildə cavab verəcəklər. Bunların hamısı Müdafiə Nazirliyimiz tərəfindən vurğulanıb.

- Ümumiyyətlə, İraqdakı mövcud durumu necə dəyərləndirirsiniz?

- İraqdakı vəziyyəti analiz etdikdə onu deyə bilərik ki, hazırda ciddi idarəçilik problemi var. Ötən gün İraq parlamenti “Sədr” qrupu üzvləri tərəfindən ələ keçirildi. Bu, idarəçilikdəki boşluğun ən bariz nümunəsidir. Bundan əlavə, “Haşdi-Şabi” adlı İran dəstəkli bir qüvvə də mövcuddur. Onlar İranın İraqdakı maraqlarına xidmət edirlər. İraq eyni zamanda İŞİD-in ortaya çıxdığı bir mərkəzdir. Onların nüvələri hələ də İraq torpaqlarında var. Bu torpaqlarda həmçinin PKK, PYD, YPG kimi terrorçu birləşmələr də fəaliyyət göstərir. Həmin qüvvələrin hamısı stabilliyin pozulmasına səbəb olur.

- Hücumu hansı terror təşkilatının törətdiyini düşünürsünüz?

- İraq mövcud vəziyyətə görə beynəlxalq arenada qeyri-stabil bir bölgə mövqeyindədir. Ona görə də terror hücumlarını hansı təşkilatın həyata keçirdiyini müəyyənləşdirmək bir qədər çətindir. İraqdakı hücumları dəyərləndirərkən sadəcə ölkə daxilindəki hadisələrə baxmaq lazımdır. Çünki məsələni Orta Şərq çərçivəsində dəyərləndirdikdə Suriyadakı Bəşər Əsəd rejiminin və onun dəstəkçilərinin Suriya xalqına qarşı törətdikləri qətliamlar da bunun bir parçası olaraq görülə bilər.

Əvvəl də dediyim kimi, bölgə qeyri-stabildir. Buna görə də xarici qüvvələrin hər biri özünə ayrıca təşkilat qurub. Bu təşkilatın başında ABŞ dəstəkli PKK, PYD, YPG dayanır. Bunların fonunda Türkiyənin Suriyada həyata keçirəcəyi əməliyyatları istəməyən Qərb qüvvələrinin, xüsusilə ABŞ-ın, o cümlədən Suriya idarəçiliyi və onu dəstəkləyən İran rejiminin Türkiyənin Mosuldakı konsulluğuna hücumun arxasında ola biləcəyini düşünürəm.  Hələ ki hücuma görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib.

- Sizcə, proses necə yekunlaşacaq?

- Hadisəni kimin törətməsindən asılı olmayaraq bildirmək istəyirəm ki, Türkiyə bölgəsindəki hər cür sərhəddənkənar əməliyyatı həyata keçirəcək gücdədir. Əgər İraq rəsmiləri oradakı konsulluqlarımıza qarşı terrorçu addımların qarşısını ala bilməzlərsə, Türkiyə bu vəzifəni də öz öhdəsinə götürəcək və həmin terror təşkilatlarından bir-bir qisasını alacaq. Müdafiə Nazirliyimiz terrorçuların yuvalarını başlarına uçuracaq. Ümumiyyətlə, dünyanın hansısa yerində Türkiyə dövlətinin baş konsulluğuna hücum olarsa, təşkilatçılar lazımi cavabı alacaqlar. Bu hücumlar sadəcə Türkiyənin sərhəddənkənar əməliyyatlarını əngəlləməyə çalışanların quyusuna su tökməyə xidmət edir. Biz isə hansı beynəlxalq qüvvə olmasından asılı olmayaraq Türkiyənin sərhədləri daxilində yumşaq güc formalaşdırmaq, Suriya və İraqda Türkiyə əməliyyatı təşkil etmək istəyənlərin həvəslərini qursaqlarında qoyacağıq.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri