11 
Avq
2022
11:50
69
20
2479
Virtual karabakh

Reytinq mübarizəsində kim uduzur: Qarabağ haqqında film gözləyənlər, yoxsa dram çəkən TV-lər? - MÜSAHİBƏ

11 Avq, 2022
11:50
2479

Reytinq mübarizəsində kim uduzur: Qarabağ haqqında film gözləyənlər, yoxsa dram çəkən TV-lər? - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keyfiyyətli serialların çəkilməsi üçün yüksək maliyyə lazımdır. Azərbaycanın reklam bazarı da buna imkan vermir”.

Bunu Oxu.Az-a serial və filmlərin keyfiyyəti, janrları ilə bağlı müsahibəsində rejissor Rövşən İsax deyib.

Müsahibəni təqdim edirik:

- Müşahidələrdən aydın olur ki, televiziyalarda komediyalara daha çox üstünlük verilir. Buna səbəb kimi də komediyaların izləyicilərinin daha çox olduğu bildirilir. Buna səbəb nədir?

- Bu fikirlə razı deyiləm. Filmlərə nəzər yetirsək, görərik ki, içərisində komediyadan çox, dram var. Bir-iki komediya janrında olan seriallar olar, ya olmaz. Bunu dəqiq deyə bilmərəm. Lakin televiziya kanallarında təqdim olunan serialların əksəriyyəti dram janrında çəkilənlərdir.

- Bəzən film və serialların çəkilməsi üçün sponsorların tapılmadığını deyirlər. Sizcə, bu fikir nə dərəcədə doğrudur?

- Hazırda, demək olar ki, filmlər çəkilmir. Özəl sektorda çəkilənlər nəzərdə tutulursa, bir tək onu deyə bilərəm ki, mən onları film hesab etmirəm. Özəl sektorda çəkilən filmlər haqqında danışmaq istəmirəm. O ki qaldı seriallarla bağlı mövzulara, bu, bazarın tələb etdiyidir. Serial reytinq üzərində gedən mübarizədir. Bunun komediyası da, dramı da var. Baxır ki, kim hansına müraciət edir, hansını çəkir.

- Ümumiyyətlə, keyfiyyətli serial ərsəyə gətirmək üçün nələr olmalıdır?

- Keyfiyyətli serialların çəkilməsi üçün yüksək maliyyə lazımdır. Azərbaycanın reklam bazarı da buna imkan vermir. Keyfiyyətli serial deyəndə, bəzən Türkiyədə istehsal olunan nəzərdə tutulur. Türkiyənin belə serial çəkməsi üçün ayrılan büdcəsi Azərbaycanla müqayisəedilməz dərəcədə fərqlidir.

Azərbaycanda filmlər, seriallar məhdud imkanlar çərçivəsində çəkilir. Əgər xaricə göndəriləcək səviyyədə seriallar çəkilirsə, onun illik büdcəsi bir neçə milyon olmalıdır. Bu da mümkün deyil.

- Rövşən bəy, sizcə, tamaşaçı nə görmək istəyir?

- Tamaşaçının nə görmək istədiyini deyə bilmərəm. Tamaşaçı inandığı bir şeyi görmək istəyir. Lakin hansı janrda, mövzuda serialın çəkilməsini istəməsi müşkül məsələdir. Onu deyə bilmərəm. Bunu respondentlər deyə bilərlər. Soruşsanız ki, nə görmək istəyirsiniz, cavab Qarabağ mövzusu olar. Hər kəs Qarabağ mövzusunda filmi arzulayacaq. Həddindən artıq yüksək büdcələr tələb olunur. 

Tamaşaçını cəlb etmək üçün hansı mövzuda filmləri çəkməli olduğunu mən deyə bilmərəm. Onu bilsəm, mövzu axtarışında olmaram. O zaman hər kəs tamaşaçının istədiyini seçər. Mücərrəddir. Tamaşaçının nə istədiyini bilmək olmaz.

- Azərbaycanın kino sahəsində dünyaya inteqrasiya olunmamasının səbəbi nədir?

- Kino büdcə tələb edir. Xaricilərlə birgə film çəkmək çox əziyyətlidir. Filmə dəvət edəcəyin aktyorun bir bədii film çəkilişi üçün tələb etdiyi qonorar Azərbaycanda istehsal olunan bir filmin ümumi büdcəsini təşkil edir. Hələ ki, mümkünsüz məsələdir. 

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri