13 
İyl
2018
14:41
306
88
4267
Virtual karabakh

Brüssel səfəri hər mənada Azərbaycanın zəfəri oldu - RƏYLƏR

13 İyl, 2018
14:41
4267

Brüssel səfəri hər mənada Azərbaycanın zəfəri oldu - RƏYLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.

Bu fikri Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, səfər zamanı prezidentin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

“Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.

Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir.

Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır.

Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir”.

Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir:

“Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin.

Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.

Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər.

Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir”.

Millət vəkili, politoloq Sahib Alıyev də prezidentin Brüssel səfərini, onun nəticələrini müsbət qiymətləndirib.

O, qeyd edib ki, bu səfər həm Azərbaycanı istəməyən daxili və xarici qüvvələrə, həm də işğalçı Ermənistana böyük zərbə sayıla bilər.

“NATO sammitində torpaq bütövlüyümüzün dəstəklənməsi, Avropa Birliyi ilə imzalanan strateji sənəddə bu qurumun da eyni mövqe sərgiləməsi onu göstərdi ki, kimsə Azərbaycanı öz yolundan döndərə, zülmətə qərq edə bilməyəcək.

Əmin-amanlığımıza qarşı yönələn cəhdlərin qarşısını qətiyyətlə alan güc strukturlarımızı alqışlayır, dövlətimin düşmənlərinə nifrətimi bildirir, onlara qulluq edənləri lənətləyirəm!”-deyə, S. Alıyev sözlərinə əlavə edib.

Digər həmkarları kimi millət vəkili Eldəniz Səlimov da hesab edir ki, ölkə prezidentin Brüsselə səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər, Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi böyük tarixi hadisə və uğurdur.

Millət vəkili bildirib ki, səfər ərəfəsində Azərbaycanda bəzi narahatlıq doğuran məsələlər, gərginliklər yaşandı, amma ölkə prezidenti Brüsselə səfər etməklə və NATO-nun tədbirinə qatılmaqla bir daha bəyan etmiş oldu ki, Azərbaycan güclü dövlətdir, onu hansısa cəhdlərlə, məkrli planlarla yolundan döndərmək mümkün deyil, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var və bu birliyin pozulmasına yönələn bütün cəhdlər də iflasa məhkumdur.

E.Səlimovun fikrincə, bu səfər və onun nəticələri Azərbaycanın və dövlət başçısının düşmənlərimiz, bədxahlarımız üzərində növbəti zəfəri, daha bir parlaq mənəvi qələbəsi oldu.

Millət vəkili eyni zamanda deyib ki, səfər, orada keçirilən görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, bu yöndə müsbət mesajların verilməsi, nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin də ədalətli həllinə öz müsbət töhfəsini verə bilər:

“Bu münaqişə artıq öz ədalətli həllini tapmalıdır. Artıq bütün oyunlara, yalançı vədlərə, ikili standartlara son qoyulmalıdır.

Sözdən əməli işə keçilməli, Ermənistanın işğaldan çəkindirilməsinə, yerində oturdulmasına, etdiklərinə görə, cavab verməsinə və cəzalandırılmasına, haqq-ədalətin tam bərqərar olunmasına nail olunmalıdır.

Azərbycanın, dövlər rəhbərinin bu məsələdə güzəştsiz mövqeyi də oratadır və bu mövqedədən də bir addım olsun, geri çəkilməyəyəcək. Ona görə də artıq beynəlxalq qurumlar, beynəlxalq güclər, vasitəçilər öz məsuliyyətlərini dərk etməli, sözdən hərəkətə keçməlidirlər”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri