16 
Apr
2018
15:05
26
151
959
Virtual karabakh

Amaşov: Bir çox təşkilatlara Azərbaycanla bağlı yalnız təhqir lazımdır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda daha əvvəl keçirilmiş seçkilərlə bağlı rəyləri indikindən fərqlənmirdi. Az qala eyni preambula, eyni davamlılıq, eyni ton, eyni ittihamlar. Yalnız bir-iki cümlənin fərqli quruluşu. Bəs indi fərqlilik nədədir?

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov yaydığı bəyanatında səsləndirib.

O qeyd edib ki, Azərbaycan fərqlidir: illər keçdikcə daha fərqli - əmin və qətiyyətli olur. 

Onun dediyinə görə, ölkəmizə münasibətdə həyata keçirilən siyasət, istifadə olunan metodlar və vasitələr də tam fərqli xarakter alır. 

“Meydana söyüşçülər çıxarılır, ən yaramaz, əxlaqsız ifadələr dövriyyəyə buraxılır.

Bu metod daxildə təfriqə, qarşıdurma, inamsızlıq yaratmaq, dövlətə, dövlətçiliyə sadiq insanları ləkələmək, onların fəaliyyətinə münasibətdə tərəddüd toxumu səpmək motivləri ilə davamını tapır.

Azərbaycandan cibinə jurnalist vəsiqəsi qoyub getmiş potensial cinayətkar mahiyyətli birinə Fransada atəş açılır.

Hadisənin jurnalistika üzərinə təqdimat tərzinin özü ölkəmizə yönəlik şantaj və böhtana köklənir. Bu dolaşıq labirintdə açılım nöqtəsi aprelin 11-də yaşanır.

Xalq öz seçimini edir. Bəli, xalq öz seçimini edir və əslində, elə bundan başlamaq lazım idi.

Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öz start nöqtəsi var. Sən demə, başqa prezidentliyə namizədlər hazırda vəzifədə olan prezidentə qarşı əks-mövqe nümayişindən, onu tənqid etməkdən çəkiniblərmiş.

Yəni belə bir cümləni yazacaq qədər qeyri-ciddilik var!

Görəsən, digər namizədlərin hazırkı dövlət başçısını tənqid etməməsi nə vaxtdan hesabata salınacaq fikir sayılır?

Namizədlər prezident İlham Əliyevi tənqid etməyiblərsə, bundan hansısa beynəlxalq təşkilata nə? Deməli, tənqid etsəydilər, ATƏT hesabatında bunu vurğulamalı idi?

Vurğulayardımı? Məncə, yox!

Ona görə yox ki, prezidentin tənqidə məruz qalmasında prinsipcə təəccüblənəcək nəsə yoxdur.

O səbəbdən ki, nəinki ATƏT-ə, ümumən bir çox beynəlxalq təşkilatlara Azərbaycanla bağlı yalnız təhqir, böhtan və qərəz lazımdır. Heç tənqid də gərəkli deyil…

Bilməmişik, namizədlər hazırda vəzifədə olan namizədə od püskürməli imiş. Ancaq bunu etməyiblər.

ATƏT təmsilçiləri, görəsən, nəyə görə səbəbi namizədlərin özündən soruşacaq və cavabları diqqətə çatdıracaq qədər obyektiv olmur?

Nəhayət, namizədlərə efir verilmişdi. Özü də iqtidar namizədi ilə eyni. Hər hansı ayrıseçkilik olmamışdı. Hansısa namizəd tənqid səsləndirməyibsə, bu, həmin şəxsin öz baxışı deyilmi?

Digər tərəfdən, namizədlərin çıxışlarında hökumətin fəaliyyətinin tənqidi də az yer almayıb.

Görünür, ATƏT-ə bunu müşahidə etmək lazım olmayıb...”, -deyə AMŞ sədrinin bəyanatında sonra qeyd olunur.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri