30 
İyn
2017
17:04
259
44
5035
Virtual karabakh

Lapşindən etiraf: İşğal altındakı ərazilərə səfər etmişəm – YENİLƏNİB

30 İyn, 2017
17:04
5035

Lapşindən etiraf: İşğal altındakı ərazilərə səfər etmişəm – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşin özünü təqsirli bilməyib. Sərbəst ifadə verməkdən imtina edən A.Lapşin sualları cavablandırıb. Lapşin iki dəfə işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini bildirib.

Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin bildirib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisinə turist kimi səfər edib: “Bloger olmuşam. Səfərə çəkilən xərcləri özüm ödəmişəm. Həmin ərazilərin Azərbaycana aid olduğunu internetdən oxumuşam. Ondan sonra bildim ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. BMT-nin qərarları barədə məlumatım olmayıb. İnternetdə Dağlıq Qarabağı ayrıca ölkə kimi yazmamışam, coğrafi ərazi kimi qeyd etmişəm. Suriya, Abxaziya, Osetiya, Qətər və digər ölkələrdə də olmuşam. Dağlıq Qarabağa gedəndə Azərbaycan tərəfə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə hotellərdə qalmışam. Otellərin adı yadımda deyil”.

A.Lapşin bildirib ki, onu Dağlıq Qarabağda qarasaçlı şəxs müşayiət edib. O, orada olarkən Ermənistanın rəhbər şəxslərindən heç kimlə görüşmədiyini deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda olan zaman məqalələr yazıb və internet vasitəsilə onları yayımlayıb. Məqalədə Dağlıq Qarabağda yaşayanların acınacaqlı vəziyyətindən bəhs edib: “Mənim hər iki xalqa hörmətim var. İnternetdə yerləşdirilən videosujetləri özüm də çəkmişəm, həmçinin başqalarının da çəkdiyi videolarda düşmüşəm”.

Hakim A.Lapşinə irad tutub. Bildirib ki, o, dövlət ittihamçısının suallarına ironiya ilə yanaşır. Dövlət ittihamçısı bu ziddiyyətləri araşdırır.

Dövlət ittihamçısı A.Lapşindən “Facebook” sosial şəbəkəsində dostluğundakı ermənilər barədə soruşub. O isə bildirib ki, ermənilər ona dostluq göndərib və o da dostluğu qəbul edib.

Prosesdə şahid qismində dindirilən Dağlıq Qarabağdan olan məcburi köçkünlər Könül Hüseynova, Rasim Hacıyev, Mərhəmət Abdullazadə ifadə veriblər. Onlar A.Lapşinin adını internetdən oxuduqlarını bildirib və onun barəsində qanun çərçivəsində tədbir görülməsini istəyiblər.

Proses iyulun 3-də davam etdiriləcək.

A.H.
www.oxu.az

***

16:11

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın  APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını oxuyub. İttiham aktına münasibət bildirən A. Lapşin özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib və sualları cavablandırıb. Daha sonra iclasda şahidlər ifadə veriblər.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

A.H.
www.oxu.az

***

14:26

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə baxışına başlanıb.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. 

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri