25 
Yan
2018
14:10
127
16
4027
Virtual karabakh

Ekspert: Münasibətlər yaxşılaşmasa, Türkiyə nə itirəcək ki?!

25 Yan, 2018
14:10
4027

Ekspert: Münasibətlər yaxşılaşmasa, Türkiyə nə itirəcək ki?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 24-də AŞPA qış sessiyasında çıxışında sonra erməni-türk münasibətlərinin normallaşması ilə bağlı sualına cavabında Ermənistan xalqı üçün Türkiyəyə bir tərəfli güzəştlərə getməyin təhqirə bərabər olduğunu bildirib. O, Ankaranın İrəvanla güc mövqeyindən danışmağa haqqı olmadığını vurğulayıb.

Sarkisyan 2009-cu ildə Sürixdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması ilə bağlı imzalanmış sənədləri xatırladaraq, Türkiyəni razılaşmanı pozmaqda ittiham edib.

Bu razılaşmalar üzrə götürdüyü öhdəliklərə yerinə yetirməyəcəyi təqdirdə, Ankaranın nələri itirə biləcəyi barədə sualı Oxu.Az-a verdiyi müsahibədə Türkiyənin təhlükəsizlik üzrə eksperti Engin Özer cavablandırıb.

– Ermənistan prezidenti Sürix protokolları haqqında danışarkən Türkiyəni bu razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu barədə nə deyə bilərsiniz?

– Sürix protokolları 2009-cu ildə, ovaxtkı Türkiyə prezidenti Abdullah Gülün təşəbbüsü ilə imzalanıb. Bu təşəbbüsə görə ikitərəfli münasibətlər yaxşılaşmalı, Türkiyə və Ermənistan arasında sərhədlə bağlı bütün məsələlər həllini tapmalı idi.

Ermənistanın məhz indi bu protokollara diqqət çəkməsinə səbəb Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları, Qətərdə şəxsi heyətin 3 min əsgərə qədər artırılması və Türkiyənin başqa bir dövlətə çevrilməsi, Ermənistanın isə bundan narahat olduğunu göstərən bir çox başqa faktorlardır.

“Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları onu göstərdi ki, Türkiyə ordusu fərqli oyun qaydaları ilə hərəkətə keçə bilir. Hal-hazırda Türkiyə ilə Qərb arasında münasibətlər gərgindir, ona görə də Ermənistan Qərbə öz “dəyərini” göstərməyə çalışır. Maraqlıdır ki, Afrində tutulan terrorçular arasında Ermənistan vətəndaşları da var.

Hazırda Türkiyənin təhlükəsizlik doktrinasının dəyişməkdə olduğuna şahidlik edirik, bundan sonra Türkiyəni təhdid edən istənilən terrorçu qruplaşmalar məhv ediləcək. ABŞ-ın kürdləri dəstəkləməsi Rusiya və Türkiyə münasibətlərinin daha da yaxşılaşmasına vasitəçilik edir, bu isə Ermənistan rəhbərliyinin ürəyincə deyil.

Ona görə Sarkisyan Qərblə münasibətlərin yaxşılaşmasına nail olmağa çalışacaq. Dağlıq Qarabağ münaqişəsini daim aktuallaşdıraraq, Rusiyanın diqqətini cəlb etmək üçün paralel olaraq Türkiyəni ittiham edəcək.

– Türkiyə üçün Sürix protokollarının ratifikasiyası nə dərəcədə gözləniləndir?

– Bu sualı başqa şəkildə qoyardım: Münasibətlər yaxşılaşmasa, Türkiyə bundan nə itirəcək?

İllərdir ki, bu məsələdə durğunluq yaşanır, lakin bu, təkcə Ermənistanın ziyanınadır. Mövcud vəziyyət 100 il də davam edə bilər, bundan Türkiyə heç nə itirməyəcək.

“Qonşularla sıfır problem” siyasəti, belə deyək, Türkiyənin bu xeyirxah doktrinası ona gətirib-çıxardı ki, Türkiyə ərazisinə Suriyadan çox sayda terrorçu daxil oldu. “Ermənistana qapıları açmaq” siyasəti isə Ermənistanın kürd terrorçuları dəstəkləməsi ilə nəticələndi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcavüzkar və güzəştsiz mövqeyini qoruyub-saxlayan Ermənistan hökuməti ilə bu razılaşmanın gerçəkləşdirilməsi ehtimalı qalmayıb.

Əgər bu sənədlərdən qalib ayrılan tərəf Türkiyə deyilsə, onları niyə ratifikasiya etsin axı?! Ermənistan Qarabağla bağlı ərazi iddialarından əl çəkmir.

– Sənədlər nə məqsədlə imzalanmışdı?

– Sürix protokolları mehriban qonşuluq və təhlükəsizlik siyasəti çərçivəsində imzalanıb. Eyni zamanda, Ermənistanla münasibətləri yaxşılaşdırmağı tələb edən Avropa İttifaqı ilə Ankara arasında münasibətləri möhkəmləndirmək məqsədi daşıyıb. Ancaq Ankara Brüssellə münasibətləri yenidən nəzərdən keçirdiyindən bu sənədlər artıq Türkiyə üçün maraqlı deyil və onu heç kim fikrindən daşınmağa vadar edə bilməz. Nəticə etibarilə, Ermənistanla Türkiyə arasında olan münasibətlər 2009-cu ilin əvvəlində olan vəziyyətinə qaytarıla bilər.

Afrində saxlanılan terrorçular arasında olan Ermənistan vətəndaşlarının kimliyinin müəyyənləşməsindən sonra bu haqda rəsmi bəyanat veriləcək. Bu informasiya təsdiqini tapsa, Türkiyə ilə Ermənistan münasibətlərində böhran yaşanacaq. Türkiyə Ermənistanın bu siyasətinə səssiz qalan deyil.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri