16 
Dek
2013
15:15
140
12
8083
Virtual karabakh

Fərid Mansurov: Erməni üzərində qələbənin dadı başqa olur – FOTO

16 Dek, 2013
15:15
8083

Fərid Mansurov: Erməni üzərində qələbənin dadı başqa olur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əslində həkim olmağı çox istəyirdim”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının dördüncü qonağı ikiqat Dünya və Olimpiya çempionu Fərid Mansurovdur.

- İkiqat Dünya və Olimpiya çempionu, 2002-ci ildə “Tərəqqi” medalı, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülən Fərid Mansurov. Məncə, artıq Fərid Mansurov özünü bu adlarla sübut edib, amma gəlin keçək başa, yəni bu adlara layiq görülməzdən əvvəlki Mansurov ailəsinin Fəridinə.

- Mən Gürcüstanda anadan olmuşam, orda böyümüşəm sonra Bakıya gəlmişik. Atam mühəndis, anam isə evdar xanımdı. Deyərdim ki, güləşi sevən bir ailədə böyümüşəm. Əvvəlki Fərid necədirsə elə indi də eləyəm. Sadə və səmimiyəm.Yəni ki, mən idmançı olandan sonra məni şan-şöhrət, tanınmaq dəyişdirmədi. Düzdü, çox adam deyir ola bilməz insan dəyişməsin. Mən kasıbla da, varlı ilə də və s. vəzifəsindən asılı olmayaraq insanlarla eyni rəftar edirəm, eyni yanaşıram, amma hər kəslə də səmimi deyiləm.

- Güləşməyi uşaqlıqdan sevirsən və ilk rəqibin də qardaşın olub. Güləşlə bərabər taekvondoyla da məşğul idin. Güləş niyə özünə çəkdi apardı səni?

- İdmanı çox sevirəm, hələ uşaqlıqdan atam bizi qardaşımla güləşdirərdi. Bizə kim qonaq gəlirdisə o uşaqlarla həmişə güləşirdik. Evdə güləş ab-havası olurdu həmişə. Güləşlə bərabər taekvondoyla da məşğul idim. Üstəlik də dərslərimi yaxşı oxuyurdum, amma bunlar hamısı bir yerdə adamı yorurdu. Bir dəfə anamla atam məni yazı stolunda, elə yazı yazan yerdə yatdığımı gördülər və ondan sonra bir idman növünü seçməmi istədilər. Mən təbii ki, güləşi seçdim həm də güləşdə nailiyyətim vardı. Ona görə də güləşə üstünlük verdim.

- Çox döyüşlərin olub təbii ki, amma bildiyimə görə həmişə bir idmançıdan ehtiyat eləmisən. Bildiyimə görə türk güləşçisidir. (Şərəf Eloğlu). Səncə indi hansınız güclüsüz?

- Deməzdim çəkinirəm, amma güclü rəqibdi. Əslində hansısa nailiyyəti olan idmançı zənnimcə, zəif sayılmır. O idmançı məni 3 dəfə udmuşdu amma gəldik mən onu olimpiadada uddum . Ümumiyyətlə, rəqibindisə deməli güclüdü. Rəqibə hər zaman hörmət etmək lazımdı. İkimiz də güclüyük deyərdim, çünki olimpiadada zəif idmançı olmur.

- Erməniylə neçə dəfə döyüşün olub? Susan Qambaryan orda da hiylə işlətmədi ki?

- Çox olub. Hər yarışa çıxanda psixoloji olaraq özünü hazırlamalısan. Ermənilərlə güləşəndə üzlərindən bilinir ki, hiylədi başdan ayağa, amma o ki qalib gəlirsən, özəlliklə də erməniyə onda o qələbənin dadı başqa olur. Əslində hər bir idmançı hiylə işlədə bilər. Hər idmançının özünəməxsus hiylələri olur.

- Onda belə çıxır ki, sən də hiylə işlətmisən?

- Yox, deməzdim. Çünki mən öz gücümlə güləşməyə üstünlük vermişəm həmişə.

- Səni niyə doktor Mansurov yox, güləş ustası Mansurov kimi gördük? İnsan sevdiyi, istədiyi sənətin, peşənin dalıyca gedir. İdman üstün gəldi?

- Əslində həkim olmağı çox istəyirdim. İnanırdım ki, yaxşı həkim olaram. Amma qismətimdə güləş varmış, bəlkə də atamın istəyini yerinə yetirmiş oldum, çünki həmişə istəyirdi ki, güləşdə olum. Heç də peşman deyiləm. Yaxşı ki, güləşdəyəm .

- İdman Fərid üçün nədir? Bir cümləylə ifadə elə.

- İdman mənim üçün həyatımın ayrılmaz hissəsidir.

- 7. 2010-cu ildəki döyüşün ağır olub deyəsən? Tələbələrinə baxanda heç döyüşməyə həvəsin gəlir?

- Bəli, ağır oldu. Elə karyerama da son qoydum. Əslində davam edə bilərdim, amma zədələr ağır olduğundan məsləhət görüldü ki, ayrılım. Amma davamlı məşqlərimi yenə də edirəm. 17-20 yaşların müəllimiyəm və onlarla bərabər məşq edirəm, bildiklərimi öyrədirəm. Bir idmançı tamamilə idmandan, məşqdən ayrıla bilməz. Bir neçə gün məşq etməyəndə özümü boşluqda hiss edirəm. Ona görə də çalışıram davamlı məşqlərim olsun.

- Bundan sonra Avropa çempionu kimi güləşə bilərsən? Düzdü, sənin nailiyyətlərinin yanında Avropa çempionu kiçik qalar, amma ürəyində qalmasın deyə.

- İnanırsız, ən çox istədiyim bir şey idi Avropa çempionu olum. Çünki buna gücüm də, potensialım da var. Dünya olimpiya çempionu olmuşam, amma Avropa yox. Adətən, bir idmançı Avropa dünya çempionatı üçün hazırlaşır, amma mən həmişə dünya çempionu olmaq üçün güləşirdim və alındı da. Yəqin qismətimdə Avropa çempionu olmaq yox imiş.

- Bir idmançı, bir güləşçi üçün vergidə işləmək çətin gəlmir ki?

- Deməzdim çətin olur. İnsan işini bilirsə, deməli ona heç bir iş çətin gələ bilməz. Çalışıram ki, işimi düzgün yerinə yetirim. Əslində idmanla bərabər çox iş etmək olar, ancaq normal şəkildə.

- Nəyə görə peşman olmusan indiyənə kimi?

- Əlbəttə, Avropa çempionu olmadığıma görə bəlkə də həmişə peşman olaraq qalacam. (gülür)

- Sonuncu dəfə hansı kitabı oxumusan?

- Daha çox dedektiv əsərlər mənə maraqlı gəlir. Kitaba marağım çoxdu, maraqlı kitabları oxuyuram. Çalışıram kitab çox oxuyum, çünki insana hər zaman mütaliə lazımdı. İşindən və vəzifəsindən asılı olmayaraq kitab insanı mükəmməlləşdirir. Aqata Kristinin yeni bir kitabını almışam artıq başlayacam onu oxuyum.

- Kimləsə döşəkdə yox məhlədə kənarda güləşmisən?

- Uşaq vaxtı olub ki, məhlədə dava olsun dava edim. Güləşim kiminsə davası olurdu, hamımız yığışıb gedərdik. Amma bir idmançıya, bir güləşçiyə qolunun gücünü məhlədə kənarda göstərməyi yaraşdırmıram. İdmançı yarışda güləşməlidi, döyüşməlidi.

- Mansurov ailəsində yenidən güləşçi görə bilərikmi? Məsələn, oğlunu?

- Hər şey ola bilər. İstəsək görərik, amma istəyirəm oğlum akrobatikayla,  gimnastikayla məşğul olsun, ən azı elmlə məşğul olsun. Ən əsası da cəmiyyət üçün savadlı, gərəkli biri olsun.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri