16 
Avq
2022
11:22
198
16
3452
Virtual karabakh

Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracı: “Rusiya heç bir maneə törədə bilməz” – MÜSAHİBƏ

16 Avq, 2022
11:22
3452

Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracı: “Rusiya heç bir maneə törədə bilməz” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərəflər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan neftinin ixracı üçün texniki parametrləri müəyyən edirlər. Burada problem ondan ibarətdir ki, Qazaxıstan nefti Azərbaycan neftindən fərqli olaraq kükürdlü neft sayılır. Yəni o, Azərbaycan nefti ilə qarışanda neftimiz keyfiyyətini itirə bilər. Ona görə də mütəxəssislər Qazaxıstan neftinin Azərbaycan neftinə qarışmasının qarşısını necə ala biləcəkləri barədə düşünürlər.

Fikrimcə, hazırda bu neftin nəqli ilə bağlı ən münasib marşrut Bakı-Tbilisi-Qars dəmiryoludur. Onun vasitəsilə neft Türkiyəyə, Türkiyədən də xarici bazarlara ötürülməlidir. Bu yöndə fikir mübadiləsi aparılır. Qərardan sonra, yəqin ki, daha böyük həcmdə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxarılmasının şahidi olacağıq”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə səsləndirib.

- Sentyabrdan etibarən Qazaxıstanın xam neftinin bir hissəsinin Azərbaycan neft kəməri vasitəsilə satacağı gözlənilir. Bu qərar hansı zərurətdən doğdu?

- Son aylarda Qazaxıstan neftinin Qərb bazarlarına daşınmasında müəyyən problemlər yaranıb. Belə ki, Qazaxıstanın əsas ixrac istiqaməti olan Xəzər müəyyən risklərlə üzləşib. Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Novorossiysk limanı vasitəsilə ixracında müəyyən çətinliklər yaradıb.

Qərb ölkələri Qazaxıstan neftinin Rusiya limanları vasitəsilə ixrac edilməsindən narahat olduqlarını bildirirlər. Digər tərəfdən də Rusiya Qazaxıstanın Qərblə münasibətlərinin intensivləşdiyini görüb bundan narahat olduğunu deyir.

Rusiya tərəfi neftin ixracıyla bağlı bir neçə dəfə qərar qəbul etmişdi. Belə ki, texniki problemlərə görə müvəqqəti olaraq neftin Novorossiysk limanından ixracı dayandırılmışdı, sonra isə həmin xətt bərpa edildi. Bu hadisələr isə Qazaxıstanı alternativ marşrutlar axtarmağa sövq etdi.

Burada Qazaxıstanın Azərbaycanla neftin ixracıyla bağlı uzunmüddətli əməkdaşlığı öz bəhrəsini verdi. Düzü, Qazaxıstan üçün Azərbaycan marşrutu mürəkkəb sayılırdı. Çünki Qazaxıstanın öz xam neftini Xəzər dənizi vasitəsilə Azərbaycana, Azərbaycan (Bakı-Tbilisi-Ceyhan boru kəməri) vasitəsilə də Qərbə ixrac etmək üçün kifayət qədər neft tankeri yoxdur. Yəni müəyyən texniki problemlər var. Onların həlli istiqamətində təkliflər gedir. Həmin təkliflər ondan ibarətdir ki, bir tərəfdən, Qazaxıstan tankerlərinin sayı artırılsın, digər tərəfdən isə Azərbaycanın tankerləri Qazaxıstan neftinin ixracında istifadə olunsun.

- Bu əməkdaşlığa Rusiya hansı reaksiyanı verə bilər?

- Doğrusu, Rusiyanın reaksiyası burada əsas rol oynamır. Tərəflərin hər ikisi suveren ölkədir, yəni Rusiya heç bir maneə törədə bilməz. Bundan əlavə, Qazaxıstan Rusiyanın müttəfiqidir, Avrasiya İqtisadi İttifaqının üzvüdür, ona görə də Rusiya ilə məsələləri rahat şəkildə çözəcək. Rusiya başa düşür ki, Qazaxıstanın Azərbaycan vasitəsilə nəql olunan neftinin həcmi elə də çox deyil. Əsas həcmin ixracına hələ ki Rusiya vasitəçilik edəcək. Rusiya bilir ki, Qazaxıstan-Azərbaycan əməkdaşlığına maneə yaradacaq olsa, münasibətlər korlana bilər, bu isə Rusiyanın marağında deyil.

- Azərbaycanın Qazaxıstandan hansı miqdarda tranzit haqqı alacağı gözlənilir?

- Qazaxıstan neftinin nəqlində tranzit haqqı vacib olsa da, prinsipial rol oynamır. Çünki nəqliyyat xərci kimi, başqa xərclər də var. Qazaxıstan nefti tankerlərə doldurulacaq, Azərbaycan limanlarına daşınacaq - bunların hamısı əlavə xərclərdir. Onlar isə neftin qiymətinə təsir göstərir. Azərbaycan başa düşür ki, Qazaxıstan neftinin satılmasına şərait yaratmaq üçün tariflərdə müəyyən güzəştlər edilməlidir. Bu, həm xərclərin neftin qiymətini üstələməsinin qarşısını alar, həm də Qazaxıstan Azərbaycan vasitəsilə neftin satılmasında daha maraqlı olar. Ona görə də çox yəqin ki, güzəştli tariflər tətbiq olunacaq.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri