29 
Mar
2023
20:33
203
18
2026
Virtual karabakh

Türkiyədə hakimlik edən azərbaycanlı: “Kumirim Tofiq Bəhramovdur” - MÜSAHİBƏ

29 Mar, 2023
20:33
2026

Türkiyədə hakimlik edən azərbaycanlı: “Kumirim Tofiq Bəhramovdur” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsa Məmmədov Türkiyədə yerli çempionat oyunlarına təyinat alan azərbaycanlı hakimdir. Bu işə 2019-cu ildə həvəskarlar liqasında başlayan gənc referi bu ilin yanvarında yeni kateqoriyaya yüksəlib. Artıq daha yuxarı liqalarda oyun idarə edən Məmmədov təqribən 2 həftə öncə qadınlar arasında Türkiyə Super Liqasının “Ankara Böyükşehir Belediyesi” - “Trabzonspor” matçında ədaləti qoruyub. Yeri gəlmişkən, bu, əslən Gəncədən olan hakimin yüksək liqada ilk oyunu kimi yadda qalıb.

Türkiyənin potensiallı hakimlərindən hesab olunan İ.Məmmədov “Report”a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

Həmin müsahibəni təqdim edirik:

- Qardaş ölkədə hakimlik edən ilk azərbaycanlısınız. Maraqlıdır, bu sahəyə necə gəlmisiniz?

- Hakimliyə gəlişim maraqlı alınıb. Türkiyədə universitetin ikinci kursunda oxuyarkən bədən tərbiyəsi dərsində uzun məsafəyə qaçış testi verirdik. Həmin vaxt mən testi 3-cü sırada tamamladım. Dekanımız Türkiyə Futbol Federasiyasının hakim-inspektoru professor Bahadır Kayışoğlu idi. Mənə yaxınlaşıb boyumun və bədən quruluşumun hakimliyə uyğun gəldiyini bildirdi və kurslara yazılmağımı məsləhət gördü. İlk təlimi də məhz Bahadır hocadan aldım. Beləcə, onun sayəsində hakimliyə başladım.

- Hakimliklə bağlı ən böyük hədəfiniz nədir?

- Təbii ki, arzular çoxdur. Amma ən böyük hədəflərimdən biri Türkiyə Super Liqasının oyunlarına çıxmaqdır.

- Türkiyədə bu işlə məşğul olmaq necədir?

- Hakimlik mənim üçün hobbidir. Türkiyədə bu işi görmək çox maraqlı və əyləncəlidir. Hər həftə fərqli şəhərlər, stadionlar və mətbəxlər görürəm.

- Qardaş ölkədə hakimlər daim təzyiq altında olurlar. Bu amil işinizə necə təsir edir?

- Mən belə deməzdim. Təzyiq altında qalırlar yox, onları təzyiq altında saxlamaq istəyirlər. Amma təcrübəli hakim heç vaxt o təzyiqin altında qalmaz.

- Hansısa oyunda səhv qərarınıza görə başınıza xoşagəlməz hadisə gəlib?

- Hər hakim kimi mənim də müəyyən qərarlarım olub ki, hansısa komandanın xoşuna gəlməyib. Hətta üstümə gəliblər, amma polislər imkan verməyiblər. Hakimlikdə bunlar normal hallardır. Lakin ciddi problem olmayıb. Məsələn, hansısa qərarımı sosial şəbəkə hesablarında paylaşıb narazılıqlarını bildirsələr də, federasiyaya şikayət etməyiblər.

- Ən bəyəndiyiniz hakim, yaxud da kumiriniz kimdir?

- Bəyəndiyim hakimlər Taner Tuncer, Halil Umut Meler və Əliyar Ağayevdir. Onların heç bir oyunlarını qaçırmıram, izləyirəm. Kumirim isə Tofiq Bəhramovdur.

- Bir müddət öncə qadınlar arasında Super Liqa oyununu idarə etdiniz. Bu, yüksək dəstədə debüt matçınız idi. Təəssüratlarınız necədir?

- Bəli, doğrudur, mənim üçün bir ilk idi. Fərqli təcrübə oldu. Hər iki komandada qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları var idi. Həmyerlilərimi orada, həmin komandalarda görmək sevindirici oldu.

- Hazırda hansı kateqoriyadasınız və sizi nə vaxt əsas Super Liqada görə bilərik?

- Bu ilin yanvarında yeni kateqoriyaya (regional hakim) yüksəldim. Artıq başqa şəhərlərdə keçirilən oyunlara gedə bilirəm. Burada yeni kateqoriya almaq asan deyil. Çünki çox güclü rəqiblər var. Nəzəri və fiziki testlər verirsən. Bunlardan keçdikdən sonra yeni kateqoriyaya yüksəlirsən. Türkiyədə liqalar çoxdur. Super Liqada hakimlik üçün yaşım azdır. Hazırda əsas məqsədim oyun idarə etdiyim liqalarda təcrübə toplayıb, yuxarı dəstələrə çıxmaqdır.

- Sizdən əvvəl Türkiyədə bu kateqoriyaya yüksələn əcnəbi hakim olub?

- Xeyr. İlk dəfə region liqası oyununa çıxan əcnəbi hakim mənəm.

- Nə vaxtsa Azərbaycana qayıdıb ölkə futbolunda hakimlik etmək fikriniz var?

- Xeyr, hələlik bu barədə düşünmürəm, belə bir planım yoxdur.

- AFFA-dan sizinlə maraqlanan, təklif göndərən olubmu?

- Yox, belə bir şey olmayıb.

- Hazırda AFFA Hakimlər Komitəsinin sədri türkiyəli keçmiş referi Barış Şimşəkdir. Türkiyədə onunla bağlı ümumi fikir necədir? Necə hakim kimi xatırlanır?

- Barış hocanın aktiv hakimlik vaxtlarını görən referilər onunla bağlı xoş təəssüratlarını bölüşüb, təcrübəli pedaqoq olduğunu söyləyiblər. Onunla tanış olmağı və təcrübələrindən yararlanmağı çox istəyərdim.

- Azərbaycan hakimliyi kənardan necə görünür?

- Bununla bağlı hər hansı bir fikrim yoxdur. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasının oyunlarına çox baxa bilmirəm. Amma bildiyim qədəri ilə, çempionatda gənc hakimlər üstünlük təşkil edir.

- Premyer Liqada hər tur demək olar ki, ciddi hakim səhvləri olur. Sizcə, bunlar nədən qaynaqlanır?

- Futbol səhvlər oyunudur. Oyunçuların, məşqçilərin səhvi olduğu kimi, hakimlər də bəzən istəmədən yanlış qərarlar verə bilirlər.

- İndiyədək Türkiyədə hansısa səhv qərarınıza görə cəza almısınız?

- Bəli, səhvim olub. Nəticədə cəza olaraq növbəti həftə oyun almamışam, istirahət etmişəm. Ancaq hələ ciddi şəkildə cəzalandırılmamışam.

- Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Konyaspor”a keçidi barədə nə deyə bilərsiniz? 26 yaşlı hücumçu yeni komandasında uğur qazana bilər?

- Təəssüf ki, Türkiyə Super Liqasında həmyerlilərimiz yox dərəcəsindədir. Azərbaycanlı olaraq burada öz futbolçularımızı görməyi çox istərdim. Mahirə də yeni komandasında uğurlar arzu edirəm. Məncə, uğur qazana bilər.

- Sonda demək istədiyiniz ürək sözünüz varmı?

- Burada mənə hakimliyin sirlərini öyrədən, güvənib dəstək verən Bölgə Hakimlər Kollegiyasının sədri Ali Yıldıza, Şəhər Hakimlər Heyətinin sədri Ferdi Kurta və Türkiyə Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyi Baş Qərargah şöbə rəhbəri Taner Tuncerə təşəkkürümü bildirirəm.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri