21 
Yan
2023
12:08
12
154
3200
Virtual karabakh

Qanlı Yanvarın şahidi olan kapitan: “Dedilər ki, nəşləri yığıb dənizə tökəcəklər” - MÜSAHİBƏ + FOTO/VİDEO

21 Yan, 2023
12:08
3200

Qanlı Yanvarın şahidi olan kapitan: “Dedilər ki, nəşləri yığıb dənizə tökəcəklər” - MÜSAHİBƏ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsi SSRİ-nin qaniçən ordusu heç bir xəbərdarlıq etmədən, Bakı şəhərinə və Azərbaycanın digər şəhər və rayonlarına yeridildi. Keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tutdu. Nəticədə yüz əlliyə yaxın insan qətlə yetirildi, 700 nəfərdən çox insan yaralandı.  

Həmin vaxt Xəzər Dəniz Neft Donanmasının mülki gəmiləri Bakı buxtasına toplaşaraq sovet ordusunun törətdiyi bu vəhşiliyə qarşı misilsiz birlik nümayiş etdirərək, etiraz aksiyalarına başlamış və Bakıda törədilən bu vəhşiliyi dünya ictimaiyyətinə SOS siqnalları ilə çatdırmışdı.

Bu gün o dəhşətli gecəni xatırlayan hər bir azərbaycanlının qəlbi o günlərdə olduğu kimi döyünür. 

Oxu.Az-ın əməkdaşı Qara Yanvar günü dənizdə olan kapitan, şair və jurnalist Faiq Balabəyli ilə bu barədə söhbət edib. 

- Faiq müəllim, Qanlı Yanvarda siz Xəzər dənizində iş başında olmusunuz. Hansı gəmidə çalışırdınız?

- 1990-cı ilin Qanlı Yanvar hadisələri başlayanda “Şirvan” gəmisində çalışırdım. Bizim gəmi növbəti iş tapşırığını yerinə yetirmək üçün Xəzər dənizində, Neft Daşları ərazisində idi. Yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu Bakı şəhərində fövqəladə vəziyyət elan etmədən şəhərə daxil oldu, dinc insanları atəşə tutdu, onları soyqırımına məruz qoydu. 

Yanvarın 19-da, axşam saatlarında gəmimiz Çilov adası yaxınlığında lövbər ataraq dayanmışdı. Kayutamda istirahət edirdim. Növbətçi matros gəldi və dedi ki, Bakıda qırğındır, meyitlər küçədə qalıb. O, bunu “Mayak” radiosuna qulaq asarkən verilişin dayandırılaraq bir nəfərin həyəcan dolu çağırışına əsasən söylədi.

Tez radionu açdım. Həyəcanlı səs insanları küçəyə çağırır, meyitləri və yaralıları götürmək üçün yalvarışlar edirdi. Qəfil səs dayandı. Bu o zamana təsadüf edirdi ki, Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılmışdı.

Mən kapitan körpüsünə qalxdım və kapitan İbad Məmmədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsilə Bakıda baş verən faciə haqqında məlumat verdim. Sonra həmin ərazidə dayanan gəmilərin kapitanları arasında rabitə vasitəsi ilə kiçik məşvərət məclisi oldu. 

Qərar qəbul olundu ki, gəmilər Bakı buxtasına qayıtsınlar.

Yanvarın 20-də, səhər saatlarında bizim gəmi Bakı buxtasına çatdıqda artıq Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-ə yaxın gəmisi Bakı buxtasında lövbər atıb, etiraz aksiyasına başlamışdı. Gəmilər xüsusi koordinatlarda dayanmışdılar ki, hərbi gəmilərin Bakı buxtasına giriş-çıxışı məhdudlaşsın. Artıq yanvarın 20-də, günün birinci yarısında hərbi gəmilərin hərəkətinə yol verməmək üçün donanmanın 100-dən çox gəmisi Bakı buxtasına gedən yolu kəsməyə tam nail oldu. 

- Kapitanlar arasında hansı müzakirələr aparıldı? Həmin vaxt dünyaya SOS siqnalı Xəzər dəniz Donanmasının gəmisindən verilib. SOS-un mətnində hansı sözlər var idi?

- Yanvarın 20-də, səhər saatlarında dənizçilərimiz fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov” adına sərnişin gəmisini qərargaha çevirdilər. Burada ağsaqqal və təcrübəli kapitanlardan bir neçəsi, eləcə də aktiv dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsi ilə gəmilərə ötürülür, müzakirələr davam edir, gəmilərin say çoxluğu ilə təsdiqlənən fikirlər həyata keçirilirdi.

Buxtada dayanan gəmilərin rəhbərlərinin irəli sürdükləri təklifləri koordinasiya etmək üçün qərargaha çevrilmiş “Sabit Orucov” gəmisinin heyəti bu çətin və gərəkli missiyanı öz üzərinə götürdü. Gəminin kapitanı Mövlud Əliyev heç bir şeydən, təhlükədən və ölümdən qorxmadan kapitanı olduğu gəmini xalqımız üçün qürur yeri, qəhrəmanlıq nümunəsi olan bu hadisələrdə birinci etməkdən çəkinmədi.

Beləliklə, ağsaqqal və aktiv dənizçilər “Sabit Orucov” gəmisində hadisələri müzakirə edib, bu vəziyyətdən necə çıxmaq barədə məsləhətləşmələr apardılar. Həmin vaxt bir fikir var idi ki, birmənalı olaraq, sovet ordusu Bakını tərk etməli, törətdikləri qətliama son qoymalı, bütünlüklə Azərbaycan xalqından üzr istənilməli, eləcə də informasiya blokadası, informasiya qıtlığı aradan qaldırılmalı, dünyaya Bakıda baş verən hadisələr olduğu kimi çatdırılmalıdır. 

Dənizçilərimiz tərəfindən SOS siqnalının mətni hazırlandı. Sözügedən mətndə “dünyanın sülhsevər insanları, Bakıda qırğındır, insanları qətlə yetirirlər. Sovet İttifaqının hərbi birləşmələri özlərinin vətəndaşlarına qarşı qəddar mövqe sərgiləyirlər”, - deyə qeyd edildi. Daha sonra dənizçilərimizin ümumi iclasının yekunu olaraq, tələbnamələr hazırlandı və SSRİ-nin prezidenti Mixail Qorbaçova, SSRİ Ali Sovetinə, Sovet İttifaqının hərbi naziri, marşal Dmitri Yazova və digər rəsmilərə ünvanlandı. 

- Dediniz ki, dənizçilər iclas keçirdilər və sovet ordusuna qarşı tələblər də hazırlandı. Sovet ordusu qarşısında qoyulan şərtlər nə idi?

- Tələbdə yanvarın 21-nə keçən gecə səhərə kimi sovet ordusunun şəhəri tərk etməsi, insanların işlərinə getmələrinə şərait yaradılması və şəhərdəki qırğına son qoyulması yer alırdı. Eyni zamanda, sahildən, yaxud dənizdən güc tətbiq ediləcəyi təqdirdə estakadaya bərkidilmiş gəmilərin, tankerlərin, həmçinin sahildəki neft bazalarının dərhal yandırılacağı, hərbi gəmilər hərəkətə gətirilərsə, bizə həyatımız bahasına başa gəlsə belə, onların hərəkətinin qarşısının alınacağı bildirilmişdi.

Daha sonra nümayəndələrimiz Azərbaycanın Ali Sovetinin sədri Elmira Qafarova, bəstəkar, millət vəkili Arif Məlikov, akademik Tofiq İsmayılovla, eləcə də SSRİ-nin Bakıda olan yüksəkrütbəli hərbi-siyasi rəhbərləri ilə - müdafiə naziri, Sovet İttifaqı marşalı Dmitri Yazov, vitse-admiral Sidorov və digərləri ilə görüşdülər.

Marşal bizim nümayəndələrə: “Əgər Bakı buxtasını boşaltmasanız, hamınızı yandırıb, batıracağıq”, - deyərək onları hədələyib. Gəmiçilərimiz də marşaldan ordunun Bakını tərk etməsini istəyiblər. Bakıda baş verən qırğında sovet rəhbərliyi özünə haqq qazandırır, yalandan deyirdi ki, Azərbaycanda bir qrup ekstremist asayişi pozur. 

- Dənizçilər SOS siqnalı ilə bütün dünyanı bu hadisələrlə bağlı xəbərdar edə bildilərmi?

- Biz hər saatdan bir SOS siqnalı ilə bütün dünyaya informasiyanı, həqiqəti ötürdük. Dünyanın 50-dən çox informasiya agentliyi Azərbaycanda baş verən qırğından dənizçilərin ötürdükləri SOS siqnalı vasitəsilə xəbər tutdu. 

- Şəhidlərin aparılıb dənizə batırıldıqları haqqında iddialar vardı. Doğrudan, belə bir hal olub?  

- Həmin vaxt bizə məlumat gəldi ki, sovet ordusunun əsgərləri meyitləri küçələrdən yığışdırıb, gəmilərə yığırlar və aparıb dənizə tökəcəklər. Hərbçilər dənizçilərimizlə növbəti dəfə danışığa girdilər və onlar bizdən hərbi gəmilərin Bakı buxtasından çıxarılması üçün yol istədilər. Biz isə onlara gəmilərin ərazidən çıxmayacağı cavabını verdik.

Onlar bildirdilər ki, istəkləri rus zabitlərinin ailələrini, uşaqlarını təhlükəsiz yerə çıxarmaqdır. Cavabında: “Əgər sizin ailələrin həyatı üçün təhlükə varsa, bəs eyni ölkənin vətəndaşı olan bizim qadınlar, uşaqlar niyə bu təhlükə qarşısında qalmalıdırlar?” - deyə bildirildi. 

Sonra həmişəki kimi, Azərbaycan humanistliyi göstərildi. Onlara hərbi gəmilərin yoxlandıqdan sonra ərazidən çıxmalarına icazə veriləcəyi bildirildi.

Həmin gün axşam saat 21 radələrində “Babazadə” gəmisi yaxınlaşıb, sovet ordusunun hərbi gəmisini yoxlamalı idi, amma həmin ərəfədə gəmilərdən biri aradan çıxdı.

Həmin gəmini ötürən, guya təhlükəsizliyini təmin edən iki hərbi gəmi bizim gəmini atəşə tutdu. Biz onların həmin gəmi ilə həqiqətən, meyitləri aparıb, dənizə atacaqları barədə faktları izləyə bilmədik. 

- Bununla da dənizçilərimizin müqavimətini qıra bildilərmi?

- Əlbəttə ki, yox. Tələblərimiz daha da kəskinləşmişdi. Əgər ordu şəhərdən çıxmasa, ayın 22-də biz xəbərdarlıq olaraq bir gəmini yandıracaqdıq. Gəminin birini hazırlamışdıq. O vaxt Bakının komendantı general Tyuqunov idi. Ondan xəbər gəldi ki, hər şey dayandırılsın, nümayəndənizi qəbul edəcəklər.

“Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev və akademik Tofiq İsmayılov Yazovla görüşdülər. Görüş zamanı Yazov deyib ki, “niyə siqnal verirsiniz, qoymursunuz yatmağa…” O da çox cəsarətlə ona deyib ki, “Siz buraya yatmağa gəlibsiniz?”

Mülki dənizçilərin nümayəndəsinin müdafiə naziri marşalla apardığı söhbət sanki iki qarşı-qarşıya gələn dövlətin nümayəndələrinin bir-biri ilə apardığı söhbət idi.

Yanvarın 24-də Bakı buxtasında fövqəladə vəziyyət elan olundu. Gəmilərimiz sahildən gülləbaran edildi. Hərbi katerlər buxtaya girib gəmiləri atəşə tutdu, gəmilərə desant yeridildi, həbslər, işgəncələr başladı. Əlli nəfərə yaxın dənizçi Rusiyaya sürgünə aparıldı.

- Sürgün edilənlər barədə sonradan məlumatınız oldumu?

- Bir aydan sonra onları evə buraxdılar və “asayişi pozduqları” adı ilə sənədləşdirib həbs etdilər.

- Dənizçilərimiz 20 Yanvarda xalqımızın haqq səsi oldular...

- Bakı buxtasında olan dənizçilər mülki gəmilərlə sovet ordusunun silahlanmış gəmilərinin qarşısında dayandılar. Ona görə də bizim gəmilərimiz güllə yağışına tutuldu. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi.

Dənizçilər qarşılarına qoyduqları məqsədə çatdılar. Hədəfimiz Azərbaycanda olan qətliam haqda məlumatı dünyaya çatdırmaq idi, çatdırdıq. Həm də əlini hər yerdən üzən xalqımıza, qorxu içində yaşayan millətə sübut etmək lazım idi ki, respublika ölməyib və yaşayır.

- Dənizçilərimizin mücadiləsindən bəhs edən “Bakı buxtası - 20 Yanvar” adlı kitab çap etdirmisiniz. Kitab necə yaranıb? 

- Əslində, bu kitab mənim bu hadisələr barədə yazdığım tək kitab deyil. Bundan əlavə olaraq, 2003-cü ildə “Kəsilməyən həyəcan fiti” adlı bir kitab da yazmışdım ki, hər biri dənizçilərimizin 20 Yanvar faciəsi zamanı göstərdikləri misilsiz qəhrəmanlıqdan bəhs edir. Kitablarda müəllif qeydləri, tarixi sənədlərlə yanaşı, həm də o günlərin iştirakçılarının xatirələri yer alıb.

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri