24 
Avq
2015
12:45
68
19
6601
Virtual karabakh

Möhsün Pakayin: İran üçün neftin qiymətinin sabit olması daha vacibdir – MÜSAHİBƏ

24 Avq, 2015
12:45
6601

Möhsün Pakayin: İran üçün neftin qiymətinin sabit olması daha vacibdir – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sanksiyaların tətbiqinə heç bir əsas yox idi”.

Oxu.Az İran səfiri cənab Möhsün Pakayin ilə müsahibəni təqdim edir.

- Cənab səfir, Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq hansı səviyyədədir? Siz iki ölkə arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Xoşbəxtlikdən iki ölkənin iqtisadi əlaqələri hər iki ölkəni razı edəcək səviyyədədir. Hazırda Azərbaycanla-İran arasında qeyri-neft ticarət dövriyyəsi 500 milyon avrodur. Əgər biz bu  rəqəmə insanların “çamadan” ticarətini, İranın Şahdəniz 2 layihəsindəki payını, neft-qaz vasitəsilə əldə edilən gəlirləri əlavə etsək, bu göstərici 1 milyard avrodan çox olacaq. Düzdür, iki ölkənin mövcud potensialını nəzərə alsaq bu rəqəm daha çox ola bilər. Hazırda səfirliyin də məqsədlərindən biri bu ölkələr arasında ticarət və mal dövriyyəsinin həcmini artırmaqdır.

- İran Azərbaycanla hansı sahələr üzrə əməkdaşlıqda maraqlıdır? Və yaxud İran tərəfi Azərbaycandan hansı sahədə əməkdaşlıq barəsində təklif gözləyir? İran Azərbaycanda iqtisadiyyatın hansı sahələrinə yatırım edə bilər?

- Hazırda Azərbaycanla-İran arasında ticarət, tranzit, enerji, turizm sahəsində əməkdaşlıq mövcuddur. Enerji sahəsində ölkələr arasındakı əməkdaşlıqdan danışarkən İranın NICO şirkətinin Şahdəniz 2 layihəsindəki payını və orda əməkdaşlığını qeyd etmək lazımdır. Bundan əlavə, hazırda iki ölkə arasında elektrik enerjisinin alqı-satqısı üzrə müzakirələr davam etdirilir. Söhbət Naxçıvan, İranın Astarası arasında elektrik alqı-satqısından gedir. Qeyd etdiyim kimi bu sahədə intensiv danışıqlar gedir.

Həmçinin, iki ölkənin iş adamları avtomobil, dərman, neft-kimya məhsullarının istehsalı üçün müştərək zavodların tikintisi məsələsini nəzərdən keçirirlər. Ümid edirik ki, bu layihələrin müzakirələri artıq yekunlaşacaq və nəticə əldə ediləcək.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycandan ildə 1 milyon nəfərə qədər vətəndaş İrana səfər edir. Bu səbəbdən iki ölkə arasında turizm sahəsində investisiyaların yatırılması və əməkdaşlıq imkanları sərfəlidir, bu sahədə yenə də araşdırmalar davam etdirilir.  

- Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları nazirinin - Mahmud Vaezinin dəvəti ilə İrana səfər edib. Bildiyimiz kimi, iyulun 29-da nazir Şahin Mustafayev sizinlə səfər öncəsi görüş keçirib. Bu görüşün detalları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu səfəri İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı baxımından necə qiymətləndirmək olar?

- Cənab nazirlə görüşümüzdə səfər hazırlıqlarını müzakirə etdik. Ş.Mustafayevin fikirlərini öyrəndim, görüşün daha uğurlu keçməsinə çalışdıq. İranla “Altılıq” ölkələri arasında əldə edilən razılıqdan sonar bəzi Qərb ölkələrinin iqtisadi nümayəndə heyətləri İrana səfər etməkdədir. Azərbaycan da razılığın əldə edilməsindən sonra İrana səfər edən ikinci böyük (Almaniyadan sonra) nümayəndə heyətidir. Biz çox şadıq ki, Azərbaycan baş verən proseslərə çox operativ reaksiya verir.

Qeyd edim ki, Almaniya kanslerinin birinci müavininin başçılığı ilə təqribən 100 nəfərə yaxın nümayəndə heyəti İrana səfər etmişdi. Bu görüşlərdə Azərbaycanla-İran arasında informasiya texnologiyaları, neft-qaz, elektrik enerjisinin alqı-satqısı, eləcə də elektrik enerjisi istehsal edən stansiyaların tikilməsi üçün birgə sərmayələrin yatırılması, Azərbaycandan polad ixracı, turizm, Astara-Rəşt-Qəzvin istiqamətində dəmir yolu xəttinin çəkilməsi məsələləri müzakirə edilib.

Onu da əlavə edim ki, iki ölkə arasında müştərək komissiyanın növbəti iclasının bu ilin ikinci yarısında Tehranda keçirilməsi nəzərdə tutulur. Nazirin görüşündə bu iclasın detalları da müzakirə olunub.

Cənab səfir, qeyd etdiniz ki, Almaniya böyük bir iqtisadi nümayəndə heyəti ilə İrana səfər etdi. Bilmək olarmı Almaniya ilə İran arasında baş tutan görüşdə hansı razılaşma əldə edildi?

Almaniya ilə mədən, neft-qaz sahəsində əməkdaşlıq, investisiyaların yatırılması, ticarət dövriyyəsinin həcminin artırılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Təbii ki, gələcəkdə biz bunun nəticəsini görəcəyik.

Yəqin sizin üçün də sirr deyil ki, hazırda bütün dünyanın diqqəti İranın bazara neft çıxartması ilə bağlıdır. Analitiklər birmənalı şəkildə İranın bazara neft çıxartması ilə qiymətlərin kəskin azalacağını bildirirlər. Lakin İran bir neft ixracatçısı kimi neftin yüksək qiymətlərində maraqlı olmalıdır - bu baxımdan bilmək istərdik, İran üçün neftin qiymətinin ən aşağı həddi hansıdır? İran neftin qiymətinin hansı səviyyəyədək düşməsinə hazırdır?

- Təbii ki, İran da neft ixrac edən ölkələrdən biridir. Neftin qiyməti nə qədər yüksək olsa, bu bizim xeyrimizədir. İran özünün bazardakı rolunu artırmaq üçün istəyir ki, istehsalı və ixracı artırsın. Bu səbəbdən də neft sahəsində investisiyaların yatırılmasına ehtiyac var. Bu da aydındır ki, sanksiyaların ləğvindən sonra, İran neft-qaz sahəsində investisiyaların qoyulmasına tətbiq olunan sanksiya ləğv olunacaq.

Nəticədə İranın da istehsalı artacaq və bu ölkənin OPEK-dəki payı da təbii ki, artacaq. Bütün bunlar isə neftin qiymətində bir sabitlik yaradacaq. Əslində qiymətdə olan sabitlik də bütün neft ixrac edən ölkələrin xeyrinədir. Neftin qiymətinin sabit olmaması və aşağı-yuxarı qalxması neft ixrac edən ölkələrdə iqtisadi proqramlaşdırmada çətinliklər yaradır. Bu səbəbdən də neftin qiymətinin sabit olması yaxşıdır.

Neftin qiymətində sabitliyin baş verəcəyindən danışdınız. Bu sabitlik hansı aralıqda ola bilər?

Müxtəlif ölkələrin istehsal həcmi artdıqca, neftin qiymətində də ucuzlaşma baş verir. Elədir, neftin qiymətinin ucuzlaşma ehtimalı var, amma bu ucuzlaşmada təkcə İran faktoru rol oynamır. Belə ki, Yaxın Şərqdə baş verən proseslər, Səudiyyə Ərəbistanının Yəmənə hücumu - bu məsələlərin də neftin qiymətinə təsiri qaçılmazdır. Məsələn, İraq neftinin bir hissəsi bu ölkə tərəfindən satılmır. Ona görə də, neftin qiymətinin aşağı və ya yuxarı olmasında təkcə İran faktoru rol oynamır.

İran üçün neftin qiymətinin ən aşağı həddi hansıdır?

Qeyd etdiyim kimi, bu məsələləri qabaqcadan proqnoz etmək mümkün deyil. İran da bu məsələlərdə dünyada gedən proseslərə tabedir. Neftin qiymətinin yuxarı və ya aşağı olmasından daha çox onun sabit olması önəmlidir.

- Sanksiyaların ləğvindən sonra İran ölkə iqtisadiyyatının canlandırılması üçün bəzi addımlar atır. Məsələn, İranın Keyhan qəzeti ölkənin yeddi dövlətin vətəndaşları üçün səfər vizasını ləğv etdiyi, daha 60 dövlətlə bağlı oxşar addımın atılacağı barədə xəbər yazmışdı. Düzdür, sonradan bu xəbər elə İranın Azərbaycandakı səfirliyi tərəfindən təkzib olundu. Bununla belə, İranın turizmin inkişafı üçün belə bir addım atacağını gözləmək olarmı?

- Turizmin inkişafı üçün əsas məsələlərdən biri də vizanın ləğvidir. Biz bəzi ölkələrin vətəndaşları üçün viza rejimini ləğv etmişik. Eləcə də, turizmin inkişafı üçün yüksək keyfiyyətli internet xidmətlərinin olması da vacib amillərdən biridir. Biz bu sahədə də ölkəmizdə çoxlu işlər görmüşük. Düzdür, İranda çoxlu otellər var, lakin hazırda bu İrana səfər edən turistləri yerləşdirmək üçün kifayət etmir.

Bu səbəbdən də hazırda İranın müxtəlif ölkələr ilə apardığı danışıqlarda otel tikintisi sahəsində investisiya yatırımları məsələsi də müzakirə olunur. Turistlərin müxtəlif ölkələrə səfər etməsi üçün orda əmin-amanlığın, sabitliyin olması da vacib şərtdir. İran bu sahədə də böyük işlər görüb və bütün turistlərin təhlükəsizliyini təmin etməyə qadirdir. Biz proqnozlaşdırırıq ki, gələcəkdə İrana səfər edən turistlərin sayında artım olacaq.

Qərb analitikləri bildirir ki, sanksiyaların ləğvindən sonra İranın banklarda dondurulan 100 milyard dolları qaytarıla bilər. İran bu vəsaitləri hansı istiqamətdə istifadə etmək niyyətindədir?

Qeyd edək ki, analitiklər bildirir ki, İran bu pulu xalqının sosial rifahının yaxşılaşdırılmasına xərcləyəcək. Lakin digər tərəfdən son illər sanksiyalarla əlaqədar xarici əlaqələrdən məhrum olmuş iqtisadiyyatı modernləşdirməyə də ehtiyacı var.

Bildiyiniz kimi İranın 75 milyon əhalisi var. İran bu pulları müxtəlif böyük layihələrə sərf edə bilər. Burada müxtəlif zavod və fabriklər tikilə bilər. Müxtəlif sahələrdə - neft-qaz, dağ-mədən sahəsində investisiyalar yatırıla bilər. Bununla iş yerlərinin sayı arta bilər. Nəticədə də bütün bu işlər insanların sosial rifahına birbaşa təsir edəcək.

- Bildiyiniz kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq TAP, TANAP layihələrinin reallaşması istiqamətində fəaliyyət göstərir. Qərbin İrana qarşı sanksiyaların aradan qaldırılmasından, Qərb İran arasında əldə edilən razılaşmadan sonra İranın bu layihəyə qoşulması, İran qazının TAP və TANAP ilə Avropaya ixracı imkanlarını necə qiymətləndirirsiniz?

Neft və qaz layihələrində iştirak etmək İranın da proqramlarından biridir. İran da bu layihələrdə iştirak etmək istəyir. Hazırda İranın da TAP VƏ TANAP layihələrində iştirakı araşdırılır və bu sahədə nəticə əldə edilsə, məlumat veriləcək.

- Bir müddət əvvəl müsahibələrinizin birində İranla Azərbaycan arasında müştərək bankın yaradılması məsələsini diqqətə çatdırmışdınız. Bu bankın yaradılması ölkələrimizin iqtisadi əlaqələrinin daha da yaxşılaşmasına təkan verəcəyini və qarşılıqlı sərmayə qoyuluşuna böyük kömək göstərəcəyini də əlavə etmişdiniz. Bu təklif nə vaxt reallaşacaq? İran və ya Azərbaycan tərəfi bu təklifin reallaşması üçün hansı addımları atır?

Bu təbii ki, iqtisadi əməkdaşlıqlar, bank sektorunda əməkdaşlığın olmaması şəraitində mümkün deyil. Şahin Mustafayevin İrana səfərində Mərkəzi Bankın nümayəndələri də iştirak edib. İlk əvvəl iki ölkənin Mərkəzi Bankları arasında ilkin, sabit münasibətlər qurulmalıdır. Bundan sonra, iki ölkə arasında müştərək bankın təsisi haqqında danışmaq olar.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivlərini necə qiymətləndirərdiniz?

- Tranzit xəttlərinin çoxluğu həmin ölkələrin iqtisadi inkişafına səbəb olur. Düşünürəm ki, bu dəmir yolu xəttinin bütün region ölkələri arasında iqtisadi əməkdaşlığın artmasına müsbət təsiri olacaq.

Cənab səfir, Qərb və İran arasında uzun illər davam edən bu qarşıdurma bütün dünyanın diqqətində idi. Sonda əldə edilən razılaşmadan sonra dünya mətbuatında bu cür təzyiqə davam gətirmiş İrana qarşı böyük rəğbət hissi duyulmaqdadır. Bəzi mətbu orqanlar bu “soyuq müharibədən” İranın qalib çıxdığını iddia edirlər.

Bəs sizin fikrinizcə - bir səfir yox, bir İran vətəndaşı, bir iranlı kimi – İranın sanksiya təzyiqindən qalib çıxmasının sirrini nədə görürsünüz? Çoxları sanksiyaların İran iqtisadiyyatını çökdürəcəyini, İranda daxili sosial qarşıdurmaların baş verəcəyini proqnozlaşdırırdı, lakin bildiyimiz kimi bunların heç biri baş vermədi.

İrana qarşı tətbiq olunan bu sanksiyalar qeyri-zəruri və saxta əsaslarla tətbiq olunmuşdu.

Qərblilər iddia edirdilər ki, İran guya nüvə silahını əldə etmək istəyir. Lakin onların bizə qarşı etdiyi ittihamlar Atom Enerjisinə nəzarət edən Beynəlxalq Agentlik tərəfindən heç bir zaman təsdiqlənmədi. Bu zamana qədər adıçəkilən agentlik İranda çoxlu sayda yoxlamalar aparıb. Onların heç bir texniki yoxlamalarında siz belə bir sözə, belə bir məlumata rast gəlməzsiniz ki, İran nüvə silahı əldə etmək istəyir.

Əslində bu sanksiyalar texniki deyil, siyasi cəhətdən də qeyri-qanuni şəkildə bizə qarşı tətbiq olunmuşdu. Digər tərəfdən, ali dini rəhbərimiz Ayətulla Xamneyi elan edib ki, nüvə silahını əldə etmək haramdır. Biz əslində dini cəhətdən də belə bir işi görə bilmərik. Yəni, bu, bizə haramdır. Bu səbəbdən də bizə qarşı tətbiq olunan bu sanksiyalara heç bir zərurət yox idi.

İran xalqı müqavimət göstərən xalqdır. Həm də güclü iqtisadiyyata malikdir. Düzdür, bu sanksiyaların bizim iqtisadiyyatımıza müəyyən təsirləri olub. Lakin bu sanksiyalar nəticəsində bizim iqtisadiyyatımız çökmədi, yəni bir o qədər də təsir göstərmədi. Bu hadisələrin üstündən 10 il keçdikdən sonra, qərblilər artıq öz səhvlərini başa düşdülər. Hazırda bu səhvlərini düzəltmək fikrindədirlər.

Biz arzu edirik ki, gələcəkdə bu kimi hadisələr heç bir digər ölkənin başına gəlməsin. Biz inanırıq ki, təzyiq və sanksiyalar müstəqil siyasət yürüdən və müqavimət göstərən xalqın qarşısını ala bilməz.

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gifÜlviyyə R. Əli
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri