12 
Yan
2018
11:10
42
76
3105
Virtual karabakh

Politoloq: Türkiyə Suriya üsyançılarını ram edə bilər – MÜSAHİBƏ

2018-ci ilin ilk günləri Suriyada vəziyyətin kəskinləşməsi ilə müşayiət olundu.

Xüsusilə Rusiyanın Suriyadakı “Hmeymim” bazasına, həmçinin hökumətyönümlü silahlı birləşmələrin İdlibə hücumunu qeyd etmək olar. Suriyada baş verənlər və Rusiyanın Suriyadan çıxmaq qərarının nə dərəcədə erkən olub-olmadığı barədə Oxu.Az-a verdiyi müsahibədə İslam Araşdırmaları Mərkəzinin və İnnovativ İnkişaf İnstitutunun rəhbəri, rusiyalı politoloq Kiril Semyonov danışıb.

– 2018-ci il Suriyada qaynar hadisələrlə başladı. Söhbət ilk növbədə Rusiyanın Suriyadakı “Hmeymim” bazasına edilən hücumdan gedir. Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Mən “Hmeymim”ə edilən hücumu heç də ən mühüm hadisə hesab etmirəm. Bundan daha vacib hadisələr İdlibin cənub-şərqində baş verir. İki ay ərzində ləng və böyük itkilərlə irəliləyən Əsəd rejimi qüvvələri üçün birdən-birə inanılmaz şəkildə cəbhə açıldı, Əbu-Duhur bazasına doğru faktiki olaraq heç bir müqavimətə rast gəlmədən irəliləməyə başladılar. Bu cür hallar Suriya müxalifətini, ələlxüsus, Ceyş-əl-İslam lideri Məhəmməd Əlluşu həmin zolağın müdafiəsinə cavabdeh olan qüvvələrə başçılıq edən Həyat Təhrir əş-Şamı rejimi ilə əlbir olmaqda və həmin bölgəni faktiki olaraq Əsəd qüvvələrinə təhvil verməkdə ittiham etməyə məcbur qoydu.

Bundan savayı, Şərqi Quta bölgəsində yerləşən Hərəstə rayonunda qanın su yerinə axdığı şiddətli döyüşlər davam edir. Həmin ərazidə Əsədə sadiq Respublika qvardiyası böyük itkilər verib; bu itkilər zabit heyətinə aiddir. Belə ki, cəmi bir neçə gün ərzində orada Əsəd ordusunun beş general və polkovniki həyatını  itirib. “Hmeymim”də yaşanan hadisələrə gəlincə, burada bir çox hallar onların Əsəd və Xomeyniyə sadiq qruplaşmalar tərəfindən təşkil olunmuş təxribat olduğuna işarə edir. 31 dekabrdakı hücum faktını və pilotsuz təyyarəyə edilən hücumu da bura aid etmək olar.

Aydındır məsələdir ki, həm birinci, həm də ikinci aksiya rejim qüvvələrinin nəzarətində olan ərazilərdən həyata keçirilib, onların icraçıları isə həm bu hücumlara maneəsiz şəkildə hazırlaşıb, həm də izsiz-tozsuz yoxa çıxmağı bacarıb. Çox güman ki, onlara yerli qüvvələr vasitəçilik edib.

Hətta konkret icraçının da adı hallanıb: İmam Murtadın yerli şiə yaraqlılarından ibarət təşkilatı. Azad ələvilərdən ibarət hansısa hərəkata gəlincə, bu, sadəcə, “oxun ucunu” nə döyüş fəaliyyəti, nə də üsyançılarla əlaqələri barədə heç bir məlumat olmayan müəyyən struktura istiqamətləndirmək cəhdidir. Məsələ ondadır ki, üsyançıların heç bir birləşməsi məsuliyyəti öz üzərinə götürməyib. Halbuki rejimlə əməkdaşlıq etməsilə bağlı iddialar fonunda Cəbhət-ən-Nüsrə qruplaşması üçün belə bir addım aktual ola bilərdi.

İranyönümlü və Əsədyönümlü qruplaşmaların motivləri ruslarla hər hansı mövcud daxili münaqişədən tutmuş, Hərəstdə Respublika qvardiyasının üzləşdiyi böyük itkilər fonunda Rusiya qruplaşmasının öz hərbi fəaliyyətini yenidən işə salmağa məcbur etmək cəhdlərinə kimi müxtəlif ola bilər. Belə ki, öldürülmüş zabitlərin çoxu nüfuzlu BƏƏS məmurları və ələvilərin ailələrindən çıxmış hərbi qulluqçular olub.

– Sizcə, Rusiya qoşunlarını Suriyadan çıxarmaq qərarında tələsməyib ki?

– Rusiyaya aid qoşunların çıxarılmasına gəlincə, bu xəbərlər yalnız bir neçə mücərrəd bəyanatlardan qulağıma çatıb. Vəziyyət tam olaraq mənim üçün aydın deyil.  

Hansısa qüvvələrin çıxarılmasını onların rotasiya əsasında yeni şəxsi heyətlə əvəzlənməsi kimi də başa düşmək olar. Konkret rəqəmlər mənə məlum olmadığı üçün bu məsələni müzakirə etmək istəməzdim.

– 2018-ci ildə Suriyada hadisələr necə inkişaf edəcək? Sizcə, Astana və Cenevrə prosesləri davam edəcək, yoxsa müharibə?  

– Şahidi olmuşuq ki, Cenevrə və Astana prosesləri və təhlükəsiz zonaların yaradılması heç də  irimiqyaslı döyüş əməliyyatlarının qarşısını almır. Sözümün canı odur ki, “ya, ya da” deməzdim. Həm İdlib, həm də Şərqi Qutada döyüş əməliyyatları davam etdiriləcək, yeni cəbhələrin meydana gəlməsi mümkündür; buna misal kimi, Qələmun və ya Rəstanı göstərmək olar. Ən azından, Şərqi Quta ilə bağlı problemi həll edə bilmədiyindən rejim əsas gücü bu istiqamətlərə yönəldə bilər.

Türkiyənin təzyiqi altında İdlibdə bir çox ərazilərin rejimə təhvil verilməsinə baxmayaraq, orada üsyançıların tam təslim olacağı gözlənilmir. Bunu daha çox Türkiyənin “Fərat qalxanı” əməliyyatında iştirak edən qüvvələrin timsalında onları “ram etməsi” və Suriya Milli Ordusuna inteqrasiyası kimi qələmə vermək olar. O qüvvələr ki, gələcəkdə, potensialını gücləndirdikdən sonra yenidən rejimə qarşı bu və ya digər əməliyyatlara qoşula bilər.

Biz artıq Ərdoğanın yürütdüyü siyasətdə kəskin dəyişikliyin şahidi olmuşuq və bunun gələcəkdə baş verəcəyini istisna etmək olmaz; üsyançıların Türkiyənin himayəsində çıxacağı da istisna deyil. Biz bunu müəyyən dərəcədə bu gün də müşahidə edirik, müxalifətin Soçi konfransında iştirak etməkdən imtina etməsi bunun bariz nümunələrindəndir.

Həmçinin, istisna edilmir ki, məhz silahlı müxalifət arasında düşən ixtilafla əlaqədar İdlibin cənub-şərqindəki əraziləri təslim etmək üçün Cəbhət-ən- Nüsrənin xidmətlərinə müraciət  etmək məcburiyyətində qalıblar.

Beləcə, bu il Cəbhət-ən-Nüsrə qruplaşmasının növbəti re-brendinqinin baş verəcəyi, onun “Xilasetmə hökumətinin” silahlı qüvvələri qismində hansısa “Xilasetmə Ordusu” adlı bir yeni struktura çevriləcəyi gözləniləndir. O struktur ki, nəticə etibarilə artıq yeni və Nüsrə ilə heç bir əlaqəsi olmayan təşkilat kimi tanınacaq və beləcə, radikal qanadı tərk etdikdən sonra tam olaraq leqallaşdırılacaq.

Habelə, əks proses – Cəbhət-ən-Nüsrənin Əl-Qaidə ilə birləşməsi də reallaşa bilər. Ancaq bu, daha çox xarici oyunçuların növbəti re-brendinqi nə dərəcədə tanımaq istəməsindən asılı olacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri