14 
Sen
2018
13:38
412
20
3720
Virtual karabakh

Komitə sədri: Türkiyə və Gürcüstan Azərbaycanı dəstəkləyir

14 Sen, 2018
13:38
3720

Komitə sədri: Türkiyə və Gürcüstan Azərbaycanı dəstəkləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı sentyabrın 14-də ilk iclası keçirilib.

Oxu.Az-ın xəbərinə görə, iclasda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin sərhəd komissarlarının fəaliyyəti haqqında” sazişlərin təsdiq edilməsini nəzərdə tutan qanun layihələri müzakirə olunub.

Komitə sədri Səməd Seyidov hər iki sazişin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, qeyd edib ki, bu gün Azərbaycan Ordusu regionun və dünyanın ən güclü ordularındandır:

“Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, ordumuz hər gün daha da güclənir. İndi isə Azərbaycan qardaş Türkiyə və dost, qonşu Gürcüstanla müdafiə məsələləri sahəsində əməkdaşlığı genişləndirir.

Bu sazişlər məhz əməkdaşlığın gücləndirilməsi, genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır. Güclü orduya malik olan Azərbaycanı Türkiyə və Gürcüstan da dəstəkləyir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Komitə sədri Türkiyə ilə münasibətlərə daha böyük və daha fərqli münasibət nümayiş etdirilməsinin vacibliyini dilə gətirib:

“Çünki bu iki qardaş ölkənin xalqları dil, din, kök etibarilə bir-birilərinə sıx bağlıdırlar. Eyni dili, dini, adət-ənənələri bölüşürlər. Ona görə də Türkiyə-Azərbaycan münasibətləri daim fərqli nəzərdə tutulmalıdır, o, başqaları ilə qarışdırılmamalıdır. Biz Türkiyə ilə əlaqələri, əməkdaşlığı daha da artırmalı və gücləndirməliyik”.

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin sərhəd komissarlarının  fəaliyyəti haqqında” Sazişə toxunan millət vəkili Nəsib Məhməliyev isə adıçəkilən məsələ ilə bağlı bəzi məqamların hələ də dəqiqləşdirməyə ehtiyacı olduğunu bildirib. O, sərhəd komissarları məsələsinin daha dəqiq müəyyənləşdirilməsinin vacibliyini dilə gətirib.

Buna cavabında S.Seyidov məlum Sazişdə hər şeyin açıq yazıldığını və bütün məsələlərin həmin Sazişin müddəaları ilə tənzimlənəcəyini bildirib.

Qısa müzakirələrdən sonra hər iki saziş ratifikasiya olunması üçün payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri