Mar
2015
17:03
214
89
7983
Virtual karabakh

Arifə Rəsulova: Azərbaycanda təhsilə ümumi maraq yoxdur - MÜSAHİBƏ

4 Mar, 2015
17:03
7983

Arifə Rəsulova: Azərbaycanda təhsilə ümumi maraq yoxdur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhsildə çox islahatlar etmək lazımdır”.

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Arifə Rəsulovadır.

- Arifə xanım, illər sonra təhsilinizi məhz İngiltərədə davam etdirmək istəyi haradan yarandı?

- Mənim belə bir istəyim olmayıb. Hər şey sırf təsadüf nəticəsində baş verib. Təsadüfən bir tələbəmi gördüm. O mənə dedi ki, Britaniya Şurası tərəfindən Azərbaycanda “Hornbi” təhsil qrantı çərçivəsində müsabiqə keçirilir və mənə sənədlərimi təqdim etməyi təklif etdi. Sənəd qəbuluna son 2 gün qalmışdı. Dedim ki, belə müsabiqələrdə gənclər iştirak etməlidir, mənim iştirakım düz olmaz. Amma o təkid etdi. Nəticədə sənəd qəbuluna bir gün qalmış mən müraciət etdim. Bu, 2002-ci ilin avqust ayına təsadüf edirdi. Daha sonra bildirdilər ki, birinci mərhələni keçmişəm. 2003-cü ilin əvvəli ikinci mərhələ oldu və cəmi iki nəfər ikinci mərhələyə keçdi. Bizim sənədlərimizi Londona, baş ofisə göndərdilər. Son qərarı onlar verəcəkdi. Onların qərarı isə məni İngiltərədə görmək oldu. Beləcə macəralar başladı.

- Macəralar başlamadan öncə burada işlərinizi qoyub getmək çətin olmadı?

- Mən 164 saylı orta məktəbin müəlliməsiyəm. Bir ildən sonra 40 il olacaq ki, orada çalışıram. Elə həmin məktəbi də bitirmişəm. “Hornbi” ingilis dilinin tədrisi və metodikası ilə bağlı proqram idi. İngilis dili müəlliməsi olaraq bu tam mənim sahəm idi. İngilis dilinin tədrisi ilə bağlı 6 istiqamətdə seçim verilmişdi və mən sırf metodikanı seçdim. Orada qrupda 14 ölkədən 100 nəfər vardı. Əksəriyyəti Çin, Yaponiyadan idi və Suriyadan da güclü tələbələr vardı. “Hornbi” proqramı ilə isə cəmi 4 nəfər vardı. Çili, Kuba, Argentina və mən Azərbaycandan gəlmişdim.

- Hansı universiteti seçmişdiniz?

- Vorvik Universitetini. Baxın, bu məqam da maraqlıdır. “British Council” seçim etmək üçün bizə 4 təhsil müəssisəsi təklif etdi. Yalnız “Vorvik” universitet idi. Qardaşım oğlu xaricdə yaşayırdı və mən seçim edərkən onunla məsləhətləşdim. Seçimimiz Vorvik Universiteti oldu. Lakin “British Council”-dan bildirildi ki, bu universitet məktəb müəllimlərinin orada oxumasında maraqlı deyil və seçimimi düz etməmişəm.

Universitetin cavabı isə rəsmi məktubla evimə gəldi. Orada yazılmışdı ki, Vorvik Universiteti məmnuniyyətlə məni tələbəsi olaraq görmək istəyər. Bu xəbəri “British Council” nümayəndələrinə bildirəndə çox təəccübləndilər.

Sizə deyim ki, Vorvik Universiteti böyük kampusdur. Təsəvvür edin ki, onun ərazisində iki göl var. Orada tam tələbə həyatı yaşadım.

Lakin İngiltərədə tələbəliyin çətin tərəfləri də oldu. Bizim oxuduğumuz təhsil sistemi ilə onların təhsil sistemi tamamilə fərqlidir. Dərsliklərdən tamamilə xəbərim yox idi. Oxudum. Sistemləri çox maraqlıdır. Əzbərçilik demək olar ki yoxdur. Əgər oxuduğunu dərk etməyin yolunu özünüz tapmasanız, heç kim sizə yol göstərmir. Eyni zamanda müəllimlərimiz çox yaxşı idi. Onların arasında məşhur dərsliklərin müəllifləri, professorlar vardı.

Sizə maraqlı bir hadisə danışım.

- Buyurun.

- Bir dəfə məni PHD-lərin təqdimatına çağırdılar. Orada diplom müdafiəsi fərqli olur. Deməli müdafiəçi tribunaya çıxır və auditoriyada müəllimlər, professorlar və məsləhət edilən tələbələr oturur. Amerikadan gələn bir tələbə çox sərbəst çıxış etdi. Bildirdi ki, bir ildən çoxdur mövzusu üzərində işləyir. Lakin artıq hansı istiqamətdə getməli olduğunu bilmir. Mən ona öz təcrübəmdən çıxış edib bəzi istiqamətlər verdim. Təqdimat bitdi. Və bir həftədən sonra universitetin ali ofisindən mənə məktub gəldi. Təklif olunurdu ki, 50 faizlə PHD qalım. Yəni 50 faiz xərclər universitetdən, 50 faiz isə mən tərəfdən ödənməli idi.

Təbii ki, həyəcanlandım. Departament rəhbərimiz bildirdi ki, təqdimatdakı izahatım onlara maraqlı olub və mənim elm sahəsində işləyə biləcəyimi düşünürlər. Məlum oldu ki, təqdimatlar hansı mütəxəssis tərəfindən izlənilir.

Mən Bakıya məlumat verdim. Lakin “British Council” maliyyələşdirə bilməyəcəyini bildirdi. Belə bir imkan təəssüf ki, əldən verildi.

Bütün hallarda mən uğurla dissertasiyamı təhvil verib Bakıya bir ay vaxtından öncə qayıtdım. Yenidən doğma məktəbimdə işimə davam etdim. Bu məktəb mənim üçün doğmadır. Təəssüf ki, məktəbdə əvvəlki mühit yoxdur. Bizim məktəb Bakıda ən güclü məktəblərdən biri idi.
Səmimi etiraf etməliyəm ki, bir metodist kimi hazırkı proqram məni qane etmir. 1-ci sinifdən ingilis dili öyrədilən uşaqlar iki il ancaq şəkil çəkir. Əvvəlki proqramla isə 2-ci sinifdə ingilis dili dərsi keçilən uşaqlar yanvar ayında yazmağı-oxumağı bacarırdı. Bağçada və ya başqa vasitə ilə dili öyrənən uşaqlar üçün bu artıq vaxt itkisidir və maraqsızdır. Bu müxtəlif bilik səviyyəsində olan uşaqların qrup şəklində eyni zamanda təhsil prosesində iştirakıdır.

Amerikada isə bu sistem başqadır. Orada siniflər yoxdur, paralellər var. Hər şagirdin şəxsi cədvəli olur. Məktəbə gələn yeni şagirdi bütün fənlərdən diaqnostik testdən keçirirlər. Bunun vasitəsilə müəyyən olunur ki, şagird Tarix fənnindən A qrupunda, Riyaziyyat fənnindən isə C qrupunda oxuyacaq. Bu sistemdə müəllimin reytinqi çox önəmlidir. Müəllim çalışıb üzərində daim işləyir ki, A qrupundan şagirdi B qrupuna enməsin və eyni zamanda C qrupunda olan  şagirdləri digər yüksək qruplara keçsinlər. Yəni bu mütəmadi öz üzərində iş deməkdir. 

Yəqin bilirsiniz ki, keçən ilin may ayında müəllimlər arasında diaqnostik qiymətləndirmə imtahanı keçirildi. Hər bir proqramı həyata keçirəndə nəzərə almaq lazımdır ki, nəticələrdən sonra nə ediləcəkdir.

Bu diaqnostik qiymətləndirmə imtahanı bizə heç nə vermədi. Uğurla keçənlər və ya uğursuz olan müəllimlər nə mükafatlandırıldı, nə də məktəbdən uzaqlaşdırıldı. Axı uğursuz olan müəllimənin dərs deməsi nə dərəcədə doğrudur? İndi deyilir ki, bu imtahanlar “elə-belə” keçirilib.

Amerikada bu kimi proqramlar fərqli işlənilir. 2001-ci ildə Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Hökuməti arasında Kredit Sazişinə uyğun olaraq ABŞ-ın təhsil sisteminin təşkili və fəaliyyəti ilə tanışlıq məqsədilə tədris proqramlarının hazırlanması üzrə içşi qrupuna üzv idim. İngiltərədən qayıtdıqdan sonra isə 2005-2007-ci illərdə CİTO-Təhsil Nazirliyinin Məktəbdaxili qiymətləndirmə üzrə milli məsləhətçisi oldum. Mən nöqsanları görməyə başladım və fərqli yanaşma göstərdim. Bu kimlərinsə xoşuna gəlmədi və mən oradan uzaqlaşdırıldım.

Hazırda TQDK-da imtahan rəhbəri kimi fəaliyyət göstərirəm. Bu qurum bütün innovasiyaları uğurla tətbiq edir. Bir məqam var ki, onu bildirmək istəyirəm. Hesab edirəm ki, ali məktəblərə imtahanlar rus və Azərbaycan dili bölmələrinə görə deyil, yığdığı bala əsasən keçirilməlidir. Daha sonra bölmələrə ayırmaq lazımdır. Belə daha obyektiv olardı. Çünki yüksək bal toplayan rus bölməsinin abituriyenti yer az olduğundan kənarda qalır, 300-ə yaxın bal toplayan Azərbaycan bölməsinin tələbəsi isə ali məktəbə qəbul olur. Bu, ədalətli deyil.

- Qeyd etdiyiniz məqamlar ümid edirəm ki, diqqətə alınacaqdır. Arifə xanım, AUKAA ilə tanışlıq nə zaman başladı?

- Elə yarandığı zamandan. Məhəmməd Quluzadə və bir neçə gəncin təşəbbüsü il yaranan bu təşkilatın indi üzvləri ciddi sayda çoxalıb. Mən bu gənclərə baxıb çox fərəhlənirəm.

- Gəlin yazdığınız dərsliklərdən danışaq. Bu gün təhsilimizdə elə ən ciddi problemlərdən biri dərsliklərdir.

- Mən İngiltərədə olanda 9-cu sinif ingilis dili dərsliyini hazırlayırdım və materialları internet vasitəsilə göndərirdim. İngilis ədəbiyyatı ilə bağlı bir dərslik də yazmışam. Lakin artıq yazmıram. Özümə qadağa qoymuşam.

- Nəyə görə özünüzə belə bir qadağa qoymusunuz?

- Çünki heç kimə lazım deyil. Sizin qeyd etdiyiniz kimi dərsliklərlə bağlı problemlərin olması iki məqamdan asılıdır. Birincisi dərsliklərin hazırlanmasında müəllifin mövqeyi ikinci plandadır. Əsas söz sahibi nəşriyyatdır. Amma nəşriyyatın tam başqa marağı, müəllifin başqa marağı var.

Yəni mən müəllim kimi bilirəm bu mövzu neçə səhifədə izah olunmalıdır, mövzu ilə bağlı neçə tapşırıq olmalıdır. Nəşriyyata isə maraqlı olan kitabı daha az səhifə ilə daha tez nəşr etməkdir. Səbəb isə dərsliyə sərf olunan maliyyənin az olmasıdır.

Dərsliklərlə bağlı digər problem isə hər sinfin dərsliyini başqa müəllifin yazmasıdır. Bu ciddi bəladır. Baxın əslində bir işçi qrupu olmalıdır və hər fənnin dərsliyini bütün tədris müddətində eyni müəlliflər yazmalıdır. Bu müəlliflər bir-birini tanımalıdır, fikir mübadilələri aparmalıdırlar. Əlbəttə müəlliflər dəyişə bilər, lakin əsas müəlliflər qalmalıdır. Bu gün ona görə də bizim dərsliklər bu vəziyyətdədir. 6-ci sinfin dərsliyini yazan müəllif 7-ci sinfin dərsliyini yazan müəllifi tanımır və ona rəqib gözü ilə baxır. Bu ağlasığmaz yanaşmadır. Amma nə etmək olar ki, reallıq belədir. Dərsliklərin arasında əlaqənin olması üçün eyni qrup müəllif bir fənnin bütün dərsliklərini hazırlamalıdır.

Təhsildə çox islahatlar etmək lazımdır. Çünki biz uşaqlarımızı itiririk, onlara yaxşı orta təhsil verə bilmirik. Ali məktəblərdən danışmaq isə məncə mənasızdır.

Bilirsiniz təhsilə ümumi maraq yoxdur. Məleykə xanım açıqlama verdi ki, orta məktəblərdə keçirilən imtahanlar nəticəsində müəyyən olunub ki, yazmağı-oxumağı bilməyən şagirdlər var. Və regionlarda belə şagirdlər çoxdur. İndi bu məsələ araşdırılacaq. İndi vəziyyətin nə qədər ağır olduğunu görürsünüzmü?! Bütün hallarda dəyişikliklər edilir. Mən ümid edirəm ki, dəyişikliklər bizi yaxşıya doğru aparacaq.

Sədan Bünyadova

Foto: Nüsrət Abdullayev 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri