İyl
2018
17:09
563
49
9813
Virtual karabakh

Millət vəkili: Günahkar “Azərenerji”dir

3 İyl, 2018
17:09
9813

Millət vəkili: Günahkar “Azərenerji”dir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektrik qurğularında qəzanın baş verməsi təbii haldır. Texniki sistemlər xarab ola, sıradan çıxa bilər. Amma bir qəzanın baş verməsinə görə uzun müddət bütün ölkənin işıqsız qalması qəbulolunmazdır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, ölkə başçısı hər bir müşavirədə ölkənin elektrik, enerji gücünün artırılması ilə əlaqədar tapşırıqlar verir, maliyyə ayırır, yeni elektrik stansiyaları tikilir, tələbatdan artıq elektrik enerjisi istehsal və ixrac edirik:

“Lakin Mingeçevirdə baş verən bir qəza bütün sistemi söndürür. Belə hal başadüşülən deyil. Buradan belə nəticə çıxarmaq olar ki, ölkəmizdə istehsal olunan enerjinin paylanma sistemi düzgün qurulmayıb və ya elektrik enerjisinin paylanmasının idarəetməsində nöqsanlar var.

Ölkə müharibə vəziyyətindədir, həm də yayda - anomal istilərin baş verdiyi bir vaxta elektrikin olmamasına görə şəhərdə binalara suyun verilməsində böyük fasilələr yaranmamalıdır. Hər bir sahədə ehtiyat generasiya qurğuları olmalıdır ki, hər hansı bir qəza baş verəndə onlar işə düşsün və problem qısa bir zamanda aradan qalxsın.

Qəza baş verib, problem yaranan kimi ölkə başçısı nöqsanın aradan qaldırılmasını nəzarətə götürür. Bu, onu deməyə imkan verir ki, cənab prezdent ölkə vətəndaşlarını düşünür və yaranmış problemə görə narahatdır.

Düşünürəm ki, qəzanın nəticələri qısa zamanda aradan qaldırılacaq. Amma bu işlə əlaqədar şəxslər baş vermiş problemdən nəticə çıxarmalı və ehtiyat tədbirlər görməli, belə fövqəladə hallar təkrar olunarsa, dərhal qarşısı alınmalıdır. 

Əgər hamı öz işinə normal yanaşsa, vəzifə borcunu tələblər çərçivəsində yerinə yetirsə, belə hallar təkrar baş verməyəcək”.

Millət vəkili Fəzail Ağamalı isə açıqlamasında bildirib ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır.

Millət vəkilinin dediyinə görə, hadisənin obyektiv səbəblərdən və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir:

“Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək.

Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir.

Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir.

Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Deputat bildirib ki, baş verən qəza ilə bağlı “Azərişiq” ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır. Amma istehsalçı qurum olan “Azərenerji” ASC  günahkardır:

“Azərişıq” Mingəçevirdə baş vermiş qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki “Azərişıq” istehlakçıdır.

Bu məsələyə “Azərenerji” ASC cavabdehdir. “Azərenerji” elektrik enerjisini istehsal edib “Azərişıq”a verir. “Azərişiq” da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də “Azərişıq”ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır. 

Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı “Azərenerji”dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması bəlli olmalıdır. Heç şübhəsiz ki, ölkə ərazisində istilər var. İstilərin olması mümkündür ki, elektrik enerjisinin istifadəsində müəyyən gərginlik yaradıb.

Ancaq mən düşünmürəm ki, bu, qışdakından çox olsun. Güman etmirəm ki, Mingəçevirdə baş vermiş partlayış elektrik enerjisindən istifadənin hədsiz dərəcədə yüksəlməsi ilə bağlıdır. Düzdür, mən mütəxəssis deyiləm. Ancaq güman edirəm ki, kəskin istilər hadisənin baş verməsinə əsas olmalı deyil. Orada digər texniki məsələlər və başqa amillər ola bilər.

Hesab edirəm ki, hadisə bizim peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra tam aydınlığını tapacaq”.

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də baş vermiş qəza nəticəsində ölkənin enerji təminatında yaranmış problemlərdən narahatlığını ifadə edib:

“Təbii ki, belə hallar, hadisələr, gözlənilməz, ekstremal, əvvəlcədən proqnozlaşdırılmayan situasiyalar dünyanın hər bir yerində baş verir, yaşanır. Yəni, tək bizim ölkədə belə bir hadisə yaşanmır, bu, hər yerdə olur və ola bilər.

Burada ajiotaj, hay-küy yaratmağa, haqlı-haqsız iradlar səsləndirməyə ehtiyac yoxdur. Ölkə, insanlar, cəmiyyət varsa, orada problemlər olur və qaçılmazdır. 

Amma bununla belə, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz. Bunlar da qəbuledilən deyil. Xüsusilə, aidiyyəti qurumlar, məsul şəxslər bu məsələdə son dərəcədə diqqətli, ehtiyatlı olmalıdırlar. Ani boşluq, ehtiyatsızlıq ciddi problemlərə səbəb ola bilər.

Onlar bunu mütləq nəzərə, diqqətə almalıdırlar. Eyni zamanda, onu da deyim ki, son illər Azərbaycanın enerji, energetika sektorunda böyük inkişaf, irəliləyişlər, müsbət tendensiyalar baş verməkdədir. 

Bu sahədə əldə edilən müsbət nəticələri görməmək və qiymətləndirməmək də ədalətli olmazdı. Hər şey ədalətdən başlayır və bizlər də hər bir hadisəyə məhz ədalətin gözü ilə baxmalı, qiymət verməliyik.

Ancaq son hadisə onu göstərdi ki, deməli, ortada hələ həllini gözləyən məsələlər var və onlar mütləq şəkildə öz çözümünü tapmalıdır. İnanıram ki, belə də olacaq. Bunun üçün böyük imkanlar, potensial var.

Son hadisə bir daha onu göstərdi və sübut etdi ki, bu dövlətin, bu cəmiyyətin taleyi etibarlı əllərdədir. Ölkə prezidenti hər zaman olduğu kimi, yenə də öz xalqı ilə bir yerdədir və hər bir məsələyə də hər kəsdən tez reaksiya verir. Bunun özü çox önəmli bir məsələdir. 

Bir daha onu qeyd etmək və əmin olduğumu bildirmək istəyirəm ki, bu, son olacaq, bir də belə bir qəza yaşanmayacaq, təkrarlanmayacaq, insanlarımız nigaran qalmayacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri