19 
İyl
2018
15:58
82
30
4322
Virtual karabakh

Əli Məsimli: Yeni situasiya Rəqabət Məcəlləsinin qəbulunu tələb edir

19 İyl, 2018
15:58
4322

Əli Məsimli: Yeni situasiya Rəqabət Məcəlləsinin qəbulunu tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar iqtisadiyyatı inhisarçılıqla rəqabətin sintezindən ibarət olsa da, dünyada elə ölkə yoxdur ki, rəqabət üçün şərait yaratmadan yüksək səviyyədə hərtərəfli inkişaf edə bilsin.

Çünki inhisarçılar öz mövqelərindən sui-istifadə edərək, yolverilməz vasitə və üsullardan yararlanaraq, yüksək mənfəət götürmək məqsədilə ayrı-ayrı fəaliyyət sahələrini, məhsul növlərinin idxal-ixracını və bazarların xeyli hissəsini nəzarətə alıb, azad rəqabəti boğmaqla inkişafımızın tormozlayıcı amilinə çevriliblər.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Əli Məsimli Azərbaycanda Rəqabət Agentliyinin yaradılmasına və bunun uzun illərdən bəri qəbulu düyünə düşən Rəqabət Məcəlləsinin müsbət həllinə təsir göstərib-göstərməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

O qeyd edib ki, son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın tam aradan qaldırıldığını deməyə əsas vermir. 

Onun sözlərinə görə, inhisarçılar rəqabəti boğmaqla həm də iqtisadiyyatın şaxələnməsinə və səmərəliliyinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin artmasına mənfi təsir göstərirlər. 

Ə. Məsimlinin fikrincə, dövlətin antiinhisar siyasəti çoxşaxəli və uzunmüddətli bir proses olduğundan, antiinhisar və rəqabətə meydanvermə siyasəti müasir tələblərə cavab verən qanunvericilik aktları ilə möhkəmləndirilməlidir:

“Ona görə də biz Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini, işlək mexanizm hazırlanıb həyata keçirilməsini Azərbaycanda inhisarçılığın sındırılmasının və rəqabətin inkişafının mühüm şərti hesab edirik. 

Məlum olduğu kimi, Rəqabət Məcəlləsi 2006-cı ildə Milli Məclisə təqdim olunub, iki oxunuşdan keçsə də, 12-ci ildir ki, bu qanun qəbul olunmur.

Nəticədə Azərbaycanda hələ də bazar iqtisadiyyatının üç fundamental prinsipinin effektiv kombinasiyasına nail olmaq mümkün olmayıb: azad sahibkarlığa, azad rəqabətə və ədalətli azad qiymətlərə...

Azərbaycan hökumətinin bazar iqtisadiyyatının həmin üç fundamental prinsipinin effektiv kombinasiyasına nail olmaması mənfiliklərə, ölkə iqtisadiyyatına, onun səmərəlilik göstəricilərinə, iqtisadiyyatın şaxələndirilməsinin səviyyəsinə və sürətinə, kiçik və orta sahibkarlığın potensial imkanlar səviyyəsində inkişafına mənfi təsir göstərir.

Ona görə də 12 ildir ki, biz deputat həmkarım Vahid Əhmədovla birlikdə Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi məsələsini israrla qaldırırıq.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə 2017-2020-ci illər arasında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi də öz əksini tapıb.

Məlumdur ki, əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun gücləndirilməsi sahəsində bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb, Rəqabət Agentliyinin yaradılması haqqında prezidentin fərman layihəsi hazırlanıb.

Əgər həmin ideya gerçəkləşəcəksə, Rəqabət Agentliyinin səmərəli fəliyyət göstərməsi üçün  digər şərtlərlə yanaşı,həm də fəaliyyət dairəsinə dair müasir tələblərə cavab verən və işlək mexanizmə malik hüquqi baza olmalıdır.

Bu baxımdan, yeni Rəqabət Məcəlləsi qəbul edilmədən Rəqabət Agentliyi normal fəaliyyət göstərə bilməz. 

Deməli, bütün bu deyilənlər bir daha göstərir və yeni situasiya obyektiv şəkildə tələb edir ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilsin”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri