16 
Yan
2018
14:00
136
30
9101
Virtual karabakh

Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı kimlərə “cani” dedi?

16 Yan, 2018
14:00
9101

Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı kimlərə “cani” dedi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarixə qanlı hərflərlə yazılmış milli qürur günümüz olan 1990-cı il 20 Yanvar hadisələrinin 28-ci ildönümünə cəmi dörd gün qalır.

Çox təəssüflər olsun ki, bu hadisənin üstündən 28 il keçməsinə baxmayaraq, keçmiş - ilk və sonuncu SSRİ prezidenti Mixail Qorbaçov başda olmaqla, 20 Yanvar faciəsinin təşkilatçıları, əmr verənləri və icraçıları  bu qanlı əməllərinə görə hələ də ədalət məhkəməsi qarşısında əyləşməyib, haqq etdikləri cəzalarını almayıblar. Lakin hadisələrin elə ilk saatlarında, ilk günlərində Azərbaycanın böyük oğulları, mütərəqqi ziyalıları tərəfindən Qorbaçov başda olmaqla, keçmiş SSRİ rəhbərliyini, belə demək mümkünsə, mənəvi cəhətdən mühakimə edən və haqq divanında əyləşdirənlər az olmayıb. Bunların sırasında isə Azərbaycanın istiqlal mücahidləri, sabiq millət vəkilləri - Xalq şairi, mərhum  Bəxtiyat Vahabzadə və Xalq yazıçısı, mərhum İsmayı Şıxlı ən öndə gəlir.

Qeyd edək ki, o zaman hər tərəfdən blokadaya, o cümlədən, informasiya blokadasına alınan Azərbaycanın haqq səsini “Azadlıq” radiosu ilə dünyaya çatdıran B. Vahabzadə  SSRİ-nin və Azərbaycanın o vaxtkı rəhbərliyini kəskin şəkildə ittiham edərək, partiya sıralarından çıxdığını və hadisələrə qiymət vermək üçün Azərbaycan SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının keçirilməsini tələb etmiş və buna da nail olmuşdu. O, eyni zamanda, həyatını böyük təhlükə altına qoyaraq, 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq,  yüksək çinli bir rus hərbçisinin üzünə nümayişkaranə şəkildə tüpürmüşdü. 

Düzdür, həmin vaxtlar B. Vahabzadənin Bakının hərbi komendantı olan general Dubinyakın üzünə tüpürdüyü deyilsə də, soradan həmin şəxsin Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikov olduğu üzə çıxdı. Bu haqda isə həmin olayın canlı şahidi, həmin vaxt AzTV-də işləyən tanınmış yazıçı-publisist Firuz Mustafa məlumat verib. O qeyd edir ki, 20 Yanvar hadisələrinə görə B. Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi:

“Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. İndi onu açıqlamaq istəyirəm ki, general Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədi? Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün” AzTV-dəki “kabinetinə” yığdı. O, artıq Bəxtiyar Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi:

“Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, “aksakkaldır”, hörmət sahibidir”. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm”.

F. Mustafanın bildirdiyinə görə, general oradakı qonşularının bir qisminin də azərbaycanlılar olduğunu söyləyib:

“Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz mühafizəçimə işarə etsəydim, sizin, lap elə bizim bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. (General bunu da əlavə etməyi unutmadı: “Yəqin ki, bilirsiz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub”. Mən nə qatiləm, nə də cani…”

Xalq yazıçısı İ. Şıxlı isə 20 Yanvar hadisələrindən cəmi bir neçə gün sonra, 1990-cı il yanvar ayının 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışında bunları deyir:

“Mən Böyük Vətən Müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır. Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycan xalqı öz torpağını qoruyur. Lakin iki ildir onun dincliyi əlindən alınmışdır. “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər Katalikos Vazgenin, xarici daşnakların, Moskvaya toplaşan partbiletli millətçi ermənilərin başçılığı və Qorbaçovun himayədarlığı ilə milli qırğın törədirlər. Ermənistanda muzdlu qoşun saxlanılır. Livandan, İsraildən və başqa yerlərdən erməni terrorçuları gətirilib, həmin başkəsənlər raketlər, minamyotlar və başqa müasir silahlarla silahlandırılır. Dağlıq Qarabağda və Azərbaycanın başqa regionlarında qırğınlar törədilir. 250 minə yaxın azərbaycanlı didərgin düşüb, Qorbaçov narahat olmur. Tacikistanda zəlzələ olur, vecinə almır, Çernobıl faciəsi baş verir, tükü tərpənmir, amma bir erməninin burnu qanayanda “mnoqostradalnıy armyanskiy narod”, – deyə göz yaşı axıdır. Heç bilmək istəmir ki, onlar “mnoqostradalnıy armyanskiy narod” yox, “mnoqoskandalnıy armyanskiy narod”dur, Qorbaçov isə onların əlində oyuncaqdır”.

İ. Şıxlı çıxışında sərt şəkildə deyir ki, Qorbaçov şahnazarovların, aqanbeqyanların, zori balayanların, qdılyanların, sitaryanların dediyi ilə oturub-durur:

“Belə olmasa idi, o, Dağlıq Qarabağda və Ermənistanda sovet hökumətini bərpa etmək əvəzinə Bakıya qoşun yeritməzdi. Yoldaşlar, Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanmış hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanmışdır. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakının üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu, xalis genosid deyil, bəs nədir? Əsgər paltarlarında ermənilərin – başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal adı verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”. Moskva mətbuatı və başqa kütləvi informasiya vasitələri yenə də yalan danışır. Bakı işğalçıları da cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur. Ölənlərin sayını səksəndən yuxarı çıxarmırlar. Mənim əlimdə şəkillər var. Semaşko xəstəxanasındakı ölüxanada çəkilib. Qollarında nömrələri var. “312”, “332”. Bu, təkcə bir xəstəxanada, bir gündə ölənlərdir. İndi özünüz hesablayın, görün nə qədər adam qırılıb?! Bakıya qəsd edən generallar ölüləri gizlətməklə, gəmilərə doldurub Narginə və başqa yerlərə aparmaqla ikinci cinayət törədirlər. Gözüyaşlı valideynlərə, ölülərin ruhuna hörmətsizlik edirlər. Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!

Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında qərar çıxarıldı ki, konstitusiyaya zidd olan, Qorbaçovun özbaşınalığı və diktatorluğu nəticəsində elan edilən fövqəladə vəziyyət dərhal götürülsün. Amma mərkəzi hökumət susur, sakitlik yaratmaq əvəzinə günün-günorta çağı dənizdə silahsız barjlara, paromlara, gəmilərə hərbi qayıqlardan, toplardan atəş açılır. Əhsən belə əməliyyat aparan admiralların başına!

Cənab Primakov, yanvar ayının 17-də, Azərbaycanın ağsaqqal ziyalılarından bir qrupu sizin yanınıza gəldik. Əvvəlcə, siz bizi çox nazla qəbul etdiniz. Özünüzü canişin Vorontsov-Daşkov kimi apardınız, kommunist kimi yox. Bizi dinləmək əvəzinə, özünüzü çox yekəxana və laqeyd göstərib nağıl danışmağa başladınız. Buna dözməyən Bəxtiyar Vahabzadə sözünüzü ağzınızda qoydu. Biz – Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Şeyxülislam Allahşükür Paşazadə, Nurəddin Rzayev sizdən tələb etdik ki, qırğın törətməyin, günahsız qan axıtmayın, vecinizə almadınız. Moskvadakı qaçqın ermənilərin halından söhbət açdınız. Çünki siz də Qorbaçov kimi ermənilərin əlində oyuncaqsınız! Siz ölkəni idarə edən siyasi xadimlər yox, siyasi meyitlərsiniz! Ona görə ki, öz ağlınız, öz iradənizlə işləmirsiniz. Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma papası xeyir-dua söyləyir və siz – Qorbaçov dəstəsi – onların göstərişlərini danışıqsız yerinə yetirirsiniz. Çünki siz milli və siyasi əqidəsinə xəyanət edən adamlarsınız! Hanı sizin vətəndaşlıq qürurunuz? Hanı sizin kommunist qürurunuz? Hanı sovet insanlarının qüruru? Onları siz ayaqlar altına saldınız! Siz Rusiyanı, sosialist dünyasını içəridən dağıdan simasızlarsınız!”

Çıxışını daha da sərtləşdirən İ. Şıxlı deyir ki, Sov.İKP artıq öz simasını itirib:

“Don Kixot yel dəyirmanları ilə vuruşduğu kimi, o da öz xalqı ilə vuruşur. Artıq ona xalqın etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar. Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm, Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə Kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm…”

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri