23 
Sen
2022
16:53
31
91
3238
Virtual karabakh

30 ilin həkimi: “Bilik Günü təhsil müəssisələrinin birindən çıxıb o birinə çağırış alırıq” - MÜSAHİBƏ + FOTO

23 Sen, 2022
16:53
3238

30 ilin həkimi: “Bilik Günü təhsil müəssisələrinin birindən çıxıb o birinə çağırış alırıq” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hətta bir dəfə küçəyə atılmış körpə qız uşağı ilə bağlı müraciət daxil oldu. Mərkəzi Univermağın qarşısına qutunun içərisində körpə uşaq atıb gediblər. Üzbəüz Daxili İşlər Nazirliyinin binasıdır. Orada xidmət aparan polis uşağın səsini eşidib. Səhər sübh çağı olduğundan səssizlik olub və uşağın ağlamağını eşidib. Birinci elə bilib ki, valideyni yanındadır. Lakin uşağın ağlamaq səsi artdığı üçün polis əməkdaşı əraziyə yaxınlaşıb və körpə uşağın küçəyə atıldığını görüb. Bəlkə də o polis o uşağı görməsəydi, uşaq öləcəkdi”. 

Oxu.Az Bakı Şəhər Təcili Tibbi Yardım briqadasının 8 saylı Təcili Tibbi Yardım bölməsinin səyyar həkimi Mətanət Vəkilova ilə müsahibəni təqdim edir:

M.Vəkilova 1987-ci ildə ali təhsilini başa vurub, 1993-cü ildən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışır:

- Çalışdığınız ilk dövrdə səhiyyənin vəziyyəti bugünkü qədər yaxşı deyildi. O dövrdə hansı çətinliklərlə üzləşirdiniz?

- Bilirsiniz ki, o dövrdə sovet ittifaqı dağılan illərdə hər şey çox çətin idi. Danışıram sizə 1990-cı illərdən. Hər yerdə çətinlik var idi, səhiyyəyə isə bu, daha çox çətinlik yaradırdı. Təcili tibbi yardım maşınları köhnə idi, o qədər nasaz idi ki, yolda qalırdıq. Dərman təchizatı yox idi. Bununla əlaqədar müraciət ediləcək yer də yox idi. Amma xəstələrə bunu izah etmək olmurdu, onlar bizdən kömək gözləyirdilər. Həkimlər, tibb bacıları dərmanları öz cibinin pulu ilə almağa məcbur olurdular. Sürücülərimiz maşınların təmirini öz cibindən qarşılayırdılar. Yanacaq bitirdi, yenə sürücülər özləri yanacaq alırdılar. İnanırsınız ki, çox çətin vaxtlar idi.

- Bu vəziyyətdə neçə il çalışmısınız?

- Bu çətinliklərlə mən və digər həmkarlarım əhaliyə əlimizdən gələn ən yaxşı tibbi xidməti göstərməyə çalışmışıq. Artıq 2000-ci illərdən sonra bu vəziyyət mərhələli şəkildə yaxşılaşmağa doğru getdi. Yeni təcili tibbi yardım maşınları alındı. Maşınların içərisində yeni avadanlıqlar olurdu, dərman təchizatı təmin edildi.

Yeni xərəklər, yeni cihazlar, sovurucular, lazımi miqdarda dərman preparatları həkimlər üçün təmin edildi. Çünki təcili tibbi yardım avtoqəza, yanğın, partlayış hadisələri ilə yanaşı, özünü pis hiss edərək müraciət edən bütün vətəndaşların xidmətinə gedir. Bu vaxta qədər hər şey daha da yaxşılaşmağa doğru davam edir.

- Həmin dövrdə çətinliklər çox olub, yolda qaldığınızı belə dediniz. Bəs necə çıxırdınız həmin vəziyyətdən?

- Bakı və ətraf rayonlara çağırışlar alırdıq. Ya maşın nasaz olurdu, ya yanacaq bitirdi, yolda qalırdıq. Çağırışa gecikirdik bizdən asılı olmayan səbəblərdən. Məsafə yaxın olanda çantalarımız var idi, piyada da xidmət etmək üçün ünvana getdiyimiz olub. Elə olub uzaq yer olub, yolda qalıb gözləmişik ki, bizə kömək gətirsinlər, yanacaq gətirsinlər. Belə hallar çox olub. Amma insanlar bir-birini başa düşürdülər, həqiqətən hər kəs əlindən gələnin ən yaxşısını edirdi.

- Bəs avtoqəzalar zamanı ağır travma alan pasiyentləri xəstəxanaya bu şəraitsiz formada necə çatdırırdınız?

- Təchizatımız olmurdu, amma əlimizdən gələni edirdik ki, pasiyenti vəziyyətdən çıxaraq. Əlimizin altında nə olurdusa, karton, taxta istifadə edirdik. Sınıqları elə bağlayırdıq. Xərəklərimiz cırıq-cırıq olurdu, birtəhər onları daşıyırdıq. Müharibə ərəfəsi idi, müraciətlər çox idi. Əhali ilə yanaşı, müharibədən gələn ağır yaralıları gedib helikopter meydançalarından daşıyırdıq. Xərəklər pasiyenti daşımağa imkan vermirdi. Gəlib stansiyada tikirdik, yamaq vururduq. Sonra gedib növbəti yaralını gətirirdik.

- Dediniz ki, dərman təchizatı olmadığından dərmanları özünüz alırdınız. Sutka ərzində çağırışlar da az olmurdu. Dərmanlar gündəlik çağırışlara çatırdımı?

- Çalışırdıq ki, çatdıraq. Çatdıra bilməsək də, çağırışa getdiyimiz pasiyentə dərman yoxdur, gedin dərman alın deyə bilməzdik. Biz o dövrdə bir sutka işləyirdik, 3 gün evdə olurduq. Həmin dövrdə bizə bir sutkaya iki iynə, iki analgin, dimedrol və s. Bu dərmanları ən yaxşı halda cəmi iki çağırışda istifadə edirdik və bitirdi.

1987-ci ildən 1990-cı ilə qədər təyinatla Mingəçevir şəhərində işləmişəm. Orada şəhərin özü və ətraf rayonlarına xidmət edirdik.

- O çətin dövrdə hansı çağırışa gedən zaman baş verən çətinlik sizin yaddaşınızda qalıb?

- İnfarktla bağlı çağırış... Yadıma gəlir, ünvana çatdıq və xəstəni təcili xəstəxanaya çatdırmaq lazım idik. Ürək hər an dayana bilərdi və dayanmadan ürək masajı tətbiq edilməli idi. Maşın da nasaz, normal yer yoxdur. Çox çətin şəraitdə xəstəxanaya çatana qədər ürək masajı etdim, digər həkim süni tənəffüs verirdi. İndiki Kliniki Tibbi Mərkəzə çatdırdıq, amma şöbəyə aparılana qədər masaj dayandırıldığı üçün təəssüf ki xəstəni itirdik. Bu hadisə məni çox üzmüşdü. O vaxt zəruri olan dərman məhlulları olsaydı, cihazlar olsaydı, xəstəni itirməzdik.

Bu gün isə təcili tibbi yardım maşınlarında elektroşok cihazı mövcuddur. Bu cihazla ürək masajında əsas məqsəd ambulans yetişənə qədər beyin zədələnməsini önləmək və qan dövranını qismən də olsa davam etdirməkdir.

- Siz danışırsınız ki, o cür şəraitsiz formada müharibədən gələn yaralıların həyatını xilas edə bilmisiniz. Bu gün də pasiyentlərin xəstəxanaya çatana qədər vəfat etmə hallarına rast gəlirik. Bunun səbəbini nədə görürsünüz?

- Bu onunla əlaqəlidir ki, əhalinin sayı artıb. O dövrlə müqayisədə bu gün həm də müraciətlərin sayı 2-3 dəfə çoxalıb. Elə olur ki, pasiyentlər dözür-dözür, gec müraciət edirlər. Bu da vəziyyətin ağırlaşmasına səbəb olur. Bəzən də özümüzdən asılı olmayan səbəblərdən biz ünvana gecikirik. Buna bir çox amillər səbəb olur. Heç bir həkim istəməz ki, çağırışa geciksin. Hər kəsin əzizi var, bizim üçün də həmin pasiyentlər əzizdir. İstəmərik ki, onlar vəfat etsinlər.

Hazırda ürək xəstəlikləri həddən artıq çoxalıb. Əvvəl ürəyin işemik xəstəlikləri 45-50 yaşlardan yuxarı pasiyentlərdə rast gəlinirdisə, bu gün 26 yaşlı xəstələrdə buna təsadüf olunur. 

- Daha çox hansı şikayətlərlə çağırış daxil olur?

- Bizi gecikdirən məqamlardan biri də əsassız çağırışlardır. İnanın bəzən yaşlı sakinlər çağırış edirlər, gedirik. Görürük ki, təzyiq normal, səhhətində yaşla əlaqədar müəyyən dəyişikliklər istisna olmaqla ciddi bir problem yoxdur. Amma xoşları gəlir ki, gündə bir neçə dəfə təcili yardım çağırsınlar. Vallah, elə pasiyentlər var ki, gün ərzində bir neçə dəfə çağırış edirlər. Psixoloji problemləri var, tək yaşayırlar, tənha insanlardır. Biz onlara izah edə bilmirik ki, sizin çağırış təcili tibbi yardıma həqiqətən də ehtiyacı olan pasiyentin vaxtını alır. Həmin zaman ərzində biz həqiqətən önəmli olan çağırışlara gedə bilərdik.

Adi hərarət qalxmasına, baş ağrısına görə təcili yardım çağırırlar. Bunun üçün sahə həkimləri var, profilaktik kömək almaq olar. Yaxınlıqdakı poliklinikalara müraciət etmək olar. Bu kimi səbəblərdən təcili tibbi yardım çağırılması o qədər də düzgün deyil. Ya da imkan daxilində bir maşın tutub xəstəxanaya gətirmək olar.

Sakinlərə müraciət edirik ki, həkimləri də başa düşsünlər. Çağırış daxil olan hər kəs birinin əzizidir, ailə başçısıdır, anadır, övladdır, atadır. Biz istəmərik ki, kimsə pis olsun. Sadəcə bir qədər səbirli olmaq lazımdır. Biz də insanıq. Hərdən o qədər ağır sözlər deyirlər ki, onun təsirindən günlərlə çıxa bilmirik.

- Mətanət xanım, yeni tədris ili başlayıb, bu ərəfələrdə müraciətlər çox olurmu?

- Bəli, yeni tədris ilində tələbələrin halı tez-tez pisləşir. Bilik Günü - sentyabrın 15-i təhsil müəssisələrinin birindən çıxıb o birinə çağırış alırıq desək, yalan olmaz. Həyəcanlı olurlar, halları pisləşir. Ya da ilk gün tələbələr arasında mübahisə düşür, dalaşırlar, vəziyyətləri pisləşir. Təcili yardım çağırırlar.  Belə hallar çox olur.

- Bəs küçədə anonim çağırışlar necə olur?

- Olur, bəli. İmkan daxilində dəqiqləşdiririk. Bu kimi çağırışlarda polisə də məlumat veririk. Hətta bir dəfə küçəyə atılmış körpə qız uşağı ilə bağlı müraciət daxil oldu. Mərkəzi Univermağın qarşısına qutunun içərisində körpə uşaq atıb gediblər. Üzbəüz Daxili İşlər Nazirliyinin binasıdır. Orada xidmət aparan polis uşağın səsini eşidib. Səhər sübh çağı olduğundan səssizlik olub və uşağın ağlamağını eşidib. Birinci elə bilib ki, valideyni yanındadır. Lakin uşağın ağlamaq səsi artdığı üçün polis əməkdaşı əraziyə yaxınlaşıb və körpə uşağın küçəyə atıldığını görüb.

Bəlkə də o polis o uşağı görməsəydi, uşaq öləcəkdi. Onun həyatını birinci polis, daha sonra həkimlər xilas etdilər. Yadımdadır ki, çağırış gəldi və o gün mən növbədəydim. Getdim o körpəni götürüb xəstəxanaya gətirdim. Müayinə etdik, yemək verildi, daha sonra aidiyyəti üzrə hadisə protokollaşdırıldı.  

Qeyd edək ki, sentyabr ayında Ümumdünya İlk Tibbi Yardım Günü qeyd edilir. Bu günün yaranması 1881-ci ilə təsadüf edir. Belə ki, 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatrda baş verən güclü yanğın zamanı həlak olan və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır.

Beləcə ilk dəfə Vyanada müstəqil Təcili Tibbi Yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da təcili tibbi yardım briqadaları müstəqil fəaliyyət göstərməyə başlayırlar. Azərbaycanda isə ilk təcili yardım xidməti Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələrə tibbi yardım göstərmək üçün yaradılıb. Bu briqadalar at arabaları ilə fəaliyyət göstəriblər.

Azərbaycan Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması olub və Səhiyyə Nazirliyinin qərarı ilə də təcili tibbi yardım xidməti təşkil edilib.

Könül Cəfərli

Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri