Mar
2023
11:00
173
16
2075
Virtual karabakh

Andrey Nikulin: “Azərbaycan güclü, Ermənistan isə zəifdir, Avropa İrəvana kömək etməyəcək” - MÜSAHİBƏ

6 Mar, 2023
11:00
2075

Andrey Nikulin: “Azərbaycan güclü, Ermənistan isə zəifdir, Avropa İrəvana kömək etməyəcək” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindən ayırmağa razı olduğunu açıqlayıb.

Doğrudur, o, yenidən Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edərək, söyləyib ki, Xankəndi ilə Bakı arasında müəyyən “beynəlxalq müzakirə mexanizmi” yaradılmalıdır.

Dünən, martın 5-də isə Ermənistan tərəfi təxribat törədərək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi texnika, sursat və canlı qüvvə keçirməyə cəhd edib.

Qanunsuz hərbi daşımanı həyata keçirən avtomobilləri saxlayıb yoxlamaq cəhdi isə Ermənistan tərəfdən atəşlə qarşılanıb. Atışma nəticəsində ölənlər və yaralananlar var.

Görünən odur ki, Ermənistan Qarabağ erməniləri üzərində öz təsirini saxlamağa çalışır, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsində isə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları qalmaqda davam edirlər.

Rusiyalı politoloq, publisist Andrey Nikulin regiondakı vəziyyət və Ermənistan-Azərbaycan nizamlanma prosesi barədə fikirlərini Oxu.Az-la bölüşüb.

- Ötən həftənin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, Ermənistan faktiki olaraq Qarabağ məsələsi ətrafında cərəyan edən məsələləri sülh sazişi üzrə Ermənistan-Azərbaycan danışıqları prosesindən ayırmağa hazırdır. Sizcə, Nikol Paşinyan nə dərəcədə səmimi idi? Məsələ burasındadır ki, daha sonra o, Bakı ilə Xankəndi arasında “beynəlxalq müzakirələr mexanizmi olmalıdır” açıqlaması ilə çıxış edib. Bunu isə Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul etmək olar...

- Paşinyan yaxşı bilir ki, hazırda Ermənistanın “müstəqil Qarabağın qorunmasını” (dırnaq işarələri bizə aiddir – red.) təmin etmək üçün nə gücü, nə iqtisadi, nə də siyasi resursları var. Eyni zamanda, Ermənistanın baş naziri bilir ki, bunu açıq etiraf etsə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin dəstəyini itirəcək. Ona görə də Paşinyan tarazlığı qoruyub “müstəqil Qarabağ”ı unutmağın vacibliyini başa düşür. Paşinyan bilir ki, əvvəllər “Qarabağın müstəqilliyi” ilə bağlı müəyyən perspektivlər əldə etmək imkanları olub, lakin hətta o zaman Ermənistan cəmiyyəti buna qarşı çıxıb. O başa düşür ki, əhalisinin sayına görə Azərbaycandan üç dəfə az və iqtisadi cəhətdən daha zəif olan Ermənistan heç bir şəkildə Bakıya qarşı çıxa bilməz. Paşinyan Qarabağ məsələsinin öz-özünə yox, məhz Azərbaycanın fəaliyyəti nəticəsində həll olunacağını gözləyir. Bu isə ona birbaşa Ermənistanın problemlərinə diqqət yetirməyə imkan verəcək.

- Eyni zamanda, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi Avropanın hansısa dəstəyinə, beynəlxalq güclərə ümid bəsləyir. Və heç də təsadüfi deyil ki, İrəvanda Almaniya Kansleri Olaf Şoltsun “Qarabağ vətəndaşları”nın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı bəyanatı hələ də şövqlə qarşılanır. Halbuki rəsmi Berlin artıq bu bəyanatı təkzib edib...

- Vaxtilə İosif Stalinə niyə Vatikanla, Roma Papası ilə danışıqlar aparmırsınız sualını verəndə o, bu suala əks sualla cavab vermişdi: Onun nə qədər diviziyası var? Eyni şəkildə Paşinyan da belə bir sual verə bilər: Almaniya, Avropa, ABŞ, Qərbin Ermənistanda “Qarabağı müdafiə etmək” üçün yerləşdirə biləcəyi neçə diviziya var? Cavab erməni tərəfi üçün kədərli olacaq - heç bir dənə də yoxdur. Avropa bəyannamələr verir, bəyanatlarla çıxış edir. Bəli, onlar Azərbaycan üçün müəyyən diplomatik, siyasi və iqtisadi çətinliklər yarada bilərlər. Amma hazırda Avropa enerji resurslarının tədarükçüsü olan Bakıdan asılıdır. Bundan əlavə, Azərbaycan çoxlu enerji resurslarına malik olan Mərkəzi Asiyaya yeganə qapıdır. Buna görə də Avropa böyük ölçüdə sizin ölkənizdən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu çox gözəl başa düşür və ona görə də öz siyasətini fəal şəkildə həyata keçirə bilir.

Bunu Ermənistanda da başa düşürlər, amma yenə də Avropanın heç bir real məzmun daşımayan bəyanatlarına arxalanırlar. Bəli, Qərb Ermənistanı nisbətən dəstəkləyir. Amma İrəvan heç bir dəstək almayacaq, çünki Qərbin bütün resursları, yeri gəlmişkən, Azərbaycanın da faktiki dəstək verdiyi Ukraynada cəmləşib. Azərbaycanın isə Ermənistandan daha çox manevr imkanı var. Bakının Qarabağ məsələsini həll etməyə fürsət pəncərələri var. Əgər bu, ehtiyatla, dünya ictimaiyyətini narahat etməmək və on minlərlə qaçqının yaranmasının qarşısını almaqla edilərsə, o zaman Azərbaycan və Qarabağın tam birləşməsi məsələsi, nəhayət, öz həllini tapacaq. Çünki Azərbaycan güclüdür, Ermənistan zəifdir və erməni tərəfinə beynəlxalq dəstək ancaq sözə əsaslanır və başqa heç bir real təsirə malik deyil.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri