25 
Sen
2022
11:00
286
91
5011
Virtual karabakh

Bədnəzər, balıq, 49 saat “təmiz” həyat: “Allah hamının taleyini yaxşı həll eləsin” – Ravvinlə MÜSAHİBƏ + FOTO

25 Sen, 2022
11:00
5011

Bədnəzər, balıq, 49 saat “təmiz” həyat: “Allah hamının taleyini yaxşı həll eləsin” – Ravvinlə MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İldə bir dəfə hər bir yəhudi bir neçə dəqiqəlik də olsa, dəniz kənarına, yaxud içində balıq olan su hövzəsinin sahilinə özünü yetirməlidir. Dünyada milyonlarla yəhudi eyni vaxtda texnologiya dünyasından özünü təcrid edir: nə telefon səsini, nə klaviatura taqqıltısını, nə maşınların siqnalını eşidə bilərsiniz – düz 49 saat. Onlar özlərinin “məhkəmə saatı”nı ötürməmək üçün bu müddət ərzində yatmamağa çalışırlar.

Bütün bunlar və daha maraqlı məqamlar haqda Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Oxu.Az-a müsahibəsində danışır.

- Rav Şneor, bu gün yəhudi xalqı Roş ha-Şananı qeyd edir. Bu bayramın ənənələri haqda məlumat verərdiniz.

- Yəhudilərdə gün həmişə bir əvvəlkinin axşamından başlayır. Ayın 25-də axşam yeni il gəlir. Bu il Roş ha-Şananı sentyabrın 26 və 27-də qeyd edirik. Ənənələrimizə görə, həmin gün Allah ilk insanı – Adəmi yaradıb. Ona görə də hər il bu gün Allah bütün bəşəriyyəti mühakimə edir, planetdəki bütün canlıların taleyi həll olunur. Yəni bir sonrakı il ərzində nələr olacağına – həm səhhət, həm maddi qazanc, bir sözlə, hər şey barədə qərar verilir. Odur ki, bu, çox vacib gündür, bir tərəfdən, ciddi, kövrək, digər tərəfdən də sevincli. Sual yarana bilər ki, niyə? Əgər adam taleyinin həll olunduğunu bilirsə, həmin gün onun üçün necə sevincli ola bilər ki? Bunun cavabı belədir ki, biz hakimin bizim atamız olduğunu bilirik. Allah elə bir hakimdir ki, cəzalandırmağa can atmır, əksinə, öz övladı kimi, bizi görmək istədiyi yola yönəldir və orada dəstəkləyir. Bəli, biz məhz uşaq kimiyik, bəzən lazım olduğu kimi davranmırıq, səhv edirik, ancaq Allah həmişə bizi bağışlayır və gələn il səhvlərimizi düzəltmək üçün bizə bir şans verir.

Roş ha-Şananın əsas ənənəsi dua etməkdir. Çalışırıq çox az yataq. Çünki bizim taleyimiz həll olunur, birdən həmin an yatıb qalarıq. Dua etmək, öyrənmək gərəkdir. Əlbəttə, davamlı iki sutka yatmamaq mümkün deyil. Ancaq çalışırıq ki, bacardıqca çox oyaq qalaq və dualar edək. 

Roş ha-Şana bayramında ziyafət masasına da xüsusi diqqət yetirilir. Masada mütləq balıq və ya qoyun başından bir xörək olmalıdır. Bunun rəmzi mənası belədir ki, Allah bizə daha bir il verib və o il daim bizim başımızda (ağlımızda) olmalıdır. Eləcə də balla alma yeyilir. Alma ətirli və dadlı olmalıdır. Çünki biz yaxşı, şirin bir il arzulayırıq. İnanırıq ki, Allahın buyurduğu, etdiyi işlərin hamısı yaxşıdır. Ancaq bu yaxşı olanı biz bəzən fərqli, yəni o qədər də bizə xoş olmayan tərzdə hiss edirik. Bu, atanın övladını danlamasına bənzəyir, yəni uşaq incisə də, ağrı hiss etsə də, əslində, atası düzgün hərəkət edir. Odur ki, özümüzə şirin il arzulamaqla biz Allahdan onun lütfünü, yaxşılığını məhz doğru hiss etməyimizi diləyirik. 

Bayramda nar yemək mütləqdir. Bu meyvənin dənələri çoxdur – bizim də növbəti il xeyli yaxşı əməl sahibi olacağımızın simvolu.

Vacib ənənələrdən biri də şofarın – buynuzdan düzəldilmiş şeypurun səsini dinləməkdir. Şofarın bir neçə məziyyəti var. Bunlardan ən əsası odur ki, səsi sadədir. O, sanki ruhun harayının sədasıdır. Yəni o səs vasitəsilə biz heç bir söz söyləmədən Allahdan bizə gözəl il nəsib etməsini diləyirik. 

Roş ha-Şanada dəniz kənarında dua oxumaq vacibdir. Çünki dənizdə balıq olur. Balıqlar çox zaman görünmür və buna görə də onlar bədnəzərdən, pis gözdən uzaq sayılırlar. Dua oxuyaraq biz sanki günahları dənizə tökürük, balıqlar kimi isə pis gözdən müdafiə qazanırıq. Əgər yaxınlıqda dəniz yoxdursa, içində balıq üzən başqa bir hövzəyə yaxınlaşmaq olar. Hətta dənizdən, su hövzələrindən kənarda olan sinaqoqlarda xudmani hovuz, akvarium düzəldib Roş ha-Şana ərəfəsində içinə balıq buraxırlar.

- Azərbaycanda gürcü yəhudiləri, dağ yəhudiləri və aşkenazilər yaşayırlar. Onların hamısı Roş ha-Şananı eyni vaxtda qeyd edir? Ənənələrdə hansısa fərq olurmu?

- Bütün yəhudi icmaları bayramı eyni vaxtda qeyd edirlər. Yəni bu il bayram bazar günü axşam başlayır və çərşənbə axşamı gec saatlara qədər davam edir – tam 49 saat. Hər kəs də eyni cür qeyd edir. Bircə ziyafət masasında azacıq fərq, o da əlavələr qismində, ola bilər. Məsələn, aşkenazilər gefilte fiş – içi doldurulmuş balıq hazırlayırlar. Başqa icmalarda isə masaya balıq əvəzinə qoyun ətindən bişmiş xörək verə bilərlər, yaxud kimsə xurma, kimsə yerkökü və s. yeyə bilər. Ancaq balla alma və nar yemək hamı üçün vacibdir. Mütləq şofar dinləyir, dəniz kənarında dua oxuyurlar.

- Sizin sinaqoqda hər il Roş ha-Şananı nə qədər insan qeyd edir? Onların sayında artım varmı?

- Sinaqoqlarda bir neçə tədbir olur. Və Allaha şükür, gələnlərin sayı hər il artır. Koronavirus pandemiyasından əvvəl bu bayramı müxtəlif tədbirlərdə təxminən 600 nəfər qeyd edirdi. Karantində isə sayı məhdudlaşdırmalı olduq – sinaqoqa 50 nəfər toplaşmışdı. Bu il isə təxminən 450 nəfərin iştirakını gözləyirik.

- İsraillə Azərbaycanda yeni il nə ilə fərqlənir? 

- Bayram zamanı biz telefonlardan, elektron cihazlardan istifadə etmirik. Məsələn, İsraildə həmin vaxt yollar boş olur – orada avtomobil görməzsiniz. Adamlar sinaqoqlara piyada gedirlər. Azərbaycanda isə ab-hava bir qədər fərqlidir. Əvvəla, burada yəhudilərin sayı o qədər də çox deyil, ikincisi də burada yeni il başqa vaxt qeyd olunur. Üstəlik bu il Roş ha-Şananın ikinci günü 27 sentyabra – Anım Gününə təsadüf edir. Həmin gün biz sinaqoqda xüsusi tədbir keçirəcək və Qarabağ müharibəsində həyatını itirən şəhidlərin ruhuna dualar oxuyacağıq. Ümumiyyətlə, bizdə bayramlarda doğmalarımızı, valideynlərimizi, qohumlarımızı yad eləmək adətdir. Biz yəhudilər bu ölkənin bir hissəsiyik və şəhidlərimiz də bizə doğmadırlar. 

- Sinaqoqa gələn yəhudi kişilər sanki daha çox rastımıza çıxırlar. Qadınlar sinaqoqa gəlmirlər?

- Nə danışırsınız? Hər həftə sinaqoqda qadınlar üçün xüsusi dərslər keçilir, özü də həyat yoldaşım keçir. Qadın Allaha ən çox bənzəyən bir insandır. Çünki o, yarada bilir, o, dünyaya uşaq gətirir. Məsələn, kişi bir ağacı götürər, yonar və ondan dolab düzəldər. Heç nədən nə isə yaratmaq isə Allaha və qadına məxsusdur. Ona görə də qadın Allaha daha yaxındır. Bu səbəbdəndir ki, kişilərin etməli olduğu ayinləri yerinə yetirmək qadınlar üçün vacib deyil. Yəhudi kişilər başlarına kipa qoyurlar, başqalarından seçilirlər, ola bilsin, buna görə sizə elə gəlib ki, sinaqoqa daha çox kişilər gəlirlər, ancaq elə deyil, qadınlar da gəlirlər.

- Sinaqoqun yanında uzun müddətdir ki, tikinti gedir. Bu nə olacaq və tikinti nə zaman bitəcək?

- Köhnə Sovetski küçəsində bizim mikvamız – ayin hovuzumuz vardı. Orada park salınanda şəhərin rəhbərliyi bizə müraciət etdi, dedilər ki, tikintini sökməli olacaqlar, əvəzində nə istədiyimizi soruşdular. Biz, sadəcə, mikva üçün başqa bir yer istədik, amma xahiş etdik ki, sinaqoqdan çox da uzaqda olmasın. Onlar da bizə hədiyyə etdilər – düz sinaqoqun böyründə sahə ayırdılar. Əlbəttə, Prezidentimiz sağ olsun. Buraya İsraildən, ABŞ-dan mütəxəssislər gəldilər, işin başlanğıcını izlədilər. Mikva sinaqoqdan da vacibdir. Çünki sinaqoqu istənilən evdə qura bilərsən – kitabı açdın, dualar oxudun, oldu məbəd. Mikva isə - əvvəllər onun içinə suyu təbii hövzədən gətirər, hətta dəniz suyu belə doldurardılar, indi, əlbəttə, müasir hovuz tikirik, ancaq o, bütün tələb və qanunlara uyğun olmalıdır. Ümid edirik ki, yaxın səkkiz-doqquz ay ərzində işi bitirərik.

- Dünya sürətlə dəyişir – texnologiyalar, qadcetlər, iş-güc sanki insanların daha çox vaxtını almağa başlayıb və duaları, dini, ənənələri sanki sıxışdırmağa başlayıb. Özü də hələ yüzilliyin başlanğıcındayıq. Necə bilirsiniz, iyirmi ikinci əsr başlayanda dünyada inanclı insanlar çox olacaq, yoxsa ateistlər?

- Hesab edirəm ki, tərsinə, inanclılar daha çox olacaqlar. Əvvəllər insanların güzəranı maddi gəlirləri artırmaq cəhdləri, qayğılarla keçirdi. Sadə misal: bir parç su içmək üçün gərək çaya, bulağa gedib su gətirəydin. Günümüzdə mənzildəki kranı açıb su götürürük. Yəni indi bütün dünyada həyat səviyyəsi artır və insanlar artıq həyatın mənasını axtarmağa başlayıblar. Onlar dinə can atırlar. Əgər insan əvvəl fikirləşirdisə ki, hansısa əşyalar ona xoşbəxtlik gətirəcək, zamanla anlayır ki, xoşbəxtlik – daxili sakitlik, ruh ilə bədənin harmoniyasındadır.

Bu bayramı da havayı yerdən fikirləşməyiblər ki. 49 saat ərzində nə telefon, nə qadcet, nə televizor, nə kompüter - həyatında bunların heç biri olmur, bu müddəti insan özü, Allahı və ailəsi ilə birlikdə keçirir. Üstəlik, belə bir gün, yəni şabat, bizim hər bir həftəmizdə var – cümə axşamı biz 25 saat müddətində özümüzü hər şeydən “ayırırıq”, işləmək olmaz. Şabat Allaha və ailəyə həsr olunur. Gündəlik vurnuxmanı “söndürmək” – bu, günümüzdə çatışmayan bir şeydir. Hərdən mənə elə gəlir ki, gərək bizim iki şabatımız olaydı (gülür).

- Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub, işğalçıların vandalizminin izlərini öz gözlərinizlə görmüsünüz. Azərbaycanlılar yəhudilərlə, ruslarla, digər millətlərin nümayəndələri ilə dinc, sülh içində yaşayırlar, amma nədənsə ermənilərə elə gəlir ki, onlarla yola getmirik. Sizcə, niyə?

- Hesab edirəm ki, insanlarda emosiyalar hələ də həddən artıq çoxdur. Ancaq inanıram ki, ermənilərlə sülh içində yaşaya biləcəyik. Azərbaycan buna çoxdan hazırdır. Ermənilər də müəyyən vaxt sonra bununla barışacaqlar.

Anlayıram ki, insanlarda inciklik var. Təbii ki, istənilən adama istədiyini verməyəndə küsür. Ancaq həqiqət deyilən bir şey də var axı: əgər mən başqasının olana göz dikirəmsə, bu, çirkinlikdir, düzgün deyil. Və əgər mənə aid olmayan bir şeyi istəyirəmsə və onu mənə vermirlərsə, bu zaman incimək artıq mənim seçimimdir. Azərbaycanlılar bütün xalqlarla sülh içində yaşamağı bacarırlar və hesab edirəm ki, ermənilərlə də dil tapa biləcəklər. Bu, bizim vəzifəmizdir. Əlbəttə, onların olmayanı onlara vermək lazım deyil. Ancaq yaxşı münasibət təklif etmək, barışıq əli uzatmaq lazımdır. Mən görürəm ki, bizim rəhbərlik buna görə necə çalışır. Təbii ki, bu bir qədər zaman alacaq. Yaralar sağalmalıdır. Ancaq həqiqəti danmaq olmaz. Problem Azərbaycanda deyil. Vaxt gələcək və onlar bunu anlayacaqılar. Hesab edirəm ki, sülhün bərqərar olacağı vaxt uzaqda deyil.

- Dünyanın müxtəlif bölgələrində müharibələr bitmək bilmir, aqressiya hər gün artır. Azərbaycanın sülh çağırışlarına rəğmən, Ermənistanın təxribatları bitib-tükənmək bilmir. Necə bilirsiniz, insanları sülhə gətirəcək sözlər varmı? Yoxsa sülh istəyirsənsə, elə müharibəyə hazır olmalısan?

- Hər kəsin bizim hamımızın Allahın övladları olduğumuzu dərk etməsi gərəkdir. Hər bir ata üçün ən böyük xoşbəxtlik – uşaqlarının birlikdə olduğunu, bir-birinə dəstək verdiyini görməkdir. Uşaqlar arasında küskünlük, dava, Allah eləməsin, müharibə olanda isə atanın ürəyi parçalanır. Dayanıb düşünmək gərəkdir. Mən adama baxıb anlaya bilərəm ki, hə, bu mənim düşmənimdir. Ancaq bir anlıq dayanıb düşünsəm ki, o mənim düşmənim deyil, doğma qardaşım, Allahın daha bir övladıdır? Hamımızın başının üzərində tək bir Allah var. Bütün dinlərdə. Sadəcə, yalnız onun xətrinə doğma qardaşına, başqalarına daha mehriban yanaşmalısan. Əminəm ki, bundan sonra  vəziyyət tamam fərqli olacaq.  

Bütün bu münaqişələrə, müharibələrə baxanda fikirləşirəm ki, hazırda daha yaxşı şərtlər altında yaşayırıq. Əlbəttə, bizim əsrimiz ideal deyil, ancaq, yüz, beş yüz il əvvəl müharibə və xəstəliklər, bunlar səbəbindən isə ölümlər daha çox idi. Ona görə hər kəs dünyanı necə daha yaxşı etmək barədə düşünməlidir, yəni kimsə başqası, qonşu gəlib nəsə etməli deyil, hər bir insan öz hərəkətlərini götür-qoy etməlidir.

- Yeni il üçün arzularınız?

- Gündə üç dəfə xeyir-dua üçün Allaha yalvarırıq. Hesab edirəm ki, o da bir ata kimi heç kimdən əsirgəməyəcək, bütün xalqlara, bütün dünyaya yaxşı, uğurlu, sağlam, sülh dolu bir il göndərəcək.

Biz Roş ha-Şananı, siz Novruzu yeni il kimi qeyd edirsiniz. Arzu edirəm ki, Allah hər bizimizin taleyini yaxşı həll eləsin: bizə şirin il bəxş eləsin, ağrı, şəhidlər, qurbanlar olmasın. Bu ölkədə gördüyümüz inkişaf və tərəqqi daha da artsın. On üç ildir ki, burada yaşayıram və hər gün nəsə bir yenilik görürəm. Allah bizim Prezidentimizə və bu ölkə üçün çalışanlara xeyir-dua, güc-qüvvət versin ki, bu ölkəni daha da yüksəklərə qaldıraq. Hazırda dövlətimiz bir çox məsələlərdə başqaları üçün bir modeldir. Ancaq istərdim ki, bu tərəqqi daha da artsın, ölkə nəinki nefti, eləcə də tolerantlığı ixrac eləsin. Qoy Allah onun hər bir sakinindən xeyir-duasını əskik etməsin!  

Ülviyyə Gülməmmədova
Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri