24 
Apr
2015
19:15
210
27
7990
Virtual karabakh

Cabir İmanov: Mən ədalətə inanıram – MÜSAHİBƏ

24 Apr, 2015
19:15
7990

Cabir İmanov: Mən ədalətə inanıram – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşağı cinsinə görə abort edənlər allahsızdırlar”.

Oxu.Az məşhur aktyor, “Parni iz Baku” KVN-nin (Şən və hazırcavablar klubu – red) populyar üzvü, “Planeta Parni iz Baku” teatrının aktyoru Cabir İmanov ilə müsahibəni təqdim edir:

- Hansı məktəbdə təhsil almısız? Məktəbdə ən yaddaqalan xatirələriniz hansılardır? Təhsilinizi bitirdikdən sonra kim olmaq istəyirdiniz?

- Mən 189 saylı məktəbdə oxumuşam və 1993-cü ildə oranı bitirmişəm. Mən öz məktəbimi çox sevirəm. Bizim məktəb dünyada ən mehriban məktəbdir. Bizim sinifdə demək olar ki, hamı yaxşı oxuyurdu və hamı savadlı idi, hətta “iki alan” belə indiki “əlaçılar”dan çox bilirdi. Ən sevdiyim dərslər cəbr, həndəsə, coğrafiya, ingilis dili, tarix, əmək, bədən tərbiyəsi və rəsm idi. Bəziləri istisna olmaq şərti ilə öz müəllimlərimi - Cəmilə Faiqovna, Valentina Vasilyevna, İrina Mixaylovna, İrina Vladlenovna, Eduard Stanislavoviç, Konstantin Georgiyeviç və s. - indiyə qədər sevir və hörmət edirəm.

Valideynlərlə yanaşı onlar da şəxsiyyətin formalaşmasında iştirak edirlər. 8-ci sinifdə mən və sinifdən bir neçə nəfər ilk dəfə xaricə - Polşa və Çexoslovakiyaya yola düşdük. Bu, unudulmaz səfər idi. Bütün Bakı məktəblərindən çoxsaylı məktəblilər getmişdi. Biz bu ölkələrin bir neçə şəhərində olduq, maraqlı olan çox şey gördük və faydalı çox şey öyrəndik. Bir sözlə Bakıya qayıtdıqda çox bəxtiyar idik.

Bu səfərdən sonra mənim məktəb həyatım dəyişdi, çünki bu mənim fizika müəllimimin xoşuna gəlməmişdi. Ümumiyyətlə, onunla aramızda yaranan münaqişəyə görə digər sinfə keçməli oldum, sonradan sinfimi bir də dəyişəsi oldum.

Daha çox dostum oldu! Bir çox sinif yoldaşlarımla bu günə qədər münasibətlərim yaxşıdır. Bəziləri Azərbaycanın hüdudlarından kənarda yaşayırlar. Amma buna baxmayaraq, biz hər yerdə görüşürük. Bu, “Faiq, salam, mən gəlmişəm” kimi yox, “salam qardaş, mən burdayam!” kimidir. Mən bu görüşləri, zaman keçirməni, yola salmaları təsvir edə bilmirəm. Hər şey o qədər dostyanadır ki. Məktəb dostluğu ən səmimi, təmənnasız, həqiqidir. Məktəbdə neçə il bir yerdə oxumuşuq, amma indi də kimin hansı rayondan olduğunu, kimin atasının harda işlədiyini bilmirəm. Amma indi kim kimin qohumu olduğunu bilir.

- Yəni demək olar ki, insanlar maddiyyat tərəfdən düşünürlər?

- Bəli, hər kəs nədənsə bununla maraqlanır. Yəni artıq özlərini aşkar şəkildə belə aparırlar. Bizim məktəb başqa idi. Müəllimlər də güclü idi. Məsələn, məktəb ingilis dili təmayüllü idi. Və mən bu gün məhz bu biliklərin sayəsində ingilis dilində yaxşı danışıram.

Məktəbdə biz ŞHK-da oynamağa başladıq. Bu, çox maraqlı idi. 189-da oxuyan Bəhram artıq “Parni iz Baku” komandasının tərkibində idi. 189 saylı məktəbin ŞHK komandasının tərkibində Tahir, Vado, mən və digər uşaqlar var idi.

Hər şey məktəbdə başladı.

Tamerlan Nəcəfoviçin, yeri gəlmişkən həm də mənim coğrafiya müəllimimin rəhbərliyi altında komanda yaradıldı, bu komanda hələ heç kimə məğlub olmayıb. Sonradan onlar “Parni iz Baku” komandasının müəlliflərinə çevrildilər. Bu gün Tomik Amerikada yaşayır.

1991-ci ildə məktəb çempionatında münsiflər qismində mərhum Anar Məmmədxanov, Ənvər Mənsurov, Timur Vaynşteyn və komandanın digər üzvləri oturmuşdular, onlar elə oyunun gedişatında Tahir və Vadonu 1992-ci il mövsümündə iştirak üçün “Parni iz Baku” komandasına qəbul etdilər.

O zaman Tahir məktəbi bitirirdi, mən isə 9-cu sinifdə oxuyurdum. Oxucular üçün demək istəyirəm ki, Tahir mənim doğma qardaşımdır. Çoxları nədənsə onun əmim oğlu olduğunu düşünürlər.

Mən məktəbdə oxumağa və ŞHK-da oynamağa davam edirdim. Sonradan həmişə qalib olan “Beşinci künc” komandası yaradıldı. Məktəbi bitirdikdən sonra isə arzum polis olmaq idi.

- Bu sahə sizi nə ilə cəlb etdi?

- Mənə cinayətləri araşdırmaq, cinayətkarları izləmək, atəş açmaq maraqlı idi. Amma evdə hamı buna qarşı idi. Mənim atam iqtisadiyyatçı, professor və iqtisad elmləri doktoru və laureatı, ASSR dövlət mükafatı laureatı, İspaniyanın Kral Elmlər Akademiyasının akademiki Qorxmaz İmanov, bütün həyatını elmə həsr edib. Anam 35 illik iş təcrübəsi olan musiqi müəlliməsidir. Bu sahə onların ürəyincə deyildi. Atamın tövsiyəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinə (Narxoz) daxil oldum.

Bəli, mən orada iqtisadiyyat sahəsinə dair əsas bilikləri aldım, amma əsas olan bizim ŞHK-nı yaratmağımız oldu. Respublika üzrə ŞHK çempionatı elan edildi və Tahir “Mı iz biznesa” komandasını yaratdı. Biz iki mövsüm oynadıq və bizim komanda iki il ard-arda ölkə çempionu oldu. Bu komandada çox məşhur insanlar – Murad Dadaşov, İlham Qasımov, Səməd Abbasov, İslam İsmayılov, Məmməd Kazımov, Emin Mehdiyev və digər KVN-şiklər oynayıb. Bu komandanın əsasında bu uşaqlar hamısı “Oqni Baku”, “Parni iz Baku-3” komandalarında oynayıblar. Biz bu komandaların tərkibində 1996-1997-ci illərdə Soçi və Yurmala festivallarında oynamışıq.

Sonra bəzilərimiz, mən də o cümlədən əfsanəvi “Parni iz Baku” ŞHK komandasına düşdük. Yeri gəlmişkən ilk dəfə mən səhnəyə bu komandanın tərkibində 1995-ci ildə çıxdım.

- Necə oldu ki, iqtisadiyyatçı polis oldu?

- Mən Ali məktəbi bitirdikdən sonra polis olmaq istədiyimi anladım. Mən bu barədə valideynlərimlə danışdım və öz arzumu həyata keçirməyə başladım. Orduda - Azərbaycan DİN Daxili qoşunlarında xidmət etdim, sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldum və polis zabiti oldum, indi də polis zabitiyəm.

- Siz arzunuzun ardınca getdiyiniz üçün peşman deyilsiniz ki?

- Xeyr, ümumiyyətlə, peşman deyiləm. Mənim üçün polisdə işləmək şərəfdir, bu çox maraqlı işdir. Həm də sən törətdiyi cinayətə görə kimisə saxladığın üçün ölkə vətəndaşlarına fayda gətirəcəyini anlayırsan.

- Bəs siz təhlükəli cinayətkarların ünvanına cəmiyyətimizdə tez-tez söylənilən “Allah qapısını açsın” ifadəsinə necə münasibət bəsləyirsiniz?

- Əvvəllər həbsxanalar islah əmək koloniyaları adlanırdılar. Yəni həbsxana məhkumun düşüb və ölməli olduğu yer deyildi. Orda o, islah olunmalı idi.  İslah olunmayan isə residivist olurdu. Hər kəs hər an həbsxanaya düşə bilər. Bəzən həyatda elə anlar olur ki, insan düşdüyü bu və ya digər vəziyyətdən çıxış yolu görmür və qanunu pozur. Amma bəzən həbsxanalara tamamən günahsız insanlar da düşür. Necə deyərlər, kasıblıq və məhkumluq qınanılmaz. Adətən “Allah qapısını açsın” ifadəsi məhkumun qohumlarına deyilir, onlara dəstək vermək və onun azadlığa buraxılacağına ümid edərək söylənilir.

- Qardaşınız Tahir İmanov həyatınızda hansı yerə mənsubdur?

- Hər bir ailədə kişilər var. Bu baba, ata, qardaş, oğuldur. Doğrudur, uşaqlar üçün kişi sən olursan. Bu sənin ümid etdiyin güvəndiyin ideallardır. Mən atamı çox sevir və ona hörmət edirəm. Bizim üçün etibarlı dayaq olan babam, bəstəkar, professor, Azərbaycanın xalq artisti – Süleyman Ələsgərov vəfat etdikdən sonra, hər şey çox dəyişdi, onun yoxluğunu çox kəskin hiss etdik.

Tahir mənim üçün atamdan sonra etibar edəcəyim kişidir.

O, mənim böyük qardaşım, dostumdur, heç bir zaman məni darda qoymaz. Mən onunla bütün məsələlər üzrə məsləhətləşirəm. Uşaq vaxtı bütün qardaşlar kimi dalaşmışıq, bir-birimizin əlindən nəyi isə almışıq. Sonra böyüdük. Onun kiçik qardaşı olmağıma baxmayaraq o, mənim məsləhətlərimə qulaq asır.

Tahir çox kreativ adamdır, o, daima maraqlı layihələr düşünür, tamaşaçılarımız bu layihələrin şahididirlər. Və maşallah, bütün layihələr uğurlu olub. O, bununla babamız Süleymana çox bənzəyir, bir şeyə nail olduqda dayanmır.

Bundan başqa o, “Planeta Parni iz Baku”nun rəhbəridir. Bu anlayışa çox şey daxildir. Tahir başda olmaqla burada müəllif qrupu çalışır, bunun nəticəsi isə hər il təqdim edilir. Bu sadəcə ŞHK-nın illik çıxışları deyil, burada filmlər, televiziya verilişləri və reklamlar da yer alır. Bu brend altında müxtəlif tədbirləri – toy, mərasimləri, korporativləri, sərgiləri və s. təşkil edən “Planet Parni iz Baku Events” fəaliyyət göstərir.

- Tahir rəhbər kimi necədir?

- Tahir çox tələbkardır. Düzünü desəm mən də eləyəm, bəlkə bu bizdə genetikdir. Hər sahədə olduğu kimi bizim sahədə də yaxşı kadr tapmaq çətindir. İnsanlar bəzən öz işlərini lazımınca yerinə yetirmirlər və bu zaman qəddar davranmaq lazım gəlir. Düşünürəm ki, qarşıya qoyulan məqsəd və arzuolunan nəticənin əldə edilməsi üçün hər bir rəhbər tələbkar olmalıdır.

- Bəs məşqlər zamanı?

- Məşqlər zamanı hansısa aktyor nəyisə düzgün etmirsə, Tahir onu saxlayır və öz iradlarını bildirir. Əlbəttə, bəzən mən də Tahirin qoyduğu tələbləri yerinə yetirə bilmirəm. Təbii ki, o, mənə də irad tutur, onun buna rəhbər kimi haqqı var. Hər şeyi Tahirin əvvəldən düşündüyü kimi etmək lazımdır. O, nəticədə bu teatrın rejissoru və bədii rəhbəridir. Necə deyərlər, iş işdi, dostluq da öz yerində.  

- Siz çox rollarda oynamısız, ən sevimlisi hansıdır?

- Bilirsiz, mən öz rollarımın hamısını xoşlayıram, bəziləri istisna olmaqla, amma belələrinin sayı çox azdır. Məsələn, elə rollar var ki, parodiya tələb etmir, amma elələri də var ki, onları yaşayırsan – götürək elə taksi sürücüsü “Ağa Natiq” obrazını. Bu obrazı çox sevirəm, o mənim ürəyimcədir. Bu obrazda müxtəlif insanların xarakterləri toplanıb, onlar özlərinə məxsus manera ilə danışırlar, xalqının tarixini yaxşı bilir, Bakını və Azərbaycanı dərindən sevirlər.

- Deyilənə görə sizə təzyiq edilir, məsələn, polisləri parodiya etməyi qadağan edirlər...

- Bilirsiz, insanlar nədənsə biz kimi isə tənqid etdikdə, söhbət yalnız polislərdən getdiyini deyil, sanki bu strukturda hər şeyin pis olduğunu demək istədiyimizi düşünürlər. Bu belə deyil. Əgər “Planeta Parni iz Baku” polisi və ya digər strukturu neqativ təsvir ediblərsə, bu ümumilikdə hər şeyin pis olması demək deyil. Axı nəticədə biz ölkəmizin patriotlarıyıq, ölkəmizi sevirik, onun yalnız regionda deyil, dünyada nümunəvi olmasını arzulayırıq. Ona görə də bəzi mənfiləri yumor prizmasından göstəririk. Vəssalam. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu ilin aprel ayının 25, 26-da Heydər Əliyev adına sarayda “Planet parni iz Baku” ŞHK teatrının ənənəvi konserti keçiriləcək. Bütün arzu edənləri dəvət edirəm.   

- Sizin fikrinizcə azərbaycanlılara irəli getməyə nə mane olur?

- Bizə birləşməməyimiz mane olur. Hesab edirəm ki, ən böyük bəla bizim lazımi anda birləşməyi bacarmamağımızdır. Biz yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bərabər olmalıyıq. Evlərimizin arasında hasar var, hər şeyi haşiyəyə almışıq. Xarici filmlərə baxdıqda, qonşuların evlərinin arasında heç bir hasar olmadan çəmənliklərin olduğunu görürsən. Bizdə isə hətta bacı və qardaşlar arasında mülk bölgüsü gedir, hasarlar tikilir. Bu, doğru deyil.

Düşünürəm ki, qanunlar hətta qəbiristanlıqda belə işləməlidir. Qəbiristanlıqda olanda mən anladım ki, hətta orda belə hasar çəkirik, qorxuruq ki, kim isə gecə gələr bizim sahəmizdə ölüsünü dəfn edər.

- Sizcə Sovet İttifaqının süqutundan sonra cəmiyyətimiz geriyə, yoxsa irəliyə doğru hərəkət etdi?

- Bu çox gözəl sualdır. Demək istərdim ki, çoxları SSRİ dövründən razıdırlar, o vaxt hər şey yaxşı olub, qanunlar işləyib... Mənim şəxsi fikrimə görə əgər Azərbaycanın müstəqilliyi 1920-ci ildə qorunub saxlanılsaydı, indi ölkəmiz yalnız regionda deyil, eləcə də Avropada inkişaf etmiş ölkələrdən biri olardı. Fikir verin, 20 il ərzində, məncə bu elə də böyük müddət deyil, çox şeyə nail olmuşuq. Bizim, xaricə, istədiyimiz yerə getmək imkanımız var.

Bu gün Azərbaycan bu müstəqillik sayəsində daha gözəl olub, sərhədlər açılıb, biz bura məşhur memarları dəvət edə bilərik. Məsələn, Heydər Əliyev Mərkəzini inşa edən Zaha Hadid. Düşünürəm ki, bu, müasir memarlıqda inqilabdır, bu binanı çox sevirəm.

Biz bura istənilən inşaat mallarını, ərzaq və ekzotik meyvələri gətirə bilərik. Bəs insanlar... Xaricə gedənlərin davranışı, mədəniyyəti, dünya görüşü dəyişir. Onlar dünyada olan vəziyyəti görürlər. İnsanların gülümsəməsini, bir-birinə kompliment deməsini eşidirlər.

Amma mənfi cəhətlər də var. Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı kapitalizmdir... Sən kimin insanlıq, kiminin isə pul üçün dostluq etdiyini görürsən. Amma bu da müvəqqətidir. Düşünürəm ki, hər şey öz yerini tutacaq. Sadəcə zaman lazımdır.

- Deyirlər bizim cəmiyyət “qara geyimli adamların” cəmiyyətidir. Hamı – qızlar da, oğlanlar da qara geyinir. Bu nədən irəli gəlir – daxili bədbəxtlik, və ya...?

- Yəqin ki, bu depressiyadır... Həm də düşünürəm ki, bu pul çatışmazlığıdır. Qara rəng elə rəngdir ki, onu hər gün geyinmək olar. Qara geyimi bir neçə il geyinmək olar... Allah bu insanlara rifah və təxəyyül bəxş etsin ki, onlar özlərinə digər rəngli geyimlər alsınlar. Mən yaşlı insanın parlaq rənglər, məsələn, qırmızı köynək geyinməsini xoşlayıram. O, həyata sevinir. Biz bunu çox zaman xaricdə görürük. Bizdə də belə cəsurlar var, amma biz çox zaman deyirik ki, bu eyibdir.

- Yəni bizdə cəsurluq xarici görünüş ilə qiymətləndirilir?

- Xeyr, təbii ki. Azərbaycanlılar – biz yaxşı xalqıq, biz cəsur xalqıq. Allah elə etsin ki, Prezidentimiz torpaqlarımızın azad edilməsi haqqında əmr versin. Bu, mənim arzumdur. Mənim fikrimcə bu məsələ müharibə başlamayana və qan tökülməyənə qədər həll edilməyəcək. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında böyük cəsarət göstərəcək.

Bu yaxınlarda “Dolu” filminə baxdım. Bu, Azərbaycan kinematoqrafının şah əsəridir. Sizin vasitənizlə filmin rejissoru Elxan Cəfərov və ssenari müəllifi Aqil Abbasa təşəkkür edirəm. Onlar gənc nəsilə o zamankı Azərbaycan xalqının vətənpərvərləri və satqınlarının kim olduğunu göstərdilər, bu filmə baxdıqdan bir neçə gün sonra da yalnız müharibə haqqında düşünürdüm.

Düşünürəm ki, azərbaycanlılar silahla deyil, hətta əllərində yaba ilə öz Qarabağ torpaqlarına daxil olsalar ermənilər qaçacaq. Çünki ermənilər bizimlə müharibə etmirlər. Bu, davaya bir nəfərin yanında 20 nəfərin gəlməsinə bənzəyir. Belə dalaşmaq asandır. Onlar bu addımı Rusiyanın dəstəyi olmadan ata bilməzdilər.

- Siz imanlı insansınız?

- İman mənim həyatımda mühüm yer tutur. Deyərdim ki, mən islamın bütün şərtlərinə görə imanlı insanam, nə vaxtsa tam şəkildə buna əməl edəcəm. İndi bu şərtlərdən yalnız bir neçəsini yerinə yetirirəm. Düşünürəm ki, Allaha inanmayan insanlar – belələri həqiqətən var – onlar yalnız həyat tərzi keçirirlər.

Heç nə yaradanın izni olmadan baş vermir. O, yardım edir, qoruyur və cəzalandırır. Hər bir insan yaradanın onu nə üçün cəzalandırdığını bilir. Mən ədalətə inanıram, o mövcuddur, heç kim cəzasız qalmayacaq.  

- Sizə düzgün qərar vermək üçün nə yardım edir?

- Hər şeydən öncə Allah haqqında düşünürəm – necə davranım ki, bu, ona xoş getsin. Sonra isə öz intuisiyama inanıram, özümün və digərlərinin səhvlərini yadıma salıram, onları təkrarlamamağa çalışıram, və əlbəttə ki, yaxınlarımın məsləhətləri.

- Ailə həyatınızda hansı yeri tutur?

- Ailə həyatımın vacib hissəsidir. İki qızım böyüyür, onları çox sevirəm və onlarsız yaşaya bilmirəm. Düşünürəm ki, hər bir insan valideyn olmalı və uşaq tərbiyə etməlidir. Onlara valideynlərindən gələn hər şeyi ötürməlidirlər. O zaman sənin nəslin yaşayacaq. Hər bir insanın, sadəcə insan olduğunu deyil, layiqli davamçıları tərbiyə etmək kimi həyatda müəyyən missiyaya sahib olduğunu anladığı müəyyən bir dövrü var.

Ona görə də həyat yalnız özünə deyil, eləcə də uşaqlara həsr edilməlidir. Özündən sonra nə isə qoymalısan, anlamalısan ki, istənilən an Yaradanın yanına dönə bilərsən. Axı uşaqlar sənin kiçik surətlərindir.

- Dediniz ki, iki qızınız var – bizim cəmiyyətdə valideynlərin qız övladının dünyaya gəlməsini istəmədikləri üçün aborta getmələri barədə fikirləri çox eşidirik. Belə insanlara münasibətiniz necədir?

- Onlar Allah inanmayan insanlardır. Axı hər bir övladı Allah göndərir. Uşaq qız olduğu üçün abort etmək ən böyük günahdır. Axı necə qız övladının əleyhinə olmaq olar? Axı sənin anan da qız övladı olub. Mənim ikinci qızım dünyaya gələndə xoşbəxt idim – mənim üçün qız və ya oğlanın olması vacib deyildi, mən bu barədə heç düşünmürdüm də, sadəcə ikinci övladım dünyaya gəldiyi üçün bəxtiyar idim! Uşağın cinsinə görə abort edənlər allahsız insanlardır.  

Bir dəfə belə bir əhvalat olub: ailə ultrasəslə müayinəyə gəlib, və qadının əri həkimə 100 dollar verərək deyib ki, “elə et ki, orada oğlan görünsün” (gülür).

- Necə düşünürsüz, Avropa oyunları Azərbaycana nə gətirəcək? Azərbaycan Avropanın bir hissəsi olmağa hazırdırmı?

- Düşünürəm ki, biz artıq çoxdan Avropanın bir hissəsiyik. Bizim köhnə Avropa memarlığımız belə bu haqda xəbər verir. Amma hər gün daha çox müxtəlif gözəl binalar tikilir. Biri birindən gözəl.

Avropa oyunlarına gəldikdə isə, hər dəfə belə tədbirlərin – Eurovision, çempionatlar, konfranslar və s. keçirilməsi çox yaxşıdır. Bu tədbirlər bizim ölkəyə xeyir gətirəcəklər. Əvvəllər bizdən haradan gəldiyimzi soruşduqda insanlara Türkiyə ilə qonşu olduğumuzu, Xəzərin sahilində yerləşdiyimizi izah etməli olurduq. İndi isə Azərbaycan deyən kimi insanlar tanıyır.

Bu, Heydər Əliyevin, onun layiqli davamçısı olan prezidentimiz İlham Əliyevin və onun həyat yoldaşı birinci xanım Mehriban Əliyevanın əməyinin nəticəsidir. Onlar ölkəmizin inkişafı üçün böyük işlər görüblər. Hamısını sadalamayacağam, məsələn elə Eurovisionun keçirilməsi üçün tikilən “Crystal Hall”ı götürək. Bəli, Eurovision sona çatdı. Amma bu gün dünya ulduzları bu konsert zalında çıxış edirlər. Onları burada qəbul etməyə utanmırıq. Çünki hər şey yüksək keyfiyyətli, dünya standartlarına uyğundur. Avropa oyunları üçün inşa edilən bütün obyektlər bizə qalacaq.

Axı bundan sonra biz daha geniş miqyaslı tədbirləri, məsələn olimpiadaları, futbol üzrə dünya və Avropa  çempionatlarını keçirməyə hazır olacağıq. Bura yüz minlərlə adam gələcək. Bu, bizim iqtisadiyyata xeyir gətirəcək. Bütün otellər, restoranlar və mağazalar işləyəcək. İnsanlar gəzəcək və alış-veriş edəcəklər. Vətənlərinə qayıtdıqdan sonra isə dostlarına Azərbaycanın nə dərəcədə gözəl olduğunu danışacaqlar və bura turist axını olacaq. Turizm isə bildiyiniz kimi, ölkə iqtisadiyyatının əsas sahələrindən biridir.

- Beldən aşağı yumorun peyda olduğunu tez-tez eşitdiyimiz dövrdə məzhəkə janrının dünyada və Azərbaycanda vəziyyətini necə dəyərləndirirsiz?

- Əlbəttə bu doğru deyil. Əvvəllər kim isə bədənin bu və ya digər hissəsinə işarə edərək güldürməyə çalışsa da, bu, təbii ki, gülməli deyildi. Amma indi elə zarafatlar var ki, onların bayağılığına gülürlər. Əgər zarafatda söyüş varsa bu gülməlidir. Lakin bunu yalnız dostlar arasında danışmaq olar, kütlə üçün, KİV-də yox.

Smartfonların və qlobal İnternet şəbəkəsinin peyda olmasından sonra vəziyyət dəyişdi. Bütün bunlar insanları korlayır, onlar o qədər müxtəlif yumor görürlər ki, bu, artıq adi hala çevrilir.

İnsanlar İnternet vasitəsilə o qədər müxtəlif gülməli çarxlara baxırlar ki, onları güldürmək çətin olur. Əgər daha öncə klassik, intellektual yumora gülürdülərsə, indi bu insanlara lazım deyil, onlara tullantı lazımdı.

İndi zarafat etməyə çalışan gənclər üçün – bu daha çətindir.

- Sizin üçün Azərbaycanda bir nömrəli  məzhəkə aktyoru kimdir?

- Mən mərhum Yaşar Nuriyevi çox sevirəm. O, bütün rollarını ustalıqla ifa edirdi. Mənim fikrimcə məzhəkə aktyoru olmaq istəyənlər üçün Yaşar müəllimin oynadığı rolların hamısı ustad dərsləridir.

Gənclərdən ad çəkmək istəmirəm, kimi isə seçmək müşküldür.

O zaman çəkilən filmlərə, illər keçməsinə baxmayaraq biz indi də böyük məmuniyyətlə baxırıq. O, filmlərdə yaradılan atmosfer, sənin üçün doğmadır, evlər, o dövrün ərzaqları, insanların münasibətləri, zarafatlar, səmimilik... İndi isə yalnız kommersiya sətiraltısı olanları göstərirlər. Əvvəllər filmi çəkməyə 1-2 il vaxt gedirdi, indi isə buna yalnız bir ay vaxt sərf edilir. Bəlkə elə buna görə də onlar birdəfəlik baxış üçündür.  

- Siz Azərbaycanda vətənpərvərlik filmləri ilə vəziyyəti necə dəyərləndirirsiniz.

- Vəziyyət indi daha yaxşıdır. Son zamanlar bir neçə vətənpərvərlik filmi çəkilib. Mən bütün filmləri bəyənirəm. Hesab edirəm ki, bu prosesdə yaradıcılığa aidiyyatı olan bütün azərbaycanlılar iştirak etməlidirlər.

Əlbəttə, bu filmlərə baxaraq hər dəfə torpaqlarımızı qoruyub saxlaya bilmədiyimizi dərk etmək kədərlidir. Amma bu müəyyən vaxta qədərdir, mən yaxın zamanlarda haqqımız olanı gerialacağımıza heç şübhə etmirəm.

Torpaqlarımızın qaytarılması üçün həm ölkənin siyasi rəhbərliyi, eləcə də ərazimizin  20%-nin düşmən əlində olduğunu real dərk edənlər tərəfindən bu qədər işin aparldığı bir dövrdə, yalançı vətənpərvərlərin toylarda, restoranlarda “kayfuyem” adlı erməni mahnsını sifariş etmələri və bzim “qeyri-adi” müğənnilərin onu ifa etmələri məni çox kədərləndirir.  

Əgər hər şey yaxşı olarsa, mən maddi tərəfi deyirəm, tamaşaçılar yaxın günlərdə “Planet Parni iz Baku”nun vətənə məhəbbətə həsr edilmiş yeni məmulatını  tammetrajlı filmi görəcəklər.

E.Ş.
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri