Avq
2017
18:44
159
148
6892
Virtual karabakh

Prezident İlham Əliyev Qax rayonuna səfər edib – YENİLƏNİB

3 Avq, 2017
18:44
6892

Prezident İlham Əliyev Qax rayonuna səfər edib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, yarımstansiya barədə dövlət başçısına məlumat verən “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirib ki, “Azərışıq” tərəfindən regionlarda yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.

Dövlət başçısı həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri ötən ay başa çatdırılıb.

 

17:30

Azərbaycan  Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib.

Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərə dəstək baxımından regionlarda həyata keçirilən bu cür layihələr bir daha əminlik yaradır ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir və onun gələcəyi parlaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir.

17:28

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verilib. Bildirilib ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Qeyd olunub ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb.

Bu il fındıq bağlarından bol məhsul gözlənilir. Avqustun sonlarından başlayaraq bir ay ərzində məhsulun yığımı həyata keçiriləcək. Bununla da qeyri-neft sektorunun inkişafını qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər sayəsində bu sahədə ciddi nailiyyətlər əldə olunur. Fındıqçılığın inkişafının stimullaşdırılması da bu qəbildəndir. Ümumiyyətlə, fındıq istehsalı ölkəmizdə kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycandan 25 ölkəyə 100 milyon dollardan çox məbləğdə fındıq ixrac olunub. Bu sahədə təbii ki, dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin də böyük rolu var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edilən çoxsaylı biznes forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak edən milli istehsalçılar yeni dəstək mexanizmlərindən istifadə edərək bu sahədə ciddi irəliləyişə nail olublar. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına milyonlarla manat güzəştli kreditlər verilib, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılıb. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının və ixracının daha da artırılmasına geniş imkanlar açıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri