Avq
2018
17:36
24
192
14888
Virtual karabakh

Paşinyan niyə Nazarbayevə təcili zəng etdi? - ŞƏRH

8 Avq, 2018
17:36
14888

Paşinyan niyə Nazarbayevə təcili zəng etdi? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Telefon söhbətinin təşəbbüskarı Paşinyan olub. Bunu Qazaxıstan prezidentinin saytı da xüsusi olaraq vurğulayıb.

Oxu.Az xəbər verir ki, azərbaycanlı politoloq Elxan Şahinoğlunun fikrincə, telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olunub. 

“Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin. Görünür, əsas məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır.

Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar”, - müsahibimiz qeyd edib. 

O əlavə edib ki, reallıq isə fərqlidir. 

“Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sarqsyanın üzünə oxumuşdu”, - Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, Nazarbayevin mövqeyində dəyişən bir şey yoxdur. 

“Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək. Yəqin, Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub. Paşinyanın bu məsələni Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskva təşkilata arxa bağçası kimi baxır. 

Paşinyanın Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın qəti etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək”, - ekspert qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri