20 
İyl
2018
10:58
204
42
3000
Virtual karabakh

Fransa Qarabağ münaqişəsini ədalətli həll etməyə borcludur - RƏY

20 İyl, 2018
10:58
3000

Fransa Qarabağ münaqişəsini ədalətli həll etməyə borcludur - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə prezidenti cənab İlham Əliyevin prezident Emmanuel Makronun dəvəti ilə Fransaya növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərinin çox yüksək səviyyədə olduğunun göstəricisidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan-Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və başqa sahələr üzrə yüksək səviyyədə inkişaf edir.

“Bakıda fransız liseyinin və Fransa-Azərbaycan Universitetinin açılması iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb.

Bir neçə gün əvvəl İtaliya prezidentinin Bakıya səfəri, dünən axşam isə cənab prezidentin Fransaya səfəri, ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Avropa ittifaqına daha da yaxılaşdırır.

Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevrilir. Bunlar Azərbaycanın dünyada ən etibarlı tərəfdaş olmasının, ən güvənli müttəfiq kimi qəbul edilməsinin göstəricisidir”, - deyə millət vəkili əlavə edib.

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi, ölkə prezidentinin uğurlu və parlaq Brüssel səfərindən sonra Avropanın və dünyanın supergüclərindən sayılan iki ölkəsinin rəhbərləri ilə görüşünü tarixi hadisə adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan ölkə prezidentinin son dərəcədə müdrik və balanslaşdırılmış siyasəti, xarici siyasi kursu nəticəsində diplomatik cəbhədə uğurlar əldə edir, uğurlarının üzərinə hər gün yenilərini əlavə edir.

“Bir neçə gün əvvəl ölkə prezidentinin uğurlu və tarixə qızıl hərflərlə düşəcək Brüssel səfəri baş tutdu. Prezident həmin səfəri, orada əldə etdiyi uğurları ilə həm daxili, həm də xarici anti-Azərbaycan qüvvələrinə daha bir ölümcül zərbə vurdu, hər kəsə həddini bildirdi.

Açıq şəkildə nümayiş etdirdi ki, güclü, qüdrətli, stabil Azərbaycan və onun əsl lideri var. Heç kim və heç nə ona mane ola, Azərbaycanı öz müstəqillik və inkişaf relsindən bir daha çıxara bilməz.

Bu səfərin mürəkkəbi qurumamış, Azərbaycan prezidenti İtaliyanın dövlət rəhbərini qəbul etdi, onunla yüksək səviyyəli görüşlər keçirdi, faydalı və səmərəli müzakirələr apardı, hər iki ölkə üçün mühüm sənədlərə imza atıldı, Sumqayıtda tikilib istifadəyə verilən nəhəng zavodun birgə açılışı reallaşdırıldı.

Ən əsası, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-ə sədrlik edən İtaliyanın bir daha bu məsələdə qəti və ədalətli mövqeyinin nümayişinə nail olundu. Yəni, bu, onu göstərir və deməyə əsas verir ki, Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlərin əldə edilməsi uzaqda deyil.

Azərbaycan öz diplomatik uğurları ilə bu münaqişəni öz xeyrinə və ədalətli şəkildə həll etməyə çox yaxındır.

Dünən ölkə prezidentinin ATƏT-in həmsədr ölkələrindən olan Fransaya rəsmi və işgüzar səfəri başlandı. Çox qısa zaman kəsiyində ölkə başçısının son dərəcə mühüm və əhəmiyyətli görüşləri oldu.

Qeyd edək ki, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllində Fransanın da üzərinə böyük məsuliyyət düşür.

Onlar ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ilə məşğul olan digər iki həmsədr dövlət -Rusiya və ABŞ qədər bu münaqişənin həllinə birbaşa cavabdehlik daşıyırlar.

Çünki illərdir bu üç ölkə vasitəçilik missiyasını üzrərinə götürüb və demək olar ki, başqa dövlətləri bu missiyaya yaxın buraxmırlar.

Odur ki, Fransa da daxil olmaqla, bu üç dövlətdən Qarabağ münaqişəsinin ədalətli həllini gözləmək və tələb etmək bizim haqqımızdır.

Artıq bu dövlətlər öz maraqlarını bir kənara qoyub, Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət töhfələrini verməlidirlər, buna borcludurlar.

Bu baxımdan, hesab edirəm ki, ölkə prezidentinin Fransaya səfəri gedişatında bu məsələyə bir daha toxunulacaq və nəhayət, Fransanın bu posesdə ədalətli mövqe sərgiləməsinə nail olunacaq”, - deyə  E. Səlimov bildirib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri