16 
Apr
2018
17:28
38
106
974
Virtual karabakh

Asim Mollazadə: Səfirliklərimiz yenidən formalaşmalıdır

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin aprelin 16-da keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, layihədə əvvəlki oxunuşda bəzi təkliflər nəzərə alınıb və texniki yeniliklər edilib.

O, qeyd edib ki, ikinci oxunuşdan sonra layihə üzərində aparılan təkmilləşdirmə işi sənəddə bəzi məqamları daha da dəqiqləşdirib: 

“Oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib.

Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq”.

Qeyd edək ki, 5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və sair məsələlər yer alıb.

“İnformasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

Bunu isə iclasda çıxışı zamanı komitə üzvü Asim Mollazadə deyib. 

Deputat bildirib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: 

“Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. 

Deputat qeyd edib ki, informasiya məkanını başqalarının öhdəsinə buraxmamalıyıq.

Komitənin digər üzvü Şəmsəddin Hacıyev öz növbəsində 11 aprel seçkilərindən danışıb:

“Aprelin 11-də keçirilən prezident seçkiləri, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutub.

Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.

Bu seçkilərdə xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanıb”. 

Deputat bildirib ki, Azərbaycan xalqı İ. Əliyevin hər zaman yanındadır və onun apardığı siyasəti daim dəstəkləyir: 

“Bu dəstək özünü bir daha seçkilərdə biruzə verdi. Və xalqımız İlham Əliyevi növbəti 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçdi.

Hesab edirəm ki, İlham Əliyev gələcəkdəki seçkilərdə də, hətta, iki dəfə ar-arda 14 il müddətinə prezident seçiləcək”.

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

www.oxu.az

Digər Siyasət xəbərləri