19 
Fev
2018
18:40
169
78
1841
Virtual karabakh

Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

19 Fev, 2018
18:40
1841

Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 2017-ci il avqustun 8-də imzalanan Anlaşma Memorandumu əsasında yaradılan birgə işçi qrupun birinci iclası keçirilib.

Bu barədə Oxu.Az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. 

İclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı qeyd edilib ki, iki ölkənin dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və məhsuldar əməkdaşlığın inkişafına təkan verir.

Eyni zamanda, iclas iştirakçıları ötən ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar.

İclasda Anlaşma Memorandumunun məqsədlərinə nail olmaq üçün iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf perspektivləri müzakirə olunub və bu cür əməkdaşlığın Azərbaycanın və Türkmənistanın iqtisadiyyatına böyük töhfə verəcəyi qeyd edilib.

Tərəflər həmçinin Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələləri müzakirə etdilər.

İki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacaq gələcək razılaşmaların əldə olunması üçün Xəzər dənizində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olunub. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri