28 
Apr
2015
20:34
262
751
8692
Virtual karabakh

Rüstəm Orucov: “Bakı 2015” Azərbaycan adına böyük bir layihədir – MÜSAHİBƏ + FOTOSESSİYA

“Avropa Oyunlarına hazırlaşmaq özü bir fəxrdir”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Cüdo üzrə Beynəlxalq yarışların qalibi və mükafatçısı Rüstəm Orucovdur.

- Orucov, uşaqlığın tamam başqa şəhərdə keçib, uşaqlığını, məktəb illərini necə xatırlayırsan?

- Mən 1991-ci ildə Moskvada doğulmuşam. Uşaqlığım da, məktəb illərim də orda keçib. Bəli, ölkədən kənar başqa ab-hava idi, amma öz vətəninin yerini heç bir ölkə vermir. Başqa yerdə yaşamaq, işləmək və s. maraqlıdır. Amma doğma şəhər insan üçün başqa aləmdir. Səkkiz yaşımda idmana başlamışam, Moskvada sambo, cüdo ilə məşğul olmuşam. Ailəm atam, anam və qardaşımdan ibarətdir. Atam məni həmişə idmana həvəsləndirirdi, idmanda olmağım da onun sayəsindədir. Amma idmanla ilk tanışlığıma sinif yoldaşım səbəbkar olub. O, cüdoyla məşğul olurdu, həmişə məşq edirdi. Mən də baxdım ona həvəsləndim və başladım məşqlərə. Qardaşım da cüdoyla məşğul olurdu, amma zədəsi oldu deyə davam edə bilmədi.

- Hamımız bilirik ki, yarışlardan öncə ciddi şəkildə bəlli bir məşq olur. Bəs elə olub ki, hansısa yarışda hazırlıqsız iştirak etmisən?

- Müxtəlif ölkələrdə, şəhərlərdə çox yarışlarda olmuşuq, amma deməzdim ki, hazırlıqsız olmuşam, sadəcə zəif çıxışım olub. Lakin çox vaxt hazırlıqlı şəkildə getmişəm yarışlara.

- İdmançı idmançıdır. Nə irq, nə rəng, nə dil, nə din fərqi qoyulmur, amma mənə həmişə bizim idmançıların ermənilərlə görüşü maraqlı olub. Səhv etmirəmsə sənin də yeniyetmə vaxtı belə bir yarışın olub?

- Bəli, biz tatamiyə çıxanda həmin an qarşındakının kim olduğu unudulur, heç bir fərq qoyulmur. O an sadəcə qələbəni düşünürsən, amma ermənilərlə bir az fərqlidi, çünki biz qəbul etmişik ki, onlar bizim düşmənimizdir, bunu yaddan çıxara bilmərik. Erməni ilə görüşümdə o vaxt 16 yaşım var idi. Ona qalib gəldiyim üçün çox sevinirdim. Əgər başqa millətdən olanı soruşsanız təbii ki, fərq qoyulmamalıdır. Biz  zənci ilə də, yaponla da görüşdə ola bilərik, o həmin vaxt sadəcə idmançıdır.

- Bəs kimlərlə çətindi yarışa çıxmaq?

- Mənim yaponlarla, braziliyalılarla, koreyalılarla, monqollarla və s. millətlərin nümayəndələri ilə yarışım olub, amma yaponlar güclüdü, bunu hamı qəbul edib. Lakin onlar mənim üçün texniki güclü sayılırlar.

- Bəs monqollar necə?

- Onlar fiziki cəhətdən güclüdür.

- Bəs bizdə? Yəni Azərbaycanda?

- Bizdə də fiziki cəhətdən güclüdürlər, çox güclü, talantlı idmançılarımız var .

- Hansı yarışlarda olmusan və hansı yarışda iştirak etmək istəyirsən?

- Bir çox yarışlarda iştirak etmək istəyirəm. Məsələn, Dünya kubokunda, Avropa çempionatında, London olimpiya oyunlarında, turnirlərdə və s. Amma ən çox iştirak etmək istədiyim Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarıdır.

Avropa Oyunlarına hazırlıq mərhələsi yaxşı gedir, iki lisenziyalı turnirdə qalib gəlmişəm. Görək də necə olacaq (gülür).

- Lisenziyalı turnirlərə hansı ölkədə neçənci yeri qazandın?

- Deməli, Koreyada, Dubayda, Yaponiyada, Almaniyada, Gürcüstanda, Türkiyədə oldum. Koreyada 3-cü, Dubayda 3-cü, Yaponiyada 5-ci yerlərin qalibi oldum. Həmçinin Gürcüstan və Türkiyədə də qalib oldum.

- Ən əsas məqamlardan biri ölkəmizin hazırlaşdığı böyük bir layihə - Avropa Oyunlarıdır! Hazırlıq necə gedir? Ən əsası o hiss varmı ki, “uduzacam, ya qalib gələcəm?!”.

- “Bakı 2015” Avropa Oyunları Azərbaycan adına böyük bir layihədir və çox maraqlı olacaq. Turistlər gələcək və o turistlər Bakının gözəlliyini, inkişafını görəcək. Onlar idmanın inkişafını da görəcəklər. Azərbaycanın inkişafı bizim adımız, qürurumuz, fəxrimizdir. Özümün iştirakına gəldikdə isə bu, mənim istəklərimdən biridir. Avropa Oyunlarında çıxış etmək və qalib olmaq arzumdur! Hiss edirəm ki, qalib olacam.

- Dostlarından ən çox hansı sözü eşidirsən?

- Dostum (gülür).

- İdmançılara deyəndə ki, kitab oxumusunuz, cavabında ən çox bu sözü eşidirəm: “vaxt yoxdu, alınmır!”. Sən necə, sonuncu dəfə hansı kitabı oxumusan?

- “Voyna i Mir”i oxumuşam, amma indi doğrudan vaxt problemi olur, alınmır.

- Son vaxtlar ən çox nəyi düşünürsən?

- Olimpiadanı, qalib olmağı (gülür). Düşündüyüm ancaq odur.

- Sonuncu dəfə nə vaxt qışqırmısan?

- Yadıma gəlmir (gülür).

- Necə yəni, uduzanda qışqırıb divara vurmamısan heç?

- Olub, uduzanda əsəbiləşmişəm, qışqırıb divara vurmuşam (gülür).

- Səncə Avropada Azərbaycan, idman deyəndə kimi çox tanıyırlar?

- Məncə Rafael Ağayevi tanıyırlar. Onu hər kəs tanıyır və sevirlər.

- Bir neçə il sonra səni necə təqdim etmələrini istəyirsən?

- Olimpiya çempionu Rüstəm Orucov demələrini çox istəyərəm.

- Səsin də yaxşıdı, siman da maraqlıdı. Radioya və TV-yə uyğun gəlirsən. Hansısa reklam çəkilişinə təklif gəlməyib ki?

- Yox, olmayıb, amma idmanla bağlı olan reklam çəkilişinə hə deyə bilərəm.

- Yarışlarına kimlər gəlir adətən?

- Ailəm, dostlarım gəlir, amma atamın gəlişini daha çox istəyirəm! O gələndə mən həmişə qalib oluram (gülür).

Çəkilişə göstərdiyi köməyə görə “Erto” mebel evinə təşəkkür edirik.

Nərmin Kazımova
Foto: Nahid Ağazadə
www.oxu.az 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri