Avq
2022
16:24
104
30
1229
Virtual karabakh

Aİ səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul edilir” - MÜSAHİBƏ

9 Avq, 2022
16:24
1229

Aİ səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul edilir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr son illər sürətlə inkişaf edir. Bu yayın ən mühüm hadisələrindən biri Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması və bunun üçün Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin Bakıya gəlməsi oldu. Memorandum Avropadakı enerji böhranı fonunda Azərbaycandan Aİ-yə nəql olunan qazın həcminin iki dəfə artırılmasını, bunun üçün Cənub Qaz Dəhlizinin (CQD) imkanlarının genişləndirilməsini, bərpa olunan enerji sahəsində əməkdaşlığı nəzərdə tutur”.

Report.az Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkodan müsahibə götürüb.

Həmin müsahibəni təqdim edir:

- AK Prezidenti Ursula fon der Lyayenin səfərini və enerji sektorunda əməkdaşlığa dair imzalanmış memorandumu necə qiymətləndirirsiniz? Bu, Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişafına necə töhfə verəcək? Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu nədən ibarətdir?

- Doğrudan da, biz aylarla Bakıda və Brüsseldə bir çox mühüm görüşlərin keçirilməsini tələb edən prosesi artıq başa vurduq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfəri münasibətlərimizdə kulminasiya nöqtəsi oldu, çünki bu, münasibətlərimizin tərəflər üçün əhəmiyyətini və gələcək əməkdaşlığımızın perspektivlərini vurğulamaq üçün fürsətdir. Bu, enerji sektorunda əməkdaşlığın artırılması ilə bağlıdır, enerji sektorunda strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu isə təsdiq edir ki, bizim bu sahədə gələcək üçün gözəl potensialımız var.

O da vacibdir ki, AK Prezidenti öz bəyanatında Azərbaycanın Aİ tərəfindən enerji sahəsində - enerji resurslarının tədarükü və enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul edildiyini söyləyib.

Bildiyiniz kimi, Rusiyanın Ukraynaya qarşı təcavüzü və apardığı tamamilə əsassız olan müharibə şəraitində Aİ Rusiyadan enerji resurslarının tədarükündən imtina etmək qərarına gəlib. Aydındır ki, biz tərəfdaşlarımızla əməkdaşlıqda maraqlıyıq. Enerji resurslarının təchizatı və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir və bu, uzunmüddətli əməkdaşlığımıza və tərəfdaşlığımıza əsaslanır.

İmzalanmış memorandum daha əvvəllər – 2006-cı ildə, sonra isə 2011-ci ildə, artıq Cənub Qaz Dəhlizinin (CQD) tikintisinə konsentrasiya olduğumuz zaman imzalanmış memorandumların davamıdır. Bu gün CQD reallıqdır, o, bizi birləşdirir, bu, böyük layihədir və əməkdaşlığımızın və tərəfdaşlığımızın gözəl nümunəsidir.

Təbii ki, səfər zamanı müxtəlif sahələrdə gələcək əməkdaşlıq, o cümlədən yeni ikitərəfli sazişin bağlanması perspektivləri də müzakirə olunub. Bu məsələlər iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, logistika və kommunikasiya ilə yanaşı müzakirə edilib.

Energetika sahəsində digər mühüm məsələ bərpa olunan enerji mənbələrinin inkişaf perspektividir. Bu, həmçinin AK və onun Prezidenti Ursula fon der Lyayen üçün də prioritetdir. Azərbaycanın bərpa olunan enerji, külək və günəş enerjisi sahəsində böyük potensialı var.

Həmçinin iqlim dəyişikliyi ilə mübarizə, qlobal metan öhdəliyi və digər əməkdaşlıq sahələri də müzakirə edilib. AK Prezidenti Ursula fon der Lyayeni enerji məsələləri üzrə komissar Kadri Simson müşayiət edib, o, bir sıra görüşlər keçirib və bu məsələlərdə əməkdaşlıq perspektivlərini ətraflı müzakirə edib.

Təbii ki, bir çox sahələrdə əməkdaşlığımızın əhəmiyyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) Bakıya səfəri zamanı, eləcə də Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Əməkdaşlıq Şurasının iclası zamanı müzakirə olunub. Bu görüş iyulun 19-da, AK Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərindən cəmi bir gün sonra baş tutub.

- Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və bütövlükdə Aİ-nin köməyini necə qiymətləndirirsiniz? Nə üçün bu mövzu Aİ üçün bu qədər vacibdir?

- Aİ Şurası Prezidenti Şarl Mişelin iştirakı təkcə marağın deyil, həm də Qafqazda sülh, təhlükəsizlik və rifaha töhfə vermək istəyinin təbii ifadəsidir. Bu, Aİ üçün təbiidir, çünki “Şərq Tərəfdaşlığı”, o cümlədən Cənubi Qafqaz bizim qonşuluğun bir hissəsidir. Aİ və onun tərəfdaşları üçün regionun sabitliyə nail olması, təhlükəsizliyinin  möhkəmləndirilməsi və gələcəkdə çiçəklənməsi üçün vacibdir.

Şadıq ki, ötən ilin dekabrında Prezident Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlər və bu il keçirilən bir sıra görüşlər sayəsində müəyyən irəliləyiş əldə olunub. Mühüm məqamlardan biri hər iki tərəfin razılaşdırdığı gündəliyin olması, ardınca gələcək sülh sazişi üzrə danışıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat əlaqələri və digər məsələlər üzrə birgə komissiyanın yaradılmasıdır. Bildiyiniz kimi, Aİ minaların təmizlənməsinə dəstək verməklə bu səyləri və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması üçün zəruri addımları davam etdirməyə hazırdır. Səylərimiz həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın intensiv işi ilə davam edir.

- Aİ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana hansı dəstəyi verir və bu torpaqların bərpasında Aİ ölkəmizə hansı təcrübəni verə bilər?

- Minatəmizləmə məsələsinə gəlincə, Aİ artıq Azərbaycanın bu işdə ən böyük beynəlxalq tərəfdaşıdır. Bu, yenidənqurma və bərpa baxımından çox vacibdir. Bu yaxınlarda Aİ-nin minatəmizləmə işlərinə dəstək məqsədilə 4,25 milyon avroluq yeni paket ayrıldığı elan edilib və AK Sədri Ursula fon der Lyayen də bunu vurğulayıb. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Biz minalarla bağlı maarifləndirmə tədbirlərinə artıq təxminən 2,5 milyon avro xərcləmişik, çünki bu, xüsusilə bu ərazilərə qayıdacaq insanlar üçün çox vacib mövzudur. Mina qurbanlarına dəstək verə biləcək layihəni də nəzərdən keçiririk. Bundan əlavə, Aİ-yə üzv olan bir sıra dövlətlərin minatəmizləmə sahəsində texnologiya və nou-hau baxımından Azərbaycana birbaşa dəstək üçün təcrübəsi və imkanı da var.

- Aİ-nin biznes mühiti hesabatına əsasən, Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin əksəriyyətinin ölkədə fəaliyyətlərini genişləndirmək planları var. Respondentlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzurdakı layihələrdə iştirakda maraqlıdır, 14 faizi artıq bu istiqamətdə aktiv fəaliyyətə başlayıb. Aİ-nin hansı şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpası layihələrində iştirak etməkdə maraqlıdır? Bu gün onların neçəsi cəlb olunub, onlar hansı sahələri təmsil edirlər?

- İqtisadi kommersiya əməkdaşlığımız artır və hətta pandemiya dövründə belə - 2021-ci ildə artım gördük, ticarət dövriyyəmiz rekord həddə çatdı - 15,4 milyard avronu keçdi. Aİ Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, ölkəniz üçün əsas ixrac istiqaməti, eləcə də Azərbaycan iqtisadiyyatına ən böyük investisiya mənbəyidir. Bu müsbət tendensiya davam edir, bu ilin nəticələrinə görə daha yaxşı olacağını gözləyirik. Açığı, biz həm də çox qürur duyuruq ki, ölkədə əlavə sərmayələr yatıran çox sayda Avropa şirkəti var və yeni investorlar meydana çıxır.

Onlar bir çox sahələrdə fəaliyyətlə maraqlanırlar və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması da onlardan biridir. Artıq orada Aİ-dən bir neçə şirkət iştirak edir. Bu, əsasən, hökumətin davam edən əsaslı təmir layihələri üçün müqavilə bağladığı layihələrlə bağlıdır. Lakin maraq, şübhəsiz ki, artır və buna görə də gələcək layihələr üzrə planların və prioritetlərin nə olduğu barədə məlumatı bilməyə sevinərdik. Bildiyiniz kimi, Aİ BMT və Dünya Bankı ilə birlikdə bərpa ehtiyaclarının ekspert qiymətləndirilməsində iştirak edir. Bu yaxınlarda bizim ekspert qrupumuz var idi; o, belə bir qiymətləndirmə missiyasının hazırlanması üzərində işləyirdi. Biz Azərbaycanın prioritetlərinə və ehtiyaclarına uyğun olaraq bu məsələdə hökumətlə sıx əlaqə saxlayırıq.

Həmçinin xatırlayırsınızsa, fevral ayında Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelinin səfəri zamanı İqtisadi və İnvestisiya Planı paketi çərçivəsində Azərbaycana 2 milyard avro məbləğində vəsait ayrıldığı elan edildi. Bu paketdə 5 flaqman təşəbbüs var ki, onlar hökumətin prioritetlərinə, o cümlədən “yaşıl keçid”dən, Bakı limanından və s. danışanda yenidənqurma layihələrinin prioritetlərinə çox məsələdə uyğun gəlir.

Əməkdaşlıq əsasən bərpa olunan enerji mənbələri ilə bağlıdır. Bilirik ki, münaqişədən əziyyət çəkən ərazilərdə bərpa olunan enerjidən istifadə edəcək, bu yerlərdə sıfır emissiyaya nail olmaq məqsədi güdülür. Rəqəmsal transformasiya, ağıllı şəhərlər və kəndlər, kəndlərin inkişafı və 25 min kiçik və orta sahibkarlığa dəstək kimi başqa planlar da var. Bütün bu layihələr Aİ tərəfindən Azərbaycanda bütün ölkə ərazisində dəstəklənə bilər.

- Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması ilə bağlı danışıqlar necə gedir? Bu məsələ ilə bağlı danışıqların növbəti raundunun nə vaxt keçirilməsi planlaşdırılır və onların ilin sonuna qədər yekunlaşacağını gözləmək olarmı?

- Danışıqlar yüksək dinamika şəraitində gedir. Əslində, ünsiyyət müntəzəm və tez-tez baş verir. Ona görə də ümid edirik ki, sazişin bağlanması yaxın vaxtlarda mümkün olacaq. Bu yaxınlarda Bakıda və Brüsseldə Əməkdaşlıq Şurasında yüksək səviyyəli danışıqlar zamanı da buna maraq ifadə olunub.

- Azərbaycanla Aİ arasında tvininq layihələri çərçivəsində əməkdaşlıq necə inkişaf edir? O, hansı sahələri əhatə edir?

- Bu sual mənə Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın nə qədər güclü olduğunu göstərməyə imkan verir. Tvininq əslində islahat mübadiləsinin bir formasıdır, çünki bu cür layihələr Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın qurumlarına öz maraq dairələrində birgə işləmək və məlumat, nou-hau və praktiki təcrübə mübadiləsi etmək imkanı verir.

Bu baxımdan Azərbaycan faktiki olaraq “Şərq Tərəfdaşlığı”nın tərəfdaş ölkələri arasında liderdir. Artıq 50-dən çox tvininq layihəsi həyata keçirilib və ya icra mərhələsindədir. Bu layihələr adətən hər biri 1-2 milyon avro həcmində maliyyələşdirilir və əsasən təcrübə mübadiləsinə yönəlib, bu da strukturların, qanunvericilik aktlarının və ya əsasnamələrin yaradılmasına dəstək məqsədi daşıyan görüşlər və tədbirlər deməkdir. Vacib cəhətlərdən biri əməkdaşlıq dəstəyinin formasının tərəfdaş ölkənin ehtiyac və maraqlarına uyğunlaşdırılmasıdır.

Azərbaycandakı tərəfdaş qurumlar tərəfindən yüksək qiymətləndirilən bu intensiv əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik. Bu fəaliyyət nəticəsində yaranan qanunvericiliyin qəbulu və təcrübədə inkişaf etdirilməsi vacibdir. Bu, vətəndaşlara, biznes mühitinə xeyir verir, onlar da öz növbəsində sərmayə qoyur, iş yerləri yaradır. Bu, Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın nə qədər güclü olduğunu və ən yüksək qlobal standartlara nail olmaq üçün necə birgə işləyə biləcəyimizi göstərir. Hesab edirik ki, təklif edə biləcəyimiz şeylər tərəfdaşımız üçün maraqlıdır.

- Ukraynada baş verən hadisələr fonunda “Şərq Tərəfdaşlığı” proqramının işləmədiyi və Aİ-nin bu proqramın tərəfdaş ölkələri ilə bağlı fərqli yanaşma hazırlamasına ehtiyac olduğu barədə bəyanatlar getdikcə artır. Bu barədə nə düşünürsünüz? Bu format özünü doğruldubmu, yoxsa Aİ şərq qonşularına yeni yanaşma hazırlamalıdır? Ukraynadakı müharibə ilə əlaqədar “Şərq Tərəfdaşlığı”nın yanaşması/formatı dəyişə bilərmi?

- Düzü, belə sual eşitməyimə çox təəccübləndim. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və təcavüz faciəsinin indiki şəraitində “Şərq Tərəfdaşlığı”nın formatının dəyişdirilməsi üçün heç bir səbəb görmədim. Bu, tamamilə əsassız təcavüz idi. Rusiya tərəfindən Ukraynada günahsız insanların öldürülməsi dərhal dayandırılmalı və Rusiya qoşunları çıxarılmalıdır.

“Şərq Tərəfdaşlığı”na gəlincə, müzakirə etdiyimiz hər şey bu layihənin tərəfdaş ölkə kimi Azərbaycan üçün və ümumilikdə proqram ölkələri üçün nə qədər faydalı olduğunu göstərir. “Şərq Tərəfdaşlığı” Avropa Qonşuluq Siyasətinin bir hissəsidir və bu o deməkdir ki, biz qonşularımız və tərəfdaşlarımızla işləmişik və ümumi rifahımız naminə birgə işləyirik. Biz bununla bağlı mühüm sahələri qeyd etdik: rifah gətirən iqtisadi əməkdaşlıq və ticarət mübadilələri, insanlar üçün iş yerləri, tərəfdaş ölkələr üçün daha da inkişaf etmək üçün davamlılıq miqyasına malik investisiyalar və islahatlar. Bu məqsədlə Aİ islahatlara dəstək və dediyimiz kimi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq birgə iş təklif edir.

İkitərəfli əməkdaşlıq formatından danışdıqda, “Şərq Tərəfdaşlığı” açıq və çevik olduğunu sübut edib, o, tərəfdaşların əldə etmək istədiklərinə çox yaxşı uyğunlaşdırılıb, üstəlik, çoxtərəfli format da var. Bundan hər kəs faydalana bilər.

Keçən ilin dekabrında keçirilən “Şərq Tərəfdaşlığı” sammitində hamımız bərpa, dözümlülük və islahatlara ehtiyac olduğunu anladığımızı gördük. Düşünürəm ki, bir sıra ölkələrin birgə addımı ilə yaranmış vəziyyətdən çıxış yolu tapmağın asanlaşdığı pandemiya zamanı da tərəfdaşlığın vacibliyini gördük. Biz bu cür problemi aradan qaldırmaq üçün necə əməkdaşlıq edəcəyimizi görürük. Biz “Şərq Tərəfdaşlığı”nı inkişaf etdirməyə davam edəcəyik.

- Pandemiya Aİ-nin “Erasmus+” kimi təhsil proqramlarının icrasına təsir göstəribmi? Bu və digər təhsil və humanitar proqramlar üzrə Aİ ölkələrində təhsil alan azərbaycanlı tələbələrin sayı azalıbmı?

- “Erasmus+” “Şərq Tərəfdaşlığı”nda tərəfdaş ölkələrə hazırlanaraq təklif olunan proqramların və insanların “Şərq Tərəfdaşlığı”ndan çox spesifik şəkildə necə faydalana biləcəyinin çox gözəl nümunəsidir.

Başqa bir proqram, məsələn, mədəni mübadilə üçün “Creative Europe” (“Yaradıcı Avropa”) və ya ən yüksək səviyyədə tədqiqat və elmi əməkdaşlıq üçün “Horizon Europe” (“Avropa üfüqü”) proqramıdır.

Pandemiya fiziki iştiraka və təhsil fəaliyyətlərinə təsir göstərdi. Ola bilsin ki, say baxımından azalma oldu, lakin digər yandan, bir sıra fəaliyyətlər bu illər ərzində onlayn rejimə keçdi. İndi səyahət edəcək və bir müddət başqa ölkələrin universitetlərində oxuyacaq, geri qayıdacaq və əldə etdikləri biliklərdən ölkəsinin rifahı naminə, akademik müəssisələrdə və öz praktik fəaliyyətlərində, eləcə də gələcəkdə peşəkar həyatlarında istifadə edəcək tələbələrin sayının artması istiqamətində intensiv iş görürük. “Erasmus+” proqramının mahiyyəti də budur.

Düşünürəm ki, Aİ-nin tərəfdaş ölkələri üçün “Erasmus+” proqramı bir sıra sahələrə yönəlib, təqaüd onlardan biridir. Aİ-nin cari büdcə dövründə “Erasmus+” proqramı üçün nəzərdə tutulan maliyyə resursları iki dəfə artırılıb. Odur ki, təqaüd almaq və ya universitetlərə getmək üçün yaxşı fürsət var.

Aİ-nin bir sıra üzv ölkələrində bu fəaliyyət əsasən universitetlərin əlindədir, bu, çox çevik və qeyri-mərkəzləşdirilmiş proqramdır. O, Azərbaycan gəncləri, eləcə də Azərbaycana gələ biləcək avropalı tələbələr tərəfindən çox yüksək qiymətləndirilir. Mübadilə tərəfdaşlığı mövcuddur və azərbaycanlı tələbələrin Aİ ölkələrinə, Aİ-yə üzv ölkələrdən olan tələbələrin də Azərbaycana gəlişi ilə bağlı çox dinamik mübadilə mövcuddur. Mən bu yaxınlarda Aİ-nin müxtəlif üzv ölkələrindən gələn tələbələrin bir neçəsi ilə görüşdüm. Avropa universitetlərinə gedəcək azərbaycanlı tələbələrlə də görüş keçirdim – bu, adətən bir semestrlik olur.

Biz həmçinin “Young European Ambassadors” (Gənc Avropa Səfirləri) proqramının olması ilə fəxr edirik. Biz Azərbaycan ictimaiyyətini Aİ və aramızdakı əməkdaşlıq və bu əməkdaşlıq çərçivəsində Azərbaycanda insanların müxtəlif layihə və təkliflərdən necə faydalana biləcəyi barədə məlumatlandırırıq.

“Young European Ambassadors” məhz bu məlumatların ötürülməsi, xalqa çatdırılması və Aİ ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üçün faydalı olacaq fəaliyyətlərin inkişafına köməklik göstərmək baxımından çox fəal olan həvəsli gənclər qrupudur. Çox şadıq ki, Azərbaycandan olan “Young European Ambassadors” qrupu “Şərq Tərəfdaşlığı” çərçivəsində ən fəal və ən çoxsaylı qrupdur. Bu, həm də Azərbaycanın Aİ-də və dünyada imicinə böyük töhfədir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri