Sen
2018
22:32
782
149
19005
Virtual karabakh

İlham Əliyevin Xorvatiyaya səfəri başa çatıb - YENİLƏNİB

6 Sen, 2018
22:32
19005

İlham Əliyevin Xorvatiyaya səfəri başa çatıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 6-da Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri sentyabrın 6-da başa çatıb.

18.59

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, parlament sədri Qordan Yandrokoviç Prezident İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinin uğurlu keçdiyi, səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığı qeyd edilib. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. 

Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində xüsusi rolunun olduğu bildirilib.

Azərbaycanın Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olunub, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan ilə Xorvatiya arasında nəqliyyat, əczaçılıq, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edildi, dostluq qruplarının bu işə mühüm töhfə verə biləcəyi bildirildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18:46

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti dövlət iqamətgahının fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri birgə işçi nahar ediblər.

14:39

Sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoyub, Xorvatiya uğurunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib.

14:08

Sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

14:02

Sentyabrın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıblar.

12:59

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az-ın məlumatına görə, görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.

12:51

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12:15

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub. Prezidentlər birgə foto çəkdiriblər.

05.09.2018, 21:26

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gedib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

“Franyo Tucman” aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi Xorvatiya prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri